Azərbaycanda fermerlər üçün yeni güzəştlər tətbiq olundu
Baş nazir Artur Rasizadə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib.
Dəyişikliyə görə, fermerlərə orta hesabla 50% güzəştlə satılacaq mineral gübrələrin miqdarı hər hektar əkin sahəsinə görə 300 kiloqrama, ya da onun dəyərinin yuxarı həddi 50 manata qədər müəyyən edilib.
Bundan başqa, yardımların həcmi artırılıb, bu yardımlar habelə buğda və çəltik səpininə də şamil ediləcək.
Başqa sözlə, “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin qiymətinə 70% həcmində güzəşt tətbiq edilməklə, onun məbləğinin yuxarı həddi hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə 80 manat məbləğində müəyyən edilib.
Yardımların verilməsi prosedurunda da dəyişiklik edilib:
“Belə ki, fermerlər üçün ödəniş kartlarının 3 ildən bir hazırlanması və bu kartların dövriyyədə olduğu müddətdə onlara bank xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir. Müvəkkil bank kartları istehsalçılara birbaşa verir” - deyə, qərarda vurğulanıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli