İrana səfər: Paşinyan nə ilə riskə gedir? – ŞƏRHLƏR
Ermənistan baş naziri İrana səfər etmək niyyətindədir. Nəyə görə İran, nəyə görə bu ölkədə qeyri-stabillik dövründə, təcili səfərə nə ehtiyac var?
Oxu.Az bu sualların cavabını bilən ekspertlərin fikirlərini sizə təqdim edir:
Müxbirimizlə söhbətində rusiyalı siyasi analitik Denis Korkodinov deyib ki, Paşinyana İran koridoru və iqtisadi zonanın inkişafı, daha dəqiq desək, pul lazımdır.
“Nikol Paşinyan Ermənistanın qərbləşməsi üçün təklif olunan islahatları həyata keçirmək üçün maliyyə mənbəyi tapmaq niyyətindədir. Bunun üçün o, bəzi beynəlxalq tərəfdaşlarının dəstəyini qazanmağa çalışır”, - ekspert bildirib.
O əlavə edib ki, İran Ermənistanda azad iqtisadi zona layihəsinin reallaşdırılmasına çalışırdı, ancaq “məxməri inqilab” bu layihəni arxa plana atdı.
Ayətullah rejimi ilk növbədə Nikol Paşinyanın hansı siyasət aparacağını dəqiqləşdirmək istəyir. Əgər Tehran Yerevanın yeni rəhbərliyinin siyasətindən narazı qalsa, İran-Ermənistan iqtisadi münasibətləri mücərrəd xarakter alacaq”, - Korkodinov deyib.
Bu məsələ ilə əlaqədar azərbaycanlı politoloq Elxan Şahinoğlu da Oxu.Az-a mövqeyini açıqlayıb.
Onun sözlərinə görə, Nikol Paşinyan baş nazir seçiləndə çıxışında Rusiyadan çox İranın adını çəkmiş, bu dövlətlə əlaqələrin inkişafı zərurətini vurğulamışdı. Ona görə də Paşinyanın İrana səfəri gündəmə gəlib. Sadəcə, Paşinyan vaxtı uyğunsuz seçilib.
“Birincisi, Paşinyan sentyabrda Nyu-Yorkda BMT sessisyası çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşmək istəyir. Trampla görüşdən əvvəl Paşinyanın Ağ Evin əsas düşmənlərindən biri olan İrana səfəri Vaşinqtonda anlaşılmayacaq. Tramp İrana səfər edən baş nazirlər görüşdən imtina haqqına da malikdir.
İkincisi, İran iqtisadiyyatı ağır günlər yaşayır, rial sürətlə dəyərdən düşür, inflyasiya və işsizlik artır.
Yəni, Tehran istəsə belə, Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirə, keçmişdə vəd etdiyi layihələri maliyyələşdirə bilməyəcək”, - ekspert qeyd edib.
Odur ki, Paşinyanın İrana səfərindən ciddi nəticə gözləməyə dəyməz.
Siyasi ekspert Arzu Nağıyev isə əmindir ki, İran Ermənistan üçün xarici aləmə çıxmaq imkanı verən respublikadır.
“İki ölkə arasında bir neçə nəhəng layihə var ki, onlar da ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara məruz qala bilər. Bu sanksiyalar tamamilə Ermənistanı məhv edə bilər”, - politoloq deyib.
O bildirib ki, bu, ilk növbədə İran-Ermənistan qaz kəmərinə aiddir.
“Məlumdur ki, Ermənistan İrandan qaz alır və əvəzində bu ölkəyə enerji verir. Sanksiyalara görə bunlar dayandırıla bilər. Bu səbəbdən, Paşinyan İrana təcili sürətdə səfər edir. Düşünürəm ki, əsas məsələ budur”, - müsahibimiz qeyd edib.
Nağıyev əlavə edib ki, İran-Ermənistan dəmir yolu xəttinin tikintisinin anonsu verilib, ancaq maliyyənin olmaması səbəbindən bu, real layihə deyil.
Mənbə:> Oxu.Az