Milyarderin Bilgəhdəki iqamətgahında italyanların ağlasığmaz sərgüzəştləri » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Foto

Milyarderin Bilgəhdəki iqamətgahında italyanların ağlasığmaz sərgüzəştləri – FOTO

Milyarderin Bilgəhdəki iqamətgahında italyanların ağlasığmaz sərgüzəştləri

Ötən gün xəbər lentlərində son vaxtlar keçmiş arvadı Tatyana ilə qalmaqallı boşanma işinə görə beynəlxalq səviyyəli qalmaqalın mərkəzinə olan azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov barədə sensasion xəbər yayıldı. Həmin xəbərdə deyilirdi ki, “Paghera Green Service Societa Agricola S.R.L.” adlı İtaliya şirkəti (landşaft dizaynı ilə məşğuldur) biznesmenin barəsində London məhkəməsində 5 milyon dollarlıq təzminat iddiası qaldırıb. İddia ərizəsinə əsasən 2016-cı ildə şirkət F.Əhmədovun Bilgəhdəki malikanəsinin 6 hektarlıq ərazisinin yaşıllaşdırılmasına və abadlaşdırılmasına dair 12 milyon avro məbləğində müqavilə bağlayıb. Lakin işlərin yekunlaşmasına az qalmış biznesmen 3 milyon avronu ödəməkdən imtina edib və iddia edildiyi kimi, “italyan şirkətinin nümayəndələrini qovub”.
Milyarderin Bilgəhdəki iqamətgahında italyanların ağlasığmaz sərgüzəştləri

Fərhad Əhmədov


Lakin necə ola bilərdi ki, milyardlıq sərvətə malik olan biznesmen cəmi 3 milyon avroya görə daha bir beynəlxalq məhkəmə qalmaqalına çəkilməyə hazır olsun? Doğrudanmı bu nüfuzlu iş adamı da Azərbaycanda bəzi oliqarxların və məmurların son illərdə geniş yayılmış praktikasını-iş gördürüb pulunu hansısa bəhanələrlə verməməyi mənimsəməyə başlayıb?

Virtualaz.org bu qalmaqalı araşdırıb və sensasion sənədlər, faktlar əldə edib. Həmin sənədlər iki italyan iş adamının Bakı sərgüzəştləri barədə məşhur filmin süjetini xatırladan hadisələri ortaya çıxarır. Hansı ki, Eldar Ryazanov və Franko Prosperinin filminin qəhrəmanları-Cüzeppe və Antonio adlı həkimlər kimi Massimo Alberti və Gianfranko Paghera adlı bu italyan biznesmenlər də “xəzinə”-milyarderin pullarının dalınca (indiki halda Bakıya) yollanıblar. Amma “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri” filmindən fərqli olaraq bu dəfə ağlasığmaz məcaralar xəzinə dalınca gələn italyanlarıın toruna düşən Fərhad Əhmədovun başına gəlib...

Milyarderin Bilgəhdəki iqamətgahında italyanların ağlasığmaz sərgüzəştləri

Gianfranco Paghera


Belə məlum olur ki, İtaliya şirkətinin London məhkəməsinə iddia qaldırması ilə bir vaxtda rusiyalı biznesmen də italyanların barəsində Azərbaycan hüquq-mühafizə orqanlarının rəhbərlərinə şikayət ərizələri təqdim edibmiş. Redaksiya Fərhad Əhmədovun qanuni nümayəndəsi, , “Paghera Green Service Societa Agricola S.R.L.” şirkəti ilə (“Paghera”-İtaliya) Bilgəhdə 6 hektarlıq ərazinin landşaft işlərinin görülməsi üçün müqaviləni sifarişçi qismində bağlayan “Baku Caspian Real Estate Limited” MMC-nin direktoru (şirkət 2005-ci ildə Bakıda təsis olunub, səhmlərinin 100 faizi F.Əhmədova məxsusdur) Nail Şahverdiyevin daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazova və Baş prokuror Zakir Qaralova ünvanladığı şikayət ərizələrinin surətlərini əldə edib. Həmin ərizələr bir neçə gün əvvəl -2018-ci il sentyabrın 4-də göndərilib.

