Paşinyan: “Qarabağlı deyiləm, deməli Dağlıq Qarabağın adından danışıqlar apara bilmərəm”
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda konstruktiv mövqeyini saxlayacaq, ancaq Dağlıq Qarabağın iştirakı olmadan bu danışıqlar effektiv olmayacaq.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətin proqramının müzakirəsi zamanı deyib.
Virtualaz.org xəbər verir ki, Paşinyan bir daha qondarma “DQR”in danışıqlar prosesində iştirakı məsələsindən danışıb, bildirib ki, bunsuz danışıqlar effektiv olmazdı. Paşinyana görə Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsi yenilik deyil. Bu məsələ 1994-cü ildə ATƏT-in Budapeşt sammitində təsbit olunub.
“1998-ci ildən sonra Ermənistan nümayəndələri Qarabağın da adından danışıqlar apardı. Robert Köçəryan əvvəl Qarabağın “prezidenti” olmuşdu, Serj Sərkisyan isə Qarabağın özünümüdafiəsinin təşkilatçılarından biri olub. Nəticədə bizim necə yanaşmağımızdan asılı olmayaraq onlar danışıqlar aparmaq mandatını əldə edə, yaxud bunu öz adlarına yaza bilərdilər. Lakin mən qətiyyən özümə belə səlahiyyətlər rəva görə bilmərəm. Bunun üçün nə hüquqi, nə mənəvi əsaslarım yoxdur. Dağlıq Qarabağ əhalisi Ermənistanda hakimiyyətin formalaşdırılmasında iştirak etmir. Onun özünün “hökuməti” və “prezidenti” var”-Paşinyan bildirib.
Ermənistan baş nazirinin fikrincə danışıqlarda Qarabağın azərbaycanlı icmasının da iştirak etməli olduğu haqda arqumentlər “əsassızdır”, ona görə ki, həmin azərbaycanlılar Azərbaycan vətəndaşlarıdır. “Deməli Azərbaycan prezidenti İlham Əliyev onların da adından danışıqlar aparır, çünki onlar seçkilərdə iştirak ediblər. Qarabağın sakinləri isə Ermənistan hakimiyyətini seçməyiblər, deməli Ermənistan hakimiyyəti onları təmsil edə bilməz”-Paşinyan əlavə edib.
Baş nazir bəyan edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Minsk Qrupu çərçivəsində danışıqlara hazırdır, amma bu danışıqlar effektiv olmalıdır.
Xatırladaq ki, Nikol Paşinyan baş nazir seçiləndən sonra Dağlıq Qarabağa səfər edərək qondarma rejimin danışıqlarda iştirakı məsələsini qaldırmışdı və bu mövqe Ermənistanın özündə də qızğın polemikaya səbəb olmuşdu. Rəsmi Bakı bu mövqeyi “gülməli və qeyri-ciddi” adlandırıb, danışıqlar prosesini pozmağa yönəldiyini bildirib. İndi isə Paşinyan bu qəribə, siyasi peşəkarlıqdan uzaq bu yanaşmasını daha da inkişaf etdirib və deyir ki, Sərkisyandan, Köçəryandan fərqli olaraq qarabağlı deyil. Deməli Dağlıq Qarabağın adından danışa bilməz. Bu, Paşinyanın Qarabağ məsələsini ümumiyyətlə başından uzaq etmək və bu məsələ ilə məşğul olmayıb onu Qarabağ ermənilərinin ixtiyarına buraxmaq niyyətlərindən də xəbər verə bilər.
Mənbə:> Virtualaz.org