Jurnalist Aqil Ələsgər sərbəst buraxılıb
İyulun 30-da axşam saatlarında “Bandotdel” əməkdaşları tərəfindən saxlanılan jurnalist Aqil Ələsgər sərbəst buraxılıb.
Bu haqda onun dostu Toğrul Allahverdi sosial şəbəkələrdə məlumat yayıb və Aqil Ələsgərin evində olduğunu əks etdirən foto paylaşıb. T.Allahverdili qeyd edib ki, jurnalist evindədir və heç bir problemi yoxdur. Jurnalistin saxlanılmasının səbəbləri barədə heç nə məlum deyil.
07.58
Jurnalist Aqil Ələsgər DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (“Bandotdel” kimi tanınır) əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə virtualaz.org-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Ə.Amaşovun sözlərinə görə, Mətbuat Şurası “Yeni Çağ” media qrupunun rəhbərinin saxlanılmasının səbəblərini aydınlaşdırmağa çalışır.
Aqil Ələsgər Azərbaycanda Fətullah Gülən təriqətinin, yaxud FETÖ-nün əməlləri barədə araşdırmaları ilə tanınır. Onun bu mövzuda kitabları da dərc olunub.
Jurnalistin xanımı Günay Fərəcova bildirib ki, Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19-00 radələrində danışıb:“Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19:00 radələrində əlaqə saxlamışıq. Danışanda bizə dedi ki, tezliklə evə gələcək. Ancaq axşam saat 21:50-dən sonra mən və anası dəfələrlə zəng etsək də, o, nə zənglərimizə, nə də “WhatsApp” mesajlarımıza cavab verdi. Əldə etdiyim məlumata görə, Aqil sonuncu dəfə *7555 taksi xidmətindən istifadə edib. Buna görə də onun sifariş etdiyi taksinin sürücüsü ilə danışdıq və ondan öyrəndik ki, avtomobil Qala yolunda naməlum şəxslər tərəfindən saxlanılıb və Aqili özləri ilə aparıblar. Bu zaman Aqilin eynəyi də taksidə qalıb”.
* * *00:18
"Yeni Çağ" Media Qrupunun rəhbəri, jurnalist Fərəcov Aqil Ələsgər oğlu saxlanılıb.
Məlumata görə, Aqil Ələsgər iyulun 30-da axşam vaxtı saxlanılıb. Onun saxlanılmasının səbəbləri hələlik məlum deyil.
Virtualaz.org hadisənin təfərrüatlarını dəqiqləşdirir.
Mənbə:> Virtualaz.org