Milyarderin Bilgəhdəki iqamətgahında italyanların ağlasığmaz sərgüzəştləri


Şikayət ərizlərinə əsasən F.Əhmədovun qanuni nümayəndəsi “Paghera Green Service Societa Agricola S.R.L.” şirkətinin direktoru Massimo Albertinini (İtaliya vətəndaşı) və həmin şirkətin səhmlərinin 100 faizinə nəzarət edən “Paghera Group S.A.” adlı İsveçrə şirkətinin sahibi Gianfranco Pagheranı (Vətəndaşlığı məlum deyil) dələduzluq yolu ilə biznesmenin külli miqdarda vəsaitini ələ keçirib mənimsəməkdə günahlandırır.

Ərizədə deyilir ki, F.Əhmədov Bakının Bilgəh qəsəbəsində, Salahzadə küçəsində yerləşən (Xəzər dənizi sahilində) iqamətgahının ərazisinin yaşıllaşdırılması, bağçılıq və abadlıq işlərinin görülməsi üçün 2016-cı ilin iyul-avqust aylarından etibarən həmin İtaliya və İsveçrə şirkətlərinin rəhbərləri ilə danışıqlara başlayıb. “Paghera” (İtaliya) və “Paghera Group” (İsveçrə) şirkətlərinin yaşıllaşdırma-bağçılıq işlərində Avropanın qabaqcıl şirkətləri olduğuna görə biznesmen malikanəsinin ərazisinin abadlaşdırılmasını onlara həvalə etməyi qərara alıb. Həm də ərizədə deyildiyi kimi Massimo Albertini və Gianfranco Paghera özlərini işgüzar, layiqli və vicdanlı iş adamları kimi təqdim edərək F.Əhmədovun etibarını qazana biliblər.

Milyarderin Bilgəhdəki iqamətgahında italyanların ağlasığmaz sərgüzəştləri


Beləliklə, italyanlarla bir neçə görüşlərdən və danışıqlardan sonra biznesmenin Bakıdakı şirkəti ilə “Paghera Green Service Societa Agricola S.R.L.” arasında 2016-cı il dekabrın 14-də 6 milyon 358 min avroluq müqavilə bağlanır. Müqavilə üzrə yerli tərəfdaş kimi “Paghera Azərbaycan” MMC təyin edilir. (Səhmlərinin 95 faizi “Paghera Green Service Societa Agricola S.R.L.” şirkətinə, 5 faizi Azərbaycan vətəndaşı Sahib Adil oğlu Xudaverdiyevə məxsusdur, direktoru da bu şəxsdir).

Müqavilə qiymətinə bütün ağac və bitkilərin, mal-materialların, nəqliyyat-çatdırma, sığorta, idxal-ixrac əməliyyatlarının gömrük xərcləri, həmçinin salınacaq bağın 12 ay qarantiya müddəti ərzində saxlanılması xərcləri daxil edilmişdi. Ümumi məbləğin 30 faizi depozit qismində əvvəlcədən, daha 30 faizi ikinci mərhələdə, 30 faizi işlərin görülüb qurtarmasından sonra və 10 faizi qarantiya müddətinin başa çatmasından sonra ödənilməli idi. İşlər başlayır və pulların 90 faizi müqavilə bağlanandan iki gün sonra, habelə 2017-ci ilin mart və may aylarında ödənilir-cəmi 5.722 milyon avro. (Redaksiya müqavilənin və ödəmə sənədlərinin surətinə malikdir).

