"Öz ərazimizdən götürdükləri daşa görə bizdən xeyli pul alıblar..."
Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun Bakının Bilgəh qəsəbəsində, dəniz sahilində yerləşən iqamətgahının ərazisində yaşıllaşdırma-landşaft işləri üçün 12 milyon avroluq sifariş alan italyan şirkəti “Paghera” ətrafında qalmaqal səngimir. Bu qalmaqal F.Əhmədovun maraqlarını təmsil edən sifarişçi 9 milyon avro vəsaitin ödənilməsinə baxmayaraq işləri keyfiyyətsiz və yarımçıq gördüyünü əsas gətirərək italyan podratçı ilə tərəfdaşlığı dayandırmasından sonra başlayıb. “Paghera” şirkəti isə biznesmendən 3 milyon avro qalıq məbləği, üstəgəl 2 milyon avro təzminat tələb edir. virtualaz.org bu qalmaqalın hər iki tərəfinin mövqeyinə yer verib, habelə bir sıra sənədlər və fotofaktlar əldə edərək paylaşıb.
Xəbər verdiyimiz kimi biznesmenin Bakıdakı qanuni nümayəndəsi, “Paghera” şirkəti ilə müqavilədə sifarişçi tərəf qismində çıxış edən “Baku Caspian Real Estate Limited” MMC şirkətinin icraçı direktoru Nail Şahverdiyev ötən buraxılışlarımızda italyan şirkətinin rəhbəri Massimo Albertinin və onun maraqlarını müdafiə edən vəkil Kamandar Nəsibovun KİV-lərdə irəli sürdüyü iddiaları ətraflı cavablandırıb. İndi isə Şahverdiyev növbəti dəfə redaksiyamıza müraciət edib, “Paghera” şirkətinin maraqlarını müdafiə edən vəkil K.Nəsibovun haqqin.az portalında sentyabrın 19-da dərc edilmiş (Vəkil Kamandar Nəsibov: “Fərhad Əhmədovun Azərbaycana hansı sevgisindən söhbət gedə bilər?” başlıqlı məqalə) açıqlaması ilə bağlı öz mövqeyini çatdırmaq istədiyini bildirib.
“Mən biznesmen Fərhad Əhmədovun hüquqi nümayəndəsi kimi sizin internet-portalda dərc edilmiş, yumşaq desək birmənalı olmayan həmin məqaləyə laqeyd qala bilmərəm və vəkil Kamandar Nəsibovun dediklərinə münasibət bildirmək istəyirəm”-”Baku Caspian Real Estate Limited” MMC-nin direktoru bildirib.
Nail Şahverdiyev
İtalyanların maraqlarını müdafiə edən vəkilin həmin məqalədə yer alan və N.Şahverdiyevin etirazına səbəb olan fikirlərindən biri bundan ibarətdir ki, K.Nəsibov iqamətgahın ərazisində əkilən bitkilərin və ağacların bir hissəsinin qurumasına görə italyanların məsuliyyət daşımadıqlarını deyib. Belə ki, onun dediyinə görə italyanları az qala bir ildir əraziyə buraxmırlar və deməli onlar həmin müddət ərzində bitkilərin qurumasına görə cavabdeh ola bilməzdilər.
-”Paghera” şirkətinin hüquqi nümayəndəsi bildirir ki, həmin bitkilər, ağaclar peşəkar qulluq tələb edir. Hazırda həmin bitkilərə qulluq edənlər isə adi inşaatçılar, fəhlələrdir, bu sahədə ixtisas sahibi deyillər. Habelə vəkil təəcüblənir ki, cənab Fərhad Əhmədov yerli istehsal olan heç bir mal-materialın işlədilməsinə razı olmayıb, onları “keyfiyyətsiz və saxta” sayıb...
