Orxan Camalın qanı tökülən ölkənin halı – FOTO
Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camalın və daha iki jurnalistin öldürüldüyü Mərkəzi Afrika Respublikasının adı bu müəmmalı qətlə görə dünyanın diqqət mərkəzindədir. Virtualaz.org xəbər verir ki, bir çox nüfuzlu Qərb KİV-ləri Orxan Camalın və yoldaşlarının çox təhlükəli mövzunun-“Vaqnerin ordusu” kimi tanınan muzdluların və Rusiyanın Mərkəzi Afrika Respublikasının zəngin qiymətli mineral ehtiyatlarını ələ keçirmək naminə kimlərlə işbirliyində olduğunun araşdırılması üçün getdiyini yazırlar. Və bu hadisənin MAR-da hansısa yaraqlı qrupunun adi qarət məqsədi ilə törədilmədiyinə əmindirlər.
Bəs ümumiyyətlə Mərkəzi Afrika Respublikasında (MAR) vəziyyət necədir? İllərdir vətəndaş müharibəsinin, qanlı çevrilişlərin ara vermədiyi bu yoxsul ölkədə kimlər kimlərlə və nəyin naminə döyüşür?
MAR hazırda faktiki olaraq rəsmi hakimiyyət tərəfindən nəzarət edilməyən ölkədir. Ölkənin rayonları ayrı-ayrı silahlı qruplaşmaların nəzarətindədir. Siyasi xaos və zəngin faydalı mineral yataqları MAR-ı Afrikada möhkəmlənmək istəyən iri dövlətlər, o cümlədən Rusiya üçün yağlı tikəyə çevirib. Qərbin bitib-tükənməyən müharibədən bezərək MAR-a dəstəyi azaltmasından istifadə edərək Rusiya bu ölkədə möhkəmlənməyə başlayıb. Yanvar ayından bəri “Vaqnerin ordusu” kimi tanınan Rusiya muzdluları MAR-a göndərilib. Onlar ölkənin müxtəlif yerlərinə səpələniblər və qızıl, almaz, uran yataqlarını mühafizə edirlər. Habelə prezident Fosten-Arkanc Tuaderin mühafizə xidmətində 40-a qədər rusiyalı muzdlu var. Bundan əlavə Rusiya MAR hökumətinə silah yardımı göndərib, bu ölkənin təhlükəsizlik qüvvələrinə təlim keçməyə başlayıb.
MAR təkcə vətəndaş müharibəsinin bürüdüyü ölkə deyil. Ölkədə 80-ə yaxın etnik qrup yaşayır, onların hərəsinin öz dili var. Lakin müharibə əsasən “müsəlman-xristian” qarşıdurması kimi başlayıb, hazırda “hamı hamıya qarşı” prinsipi ilə davam edir.
Ölkənin rəsmi hökuməti ancaq paytaxt Banqiyə nəzarət edə bilir. Hətta bəzi xarici jurnalistlərə və beynəlxalq missiyaların nümayəndələrinə görə paytaxtın da hamısı hökumətin nəzarətində deyil. Situasiyanı mürəkkəbləşdirən həm də budur ki, ərazisinə görə Fransa böyüklükdə olan ölkədə cəmi 4.5 milyon əhali yaşayır, bu da əhali sıxlığı baxımından ölkəni nəzarətdə saxlamağa imkan vermir.
Hazırda MAR-da əsasən 10 iri silahlı qruplaşma var, onlar xammal ehtiyatlarına və hakimiyyətə görə bir-birləri ilə müharibə aparırlar. Lakin münaqişə əsasən dini xarakter daşıyır və əsas aktyorlar 2013-cü ildə parçalanmış “Seleka” müsəlman qruplaşmasından qopan yaraqlılarla “Antibalaka” xristian silahlı birləşməsi, habelə ondan ayrılan digər silahlı qruplardır.
“Seleka” formal olaraq 2013-cü ildə buraxılıb, amma bu qruplaşmadan ayrılan silahlı birləşmələr hələ də ölkədə əsas rol oynayır. Ölkədə fəaliyyət göstərən 12 silahlı birləşmənin 7-i müsəlmanlardan formalaşıb. “Seleka”nın lideri Mişel Cotodiya silahlı çevriliş nəticəsində hətta qısa müddət prezident ola bilmişdi. İndi isə “MAR-ın xalq dirçəliş cəbhəsi”inə liderlik edir. Bu qruplaşmanın məqsədi müsəlman azlığın ölkədə hakimiyyətini təmin etməkdir, hər halda maksimum plan belədir.