Milyarderin Bilgəhdəki iqamətgahında italyanların ağlasığmaz sərgüzəştləri


Əlbətdə, müqavilənin başlanmasından sonra da biznesmen Əhmədov Xəzər sahilindəki sevimli malikanəsinin landşaft işlərinin gedişini müzakirə etmək üçün müntəzəm olaraq Bakıda Albertini və Paghera ilə görüşürdü. Və onlara getdikcə daha çox etimad bəsləməyə başlayırdı. Nəticədə italyanlar Əhmədovu inandıra bildilər ki, onun malikanəsinin ərazisində müqavilədə göstərilən işlərdən əlavə bir sıra işlərin də görülməsi gərəkdir. Təbii ki, bu “əlavə işlər” üçün əlavə milyonlar tələb olunurdu.

Əhmədov italyanlara o qədər etibar edir ki, “əlavə işlərin” görülməsi üçün onlarla ayrıca müqavilə bağlamağa lüzum görmür. Əvvəlki müqaviləyə 2017-ci ilin iyul ayında “Razılaşdırılmış büdcə” adı altında cədvəl əlavə edilir və bu cədvəl üzrə milyarder italyanlara daha 5.37 milyon avro ödəməyi (Hər dəfə 30 faiz olmaqla üç dəfə-sonda qalan 10 faiz) boynuna götürür. Albertini cədvəli razılaşdıran kimi dərhal Əhmədova ilk ödəmə sənədini göndərir. Biznesmen pulu-1.61 milyon avronu İsveçrə banklarından birindəki hesabından ödəyir. Noyabrada isə daha 1.61 milyon avro Albertininin hesabına köçürülür. Beləliklə, italyanlar F.Əhmədovdan cəmi 9 milyon avroya yaxın pul alırlar.

Milyarderin Bilgəhdəki iqamətgahında italyanların ağlasığmaz sərgüzəştləri


Milyonlarla avro İsveçrə bankından italyanların hesablarına axmaqda, Xəzər sahilindəki malikanəyə müxtəlif xarici ölkələrdən bəzək kolları və ağaclar, avadanlıqlar, materiallar daşınmaqda ikən biznesmen qərara alır ki, işlərin hansı keyfiyyətdə görüldüyünü yoxlatsın. Və əsl məcara bundan sonra başlayır.

Məlum olur ki, hərəsinin dəyəri minlərlə, yaxud on minlərlə avro olan bəzək ağacları, kolları əkiləndən sonra çox keçmədən quruyub. Müqavilə şərtlərinə əsasən bütün avadanlıqlar xaricdən idxal edilməli olduğu halda italyanların yerli subpodratçıları Azərbaycanın “sex mallarından” istifadə ediblər. Məsələn, İtaliya istehsalı olan elektrik kabelləri əvəzinə Bakıdakı elektrik malları mağazalarından birindən sex istehsalı, standartlara cavab verməyən kabel alınıb. İşıqlandırmada Çin istehsalı olan ucuz lampalardan istifadə olunub, avtomatik suvarma sistemi qurulmayıb, bir çox işlər yarımçıq qalıb və müqavilə şərtlərinin digər çoxsaylı pozulması halları aşkarlanıb.

Bu təftişin nəticələrinə əsasən tərəflər birgə Akt tərtib ediblər və imzalayıblar. Akta əsasən italyanlar sadalanan nöqsanları qəbul etmiş olur. Əlbətdə, biznesmen müqavilə şərtlərinin çoxsaylı pozulması faktlarına, italyanların onun milyonlarla avro pulunu faktiki mənimsəməsinə qəzəblənərək qalan vəsaiti ödəməkdən imtina edib. Qeyd olunur ki, müqavilə şərtlərinin pozulmasına, işlərin keyiyyətsiz görülməsinə görə biznesmenə 1.5 milyon avroya yaxın ziyan dəyib. İtalyanlar həmin pulları qaytarmayıb.