-K.Nəsibovun bu dedikləri həqiqətə uyğun deyil. İtalyanların və onların cəlb etdikləri subpodratçıların Bilgəhdəki sahədə gördükləri işləri tərəflər arasında yazışmalar da sübut edir. Bu növbəti yalan onunla bağlıdır ki, italyanlar yerinə yetirilməmiş işlərə və ünvana çatırılmamış mal-materiallara görə onlara ödənilmiş vəsaiti geri ödəməkdən imtina edirlər. Habelə müqavilə üzrə qarantiya öhdəliklərindən yayınmağa çalışırlar.
Bir daha bildirirəm ki, Fərhad Əhmədov heç vaxt yerli istehsal olan mal-materialların keyfiyyətsiz olduğunu deməyib. Fikrimcə bu məsələyə artıq mənim virtualaz.org portalında sentyabrın 20-də dərc edilmiş müsahibədə aydınlıq gətirilib. (http://virtualaz.org/aktual/126132)
-Sizin etirazına səbəb olan daha bir məqam: maraqlıdır ki, qarşı tərəfin nümayəndəsi F.Əhmədovun Azərbaycan istehsalı olan hansısa materialların işlədilməsini qəzəblə qarşıladığını deyir, xatırladır ki, onun özü də istehsalçıdır. Azərbaycanda nar şirələri istehsal edən zavodu var və belə ritorik sual qoyur: belə çıxır ki, həmin zavodun məhsulları da Azərbaycanda istehsal edildiyi üçün keyfiyyətsizdir? O zaman məsələ əslində necə olub və cənab Əhmədovun vətənə sevgisinin bu cür sual altına alınmasına necə yanaşırsınız?
-Fərhad Əhmədov vətəninə sevgisini dəfələrlə sözdə yox, işdə sübut edib. O, Rusiya Federasiya Şurasında senator olduğu dövrdə Azərbaycanın maraqları naminə fəal siyasi fəaliyyət göstərib. Habelə özünün 20 ildən çoxdur ölkəmizdə incəsənətin, mədəniyyətin, təhsilin və idmanın inkişafı naminə göstərdiyi xeyriyyəçilik, mesenatlıq fəaliyyəti ilə Azərbaycana sevgisini isbatlayıb. Onun dəstəyi ilə məktəblər, stadionlar, parklar və digər sosial obyektlər tikilib.
Belə olan halda K.Nəsibov ölkəsi üçün bu cür işlər görən adamın Azərbaycana sevgisini necə şübhə altına ala bilər? Hər il Azərbaycanda xeyriyyəçiliyə Əhmədov milyonlarla dollar xərcləyir, hərçənd onun özü bunu yaymaq istəmir. Onun vəsaiti hesabına idman bölmələri açılır, Azərbaycan gəncləri arasından istedadların üzə çıxarılması üçün bir çox müsabiqələr keçirilir. Hər il Fərhad Əhmədovun təşəbbüsü ilə Göyçayda Nar Bayramı keçirilir. Onun tərəfindən yüzlərlə iş yeri yaradılıb. F.Əhmədovun xeyriyyəçilik fəaliyyətindən uzun-uzadı misallar gətirmək olar, hansı ki, bunlar sahibkarın öz Vətəninə-Azərbaycana əsl münasibətini nümayiş etdirir.
-Bir daha işlərin büdcəsinin şişirdilməsi haqda. “Paghera” şirkətinin nümayəndəsi iddia edir ki, əslində büdcə sifarişçinin bütün mal-materialların xaricdən gətirilməsində israr etməsinə görə şişib. Məsələn, vəkilin fikrincə adi dəmir konstuksiyalardan hazırlanan talvarı və ya “besedka”ları Sumqayıt Yüksək Texnologiyalar Parkında da sifariş vermək olardı. Yaxud iddia olunur ki, cənab Massimo Alberti dəfələrlə F.Əhmədova bəzi mal-materialları Azərbaycanda sifariş verməyi təklif edib, amma o razılaşmayıb. Bu deyilənlərə F.Əhmədovun münasibəti necədir?
