Kəndlilərdən kombaynları aldılar, nazirlik “Biz gücsüzük” deyir – YENİLƏNİB
"Bu il hava şəraiti ilə əlaqədar çovdar yığımı adi vaxtlarda olduğundan tez başladı. Fermerlər çovdarı buğda ilə birlikdə yığmağa başladılar. Və gözlənilməz hadisələrlə əlaqədar kəndlərdə kombaynların çatışmazlığı hiss olunur".
Bunu virtualaz.org-a açıqlamasında “Aqrolizinq” Səhmdar Cəmiyyətinin şöbə rəisi İsrafil İsmayılov deyib.
"Azərbaycana bu il 260 kombayn gətirilməli idi, ancaq bu günə cəmi 110-u idxal edilib. Buna görə biz daha 150 kombaynın çatdırılmasını gözləyirik. Zaqatala rayonuna gəlincə, bu gün orada cəmi 10 kombayn var", - deyə İ.İsmayılov vurğulayıb.
"Aqrolizinq" nümayəndəsinin sözlərinə görə, ölkədə cəmi 926 kombayn və onun da hamısı xüsusi şəxslərə satılıb: "Dövlət kombaynların işinə nəzarət edə bilmir, çünki lizinğin qaydalarına əsasən, kombaynlar, başqa kənd təsərrüfatı texnikası kimi, əlverişli şərtlərlə fermerlərə satılır və onların xüsusi mülkiyyətidir. Fermer 20 faiz əvvəlcədən ödəniş edir, kombaynın dəyərinin 40 faizini dövlət bağlayır, qalan 40 faiz isə 10 il ərzində sahibkar tərəfindən ödənilir".
Zaqatala rayonundakı konkret vəziyyəti və yerli sakinlərin şikayətini şərh edərkən isə İ.İsmayılov deyib ki, Kənd Təsərrüfatı Nazirliyinin və "Aqrolizinq"in situasiyaya təsir imkanı yoxdur.
* * *20:38
Zaqatala rayonunun üç kəndində kombaynçı olmadığından bol buğda və çovdar məhsulu batır. Söhbət Muğanlı, Faldar və Qandaq kəndlərindən gedir.
Bu kəndlərin sakinləri virtualaz.org-a bildiriblər ki, məhsul yığımından əvvəl onları kombaynçılarsız qoyublar.
"Hər kənddə bir kombaynçı var idi. Ancaq Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kombaynçıları Muxax kəndindəki şəxsi sahələrində işlətmək üçün bizdən götürdü. Biz çıxılmaz vəziyyətdə qaldıq. Məhsul var, amma biz onu yığa bilmirik", - deyə adları çəkilən kəndlərin sakinləri bildiriblər.
Zaqatalada məhsul yığımı ilə bağlı problemlərin mövcudluğunu Kənd Təsərrüfatı Nazirliyindən də təsdiq ediblər.
"Belə problem, praktiki olaraq, Azərbaycanın bütün rayonlarında mövcuddur. Və bu, "Aqrolizinq”də kənd təsərrüfatı texnikasının çatışmazlığı ilə bağlıdır", - deyə Nazirliyin Mətbuat xidmətindən vurğulayıblar.
Mənbə:> Virtualaz.org