2015-ci ildə “Xalq dirçəliş cəbhəsi” ölkənin şimalında Loqon adlı müsəlman dövləti elan etmişdi, amma bu dövləti heç kim tanımayıb. Cotodiyanın silahlıları qondarma dövlətin ərazisinə tam nəzarət edir.
2016-cı ilin oktyabrında “Xalq dirçəliş cəbhəsi” “Seleka”nın daha iki varisi ilə birləşərək “Koalisiya” yaradıb. Bu koalisiya silahlı gücünü artıraraq ölkənin rəsmən bölünməsinə nail olmağa çalışır. Qalan müsəlman qruplaşmaları isə “Koalisiya” qədər güclü deyil və əsasən silahlı quldur hücumları üzrə ixtisaslaşıblar. Burada ölkənin cənubunun mərkəzi hissəsində fəaliyyət göstərən “MAR-da sülh naminə ittifaq” adlı qruplaşma daxil deyil. Bu qruplaşma ölkənin bölünməsinə qarşı çıxır və ancaq hakimiyyət orqanlarında müsəlmanların layiqli təmsilçiliyinə çalışır. Qruplaşma tamamilə fulbe adlı etnik qrupun üzvlərindən formalaşıb.
“Koalisiya” formalaşana qədər həmin ittifaq MAR-da ən güclü silahlı qruplaşmalardan biri idi. Hazırda onların arasında toqquşma gedir. Üstünlük isə “Koalisiya”nın tərəfindədir.
Afrika ölkələrində genosidə qarşı mübarizə aparan “The Enough Project” təşkilatının hesabatına əsasən xarici dəstək sayəsində “MAR-da sülh naminə ittifaq” hələ də mühüm qüvvə olaraq qalır.
Ölkənin praktiki olaraq bütün qərb hissəsi, o cümlədən paytaxt Banqi xristian silahlı birləşmələrinin nəzarətindədir. Lakin “Antibalaka” qruplaşmasının da sıralarında müsəlman qruplaşmalarda olduğu kimi birlik yoxdur. Habelə “Antibalaka” təkcə xristianlardan ibarət deyil, onların sıralarında animistlərə də rast gəlinir. Hərçənd qruplaşma “Seleka” yaraqlılarının hakimiyyəti ələ keçirməsinə qarşı formalaşsa da onun sıralarında 1980-1990-cı illərdə MAR-ın kənd rayonlarında fəaliyyət göstərmiş quldur dəstələrinin üzvləri var. Bu dəstələr 2013-cü ildə “Antibalaka”ya qoşulublar və müsəlman kəndlərində qırğınlar törədiblər.
2013-cü il dövlət çevrilişi zamanı “Antibalaka” qruplaşması hökumət qüvvələri ilə birlikdə prezident Fransua Bozizin tərəfində vuruşub. “Antibalaka”nın bir çox başçıları və səhra komandirləri Bozizin keçmiş mühafizəçiləri, yaxud onun ordusunun zabitləridir.
Amma sonradan Bozizin tərəfdarları başda komandir Maksim Mokoma olmaqla ondan ayrılıblar və müsəlmanlardan ibarət “Koalisiya”ya qoşulublar. Səbəb kimi isə ölkənin müsəlman və xristian hissəsi olmaqla iki yerə bölünməsi ideyasına tərəfdar olmalarıdır. Hərçənd bununla hamı razı deyil. “Antibalaka”nın öz “ideallarına” sadiq olan yaraqlılarının lideri keçmiş idman naziri Patris Eduard Nqaisson oldu. O, öz fəaliyyətini müsəlman icmasının qeyri-müsəlmanlara qarşı yaratdığı təhlükə ilə əsaslandırır. Nqaisson deyir ki, “Seleka” yaraqlıları qaldıqca onun döyüşçüləri silahı yerə qoymayacaq. Hazırda “Antibalaka”nın bu qanadı hakimiyyətə loyaldır, amma “Koalisiya”nın formalaşması nəticəsində gücdən düşüblər.
“Antibalaka” qruplaşmasının müsəlmanlara qarşı qəddarlıqları barədə KİV-lər və BMT missiyası dəfələrlə bildirblər. Qruplaşmanın ən sevimli divantutma metodu düşmənlərini diri-diri yandırmaqdır.
MAR-ın ən ucqar qərb bölgələri isə “Qayıdış, etiraz və reabilitasiya” (“ZR”) adlı qruplaşmanın nəzarətindədir. “Sülh naminə ittifaq” kimi bu qruplaşma da fulbe xalqının nümayəndələrindən təşkil edilib. “ZR” qruplaşmasının lideri general Sidiki Abass açıq deyir ki, MAR-a Kamerundan gəlib və onun qruplaşması xaricdən dəstək alır. De-fakto “ZR” ölkənin bölünməsi ideyasını dəstəkləyir, ancaq rəsmən siyasi proseslərə və milli orduya inteqrasiyanın tərəfdarıdır. “ZR” müntəzəm olaraq “Antibalaka” döyüşçüləri ilə toqquşur, habelə fulbe məskənlərinə hücum edən “İnqilab və ədalət” adlı qruplaşma ilə döyüşür.
