“Aqrolizinq” fermerlərə 40 faiz güzəşt edəcək
Azərbaycan prezidenti İlham Əliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
AzNews.info AzərTAc-a istinadla xəbər verir ki, sənədə əsasən, baş verən uzunmüddətli quraqlıqların mənfi təsirinin aradan qaldırılması, su təminatının yaxşılaşdırılması, habelə bu sahəyə sahibkarların marağının artırılması və investisiya qoyuluşunun stimullaşdırılması məqsədi ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt müəyyən edilir.
Sərəncamla Nazirlər Kabineti iki ay müddətində suvarma sistemləri dəstinə və avadanlığına tətbiq olunan güzəştin verilməsi qaydasını müəyyən etmək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Mənbə:> AzərTAc