Rusiya Ermənistandakı vəziyyətdən narahatdır – BAŞ VERƏNLƏR YENİ RƏHBƏRİN VƏDLƏRİNƏ ZİDDİR
Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin sələflərini təqib edilməyəcəyinə dair vədlərinə ziddir.
APA-nın verdiyi xəbərə görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
“Yerevanın müttəfiqi olan Rusiya erməni dövlətinin stabilliyində həmişə maraqlı olub və bu baxımdan orada baş verənlər bizi narahat etməyə bilməz. Bu həm də Ermənistanın MDB məkanında təmsil olunduğu təşkilatların normal işinin təminatı nöqteyi-nəzərdən də çox vacibdir”, - deyə rusiyalı nazir vurğulayıb.
“Son günlər ərzində biz narahatlığımızı bir neçə dəfə Ermənistan rəhbərliyinə bildirmişik. Vəziyyətin konstruktiv məcrada inkişaf edəcəyinə ümid edirik”, - deyə S.Lavrov əlaqə edib.
Qeyd edək ki, Yerevan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryan barəsində iki ay müddətinə həbs qərarı çıxarıb. İyulun 26-da R. Koçaryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra Yerevanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.
Bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan qeyd olunan cinayət işi çərçivəsində konstitusion quruluşun devirməsi ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində axtarış elan edilib.
Ermənistan Xüsusi İstintaq Xidməti Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, KTMT-nin baş katibi Yuri Xaçaturovu da 2008-ci il 1 mart aksiyalarının dağıdılması ilə bağlı cinayət məsuliyyətinə cəlb edib. Məhkəmə onun zaminə buraxılması barədə qərar verib.
Mənbə:> APA