1 milyon manatlıq dələduzluqda ittiham olunan qadına 8 il həbs cəzası verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 46 yaşlı İmişli rayon sakini Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə əsasən, V.Osmanlı 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, əvvəllər Dövlət İqtisad Universitetində çalışan Vəfa Osmanlı həm də dollar alveri ilə məşğul olub. Etibarını qazandığı insanları aldatmağa müvəffəq olan qadın onlara qarşı 1 milyon manata yaxın dələduzluq edib və pullarını geri qaytarmayıb. O, yaxın ətrafındakı insanları valyuta mübadiləsi ilə məşğul olan tanışının olduğuna inandırmaqla, ucuz qiymətə dollar alıb gətirə biləcəyini vəd edərək aldadıb. V.Osmanlının toruna düşənlərin sayı 10 nəfərdir, həmin şəxslərə qarşı 1 milyon manata yaxın dələduzluq olunub.
Zərərçəkənlər - Asif Orucəliyev, Cəmalə Cəbrayılova, Kəminə Cəbrayılova, Orxan Səlimov, Solmaz Babayeva, Nəzirxanım Şirinova, Jalə Hüseynova, Bəhruz Nağıyev, Mətləb Kərimov və Səbinə Həsənova V.Osmanlının əməllərindən “bandotdel”ə şikayət ediblər. Onların şikayətləri əsasında V.Osmanlı saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Mənbə:> Virtualaz.org