-Kamandar Nəsibovun ifadə etdiyi kimi “şişirdilmiş büdcəni” bizə italyan tərəfi təqdim edib. Bizə təklif olunub ki, xaricdə istehsal edilmiş materiallardan istifadə edək. “Besedkalar”, kabellər və digər yerli məhsullar barədə söhbət getməyib. “Paghera” şirkətinin nümayəndələri bizi təklif etdikləri materialların zəruriliyinə inandırıblar.
Bilirsiniz ki, Fərhad Əhmədov iri biznesmendir. Bağ evi üçün tikinti materiallarını müəyyən etmək üçün marketinq keçirmək onun səviyyəsində olan iş deyil. Bu, podratçıların birbaşa öhdəlikləridir. Və indiki halda podratçılar büdcə təklif ediblər, biz də razılıq vermişik. Büdcədə materialların və görüləcək işlərin adları, miqdarı, dəyəri və digər xarakteristikaları dəqiq göstərilib.
Lakin bundan əvvəl bildirdiyimiz kimi “Paghera” şirkəti nə görüləcək işlərə, nə alınacaq materiallara dair müqavilə öhdəliklərini yerinə yetirməyib. Bir nümunə göstərmək istəyirəm. Şirkətin vəkili deyir ki, süni şəlalə üçün daşlar guya xaricdən sifariş edilib. Əslində isə bir çox hallarda belə daşlar ümumiyyətlə alınmayıb. Süni şəlalə üçün iqamətgahın öz ərazisindən çıxarılmış daşlar istifadə edilib! Beləliklə, biz öz daşlarımıza görə xeyli pul ödəməli olmuşuq!
Bir daha qeyd etmək istəyirəm ki, müqavilə öhdəlikləri var və bunlara əsasən podratçı bütün malları, materialları, o cümlədən kabeli idxal etməli idi. Onlar bizdən məhz xaricdə istehsal olunan malların pulunu alıblar. İndi isə müqavilə öhdəliklərini yerinə yetirmədikləri üçün reallığı təxribatçı, həqiqətə uyğun olmayan bəyanatlarla təhrif etməyə çalışırlar.
-Amma “Paghera” şirkətinin rəhbəri və onun maraqlarını müdafiə edən vəkil deyirlər ki, mənimsəmədən söhbət gedirsə Fərhad Əhmədov ilk növbədə öz adamlarının fəaliyyətini araşdırmalıdır. Çünki bu adamlar lap əvvəldən çalışırdılar ki, italyanları sıxışdırıb Azərbaycandan qaçmağa məcbur etsinlər. Nəticədə işləri öz əllərinə alsınlar. Bu haqda nə deyərdiniz, söhbət biznesmenin hansı adamlarından gedə bilərdi?
-Guya bizim əməkdaşların öz mənfəətləri naminə italyanları sıxışdırdıqları, onları Azərbaycandan “qaçmağa məcbur etmələri” barədə deyilənlər də doğru deyil. Yeri gəlmişkən, digər səs-küylü bəyanatlar kimi. Birincisi, müqaviləyə görə işləri xarici mütəxəssislər görməli idi, əslində isə subpodratçılar-Azərbaycan şirkətləri işə cəlb edilib.
Belə olan halda bizim əməkdaşlar Azərbaycandan kimi “sıxışdırıb qaçırmaq” istəyirdi? İkincisi, bu açıqlamalarda heç elementar məntiq də yoxdur. Əməkdaşlarımız italyanları necə qaçmağa məcbur edə bilərdi ki, bizim tərəfimizdən müqavilənin ümumi dəyərinin 90 faizi ödənilmişdi, amma işlər cəmi 65 faiz yerinə yetirilmişdi? Belə çıxır ki, Azərbaycandan “qaçmaq” ancaq italyan şirkətinin nümayəndələrinə sərfəli ola bilərdi və onlar bunu elədilər.
Yeri gəlmişkən bu məsələyə mütəxəssis-inşaatçı Bəhlul Bayramovun redaksiyanıza təqdim etdiyi faktlar da aydınlıq gətirilir.
Mənbə:> Virtualaz.org