Milyarder Fərhad Əhmədov azərbaycanlı məktəblilərin dadına yetdi
Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov artıq Göyçayın Potu kəndində hələ çar II Nikolayın dövrünə aid uçuq daxmada yerləşən orta məktəbin yenidən tikintisi üçün lazım olan vəsaiti ayırıb. Biznesmenin Bakı ofisindən virtualaz.org-a bildiriblər ki, F.Əhmədov məktəbin tikintisinin yeni tədris ilinə qədər başa çatdırılmasını tapşırıb. Beləliklə, bu kəndin məktəbliləri sentyabrın 15-də yeni məktəb binasında dərsə gedəcəklər.
Həmin məktəb barədə virtualaz.org kənd sakinlərinin çəkib göndərdiyi fotolara istinadən yazmışdı və bu məqalə dərc olunandan az sonra Fərhad Əhmədov məsələyə reaksiya verdi. (Bax: http://virtualaz.org/olke/120390) Məktəbin yenidən inşasını maliyyələşdirməyə hazır olduğunu bildirdi və məsələnin araşdırılması üçün öz əməkdaşlarına tapşırıq verdi.
İndi isə Fərhad Əhmədov redaksiyamıza məktub göndərib və məktəblə bağlı mövzunu işıqlandırdığımız üçün təşəkkür bildirib. Məktubda deyilir: “Sizə yaxşı məlum olduğu kimi mən neçə ildir ki, haqqin.az və saytının oxucusuyam. Dərhal deyirəm ki, hərçənd saytda bir neçə dəfə mənim barəmdə materiallar da yerləşdirilsə də mən redaksiyanın mövqeyini heç də həmişə bölüşmürəm.
Xüsusən də bunu qeyd etmək xoşdur ki, söhbət bizim hamımız üçün mühüm məsələlərdən-uşaqlardan, onların rifahından və sağlamlığından, layiqli şəraitdə təhsil almaq imkanlarından gedirsə biz birlikdə hərəkət edə bilirik. Məktəb insanın formalaşmasında mühüm amildir. Ailə ilə yanaşı məhz orada əməksevərlik, elmə sevgi, vətənə sevgi kimi keyfiyyətlər formalaşır. Bunu mən öz təcrübəmdə bilirəm. Və mən Göyçay məktəbinə minnətdaram ki, həmin keyfiyyətləri mənə verdi, bunun sayəsində indi mən Göyçayın Potu kəndindəki həmin məktəbə kömək etmək imkanındayam”.
Beləliklə, milyarderin səyləri sayəsində bu ilki yeni dərs ilində Potu kəndinin məktəbliləri müasir, indiki əsrin tələblərinə cavab verən məktəb binasında təhsil almaq imkanı qazanacaqlar. Fürsətdən istifadə edərək haqqin.az və virtualaz.org saytlarının redaksiyası Azərbaycanın təhsil sisteminin müasrləşməsinə göstərdiyi bu dəstəyə görə Fərhad Əhmədova minnətdarlıq ifadə edir. Redaksiya əmindir ki, biznesmenin məktəbə göstərdiyi bu dəstək boşa getməyəcək və onun daha yaxşı təhsil, daha müasir məktəb naminə ayırdığı vəsait həm də uzunmüddətli planda öz müsbət təsirlərini göstərəcək.
Mənbə:> Virtualaz.org