Sonuncu qruplaşma isə öz növbəsində 2015-ci ilin sonlarında ölkənin şimal-qərbində yaranıb. Həmin rayonda “Antibalaka” və “Koalisiya” arasında ayırıcı xətt keçir. Qruplaşma bildirir ki, yerli əhalini qarşıduran tərəflərin hücumlarından qorumaq üçün yaranıb. Bu qruplaşma MAR miqyasında əhəmiyyətli hərbi güc olmasa da nəzarətindəki ərazini yaxşı qoruyur. Ötən il qruplaşma hətta özünün vergiyığma sistemini tətbiq edib və bu sistem “ZR” qruplaşmasının nəzarətindəki fulbe bölgələrini də əhatə edir.
MAR-da fəaliyyət göstərən “Allahın müqavimət ordusu” adlı qruplaşma isə bütün Afrikada pis mənada ad çıxarıb. Bu qruplaşma Uqandada fəaliyyətə başlayıb və məqsədi xristian teoktartik dövlətinin yaradılmasıdır, Afrikanın ən qəddar qruplaşmalarından biri sayılır. Əslində MAR-da “Allahın müqavimət ordusu”nun mahiyyətcə hansısa maraqları yoxdur, amma ölkənin şərqindəki müxtəlif rayonlarda düşərgələr qurur, qarətlər, silahlı hücumlar, adam oğurluğu həyata keçirir. Bunlar heç nəyə görə hamıya qarşı döyüşən amansız başkəsənlər ordusudur və MAR-da onların rolunu heçə saymaq olmaz.
MAR-ın indiki problemlərinin kökündə bu ölkənin zəngin yeraltı ehtiyatları, əsasən də uran dayanır. Son illərə qədər ölkə Fransanın siyasət orbitində olub,ölkədə Fransa hərbi bazası var. Lakin hazırda Çin, Rusiya və ABŞ MAR-da öz mövqelərini möhkəmləndirməyə çalışır.
Keçmiş Fransa müstəmləkəsi olan ölkədə son illər xarici aktyorların artması ilə vəziyyət dəyişir. 2013-cü ildə ölkəyə BMT-nin sülhməramlı missiyası yeridilib. Lakin əsasən fransızlardan ibarət missiya (MİNUSCO) uğur qazana bilmir və ölkədə vəziyyətin stabilləşdirilməsi vəzifəsinin öhdəsindən gələ bilməyib. 2016-cı ildə Fransa qoşunlarının böyük hissəsi ölkəni tərk edib, minlərlə fransız əsgərindən ölkədə cəmi 60-70 əsgər qalıb.
Emmanuel Makron prezident seçiləndən sonra MAR hökuməti yenidən Fransadan dəstək istəyib, amma Makron Fransa ordusunun MAR-a qaytarılması xahişinə rədd cavabı verib. Nəticədə Fransa MAR-da mövqelərini açıq-aşkar itirməkdədir. Və belə görünür ki, bundan Rusiya faydalanır və “Vaqnerin ordusu”nu MAR-a yeridir.
Lakin Çin də boş dayanmır. Son illərdə Afrikada nüfuzunu pul gücünə xeyli artıran Pekin Banqi ilə hələ 2013-cü il çevrilişindən əvvəl sıx işləməyə başlayıb.
Prezident Bozizin dövründə Çinin “Sinopec” və “Poly Technologies” şirkətləri MAR-ın şimalında neft hasilatına dair müqavilələr bağlayıblar. 2017-ci ildə çinlilər silahlıların hücumu qarşısında bu yataqları tərk ediblər, amma əvəzində ölkənin silah bazarına girməyə çalışırlar. Çin habelə MAR-da meşə sənayesində iştirak edir, Çinin “Vicwood” şirkəti ölkədə ağac emalında ən iri oyunçudur. Habelə çinlilər tikinti sahəsində fəaldır və ötən il MAR paytaxtında stadion, məktəblər, xəstəxanalar, kazarmalar və s. obyektlər tikiblər. Bundan əlavə Pekin müntəzəm olaraq MAR-ın borclarını silir, bu ölkə ilə uzunmüddətli əlaqələr qurur. Çin başqa Afrika ölkələrində də analoji taktikadan istifadə edir.
Mənbə:> Virtualaz.org