Milyarderin Bilgəhdəki iqamətgahında italyanların ağlasığmaz sərgüzəştləri


Məcaralar bununla bitmir. Belə məlum olur ki, 2018-ci ilin aprelində F.Əhmədovun Bakıdakı şirkətinə “Asnaf” MMC adlı şirkətdən məktub gedib. Həmin məktubda deyilirdi ki, “Paghera” (İtaliya) və “Paghera Group” (İsveçrə) şirkətləri “Asnaf” MMC ilə müqavilə münasibətlərinə malikdir. Və italyan şirkətlərinin “Asnaf”a yüklü miqdarda borcu yaranıb.

F.Əhmədovun şirkətində isə “Asnaf” MMC barədə ilk dəfə eşidirdilər. Lakin araşdırmadan sonra məlum olub ki, italyanlar Əhmədovun malikanəsi üçün xaricdən (İtaliya, İspaniya, Moldova) cəmi 115 TIR bəzək kollarını və ağaclarını məhz “Asnaf” MMC-nin adına Azərbaycana idxal ediblər. Niyəsi isə qaranlıq qalır, italyanların bu sxem sayəsində nə qazandıqları məlum deyil.

Amma bu da hamısı deyil. Üzə çıxıb ki, italyanlar F.Əhmədovla müqavilə bağlamazdan əvvəl həmin “Asnaf” MMC ilə artıq müqavilə bağlamışdılar. Və bu şirkəti öz sxemlərinə cəlb edə bilmək üçün onlara F.Əhmədovla “Paghera Azərbaycan” MMC arasında 2016-cı il mayın 30-da imzalandığı göstərilən müqavilənin surətini də təqdim edirlər. Müqavilədə göstərilirdi ki, Əhmədov şəxsən özü Bilgəhdəki malikanəsinin ərazisini abadlaşdırmağı bu şirkətə sifariş verir. Əslində isə müqaviləyə F.Əhmədovun adından saxta imza atılmışdı və biznesmen özü nəinki “Paghera Azərbaycan” MMC ilə, eləcə də “Paghera” (İtaliya) və “Paghera Group” (İsveçrə) şirkətləri ilə heç bir müqavilə bağlamamışdı. 2016-cı ilin dekabrında imzalanmış müqavilədə isə deyildiyi kimi sifarişçi “Baku Caspian Real Estate Limited” şirkəti idi...

Milyarderin Bilgəhdəki iqamətgahında italyanların ağlasığmaz sərgüzəştləri


Habelə məlum olub ki, italyanlar Əhmədovun malikanəsinə 2017-ci ilin noyabr ayından bu ilin iyun ayına qədər 3 TIR (cəmi 25 konteyner) mal-material gətirib. Amma nədənsə həmin mallar da başqa şirkətin-“Yaşıl bağça” MMC-nin adına idxal edilib. Cənab Albertini isə bunu belə əsaslandırıb ki, həm “Asnaf”, həm “Yaşıl bağça” onlara nəqliyyat-gömrük xidmətləri göstərib. Əhmədovun malikanəsinə daşınan mallar üzərində bu şirkətlərin tam mülkiyyət hüququ olub.

Beləliklə, biznesmenin qanuni nümayəndəsi Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərlərindən xahiş edir ki, Paghera və Albertinin barəsində dələduzluq əməllərinə , sənədləri saxtalaşdırmağa görə cinayət işi qaldırılsın. Həmin müraciətə baxılmaqdadır. Eləcə də İtaliyanın Bakıdakı səfiri bu müraciət barədə məlumatlandırılıb. Fərhad Əhmədovun qanuni nümayəndəsinin şikayəti əsasında tezliklə cinayət işinin qaldırılması gözlənilir, çünki bunun üçün kifayət edən dəlillər, faktlar var. Redaksiya bu qalmaqalla bağlı yeni təfərrüatlar da əldə etməyə çalışır və onları da oxucularla bölüşəcəyik.
Milyarderin Bilgəhdəki iqamətgahında italyanların ağlasığmaz sərgüzəştləri
Milyarderin Bilgəhdəki iqamətgahında italyanların ağlasığmaz sərgüzəştləri
Milyarderin Bilgəhdəki iqamətgahında italyanların ağlasığmaz sərgüzəştləri

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *