Ordumuzun Naxçıvanda 11 min hektar torpaq azad etdiyi rəsmən açıqlandı 26 İLDƏN SONRA GÜNNÜT KƏNDİNDƏ
Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsinin may ayında Şərur rayonu istiqamətində mövqelərini bir neçə kilometr irəli çəkərək yeni strateji mövqelər tutması, nəticədə 1992-ci ildən bəri düşmən nəzarətində olan Günnüt kəndinin faktiki işğaldan azad edilməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Virtualaz.org xəbər verir ki, Naxçıvanın “nuhcixan.az” adlı saytı Azərbaycan ordusunun əvvəlcə “Xunut” dağı və “Ağbulaq” yüksəkliyini , daha sonra isə strateji əhəmiyyətli “Qızılqaya” yüksəkliyini və “Mehridağ”ı tutduğunu bildirir. Nəticədə 1992-ci ilin mayından Ermənistan ordusunun həmin yüksəklikləri tutması nəticəsində düşmənin faktiki işğalı altına keçən Günnüt kəndi tamamilə Azərbaycan ordusunun nəzarətindədir. Habelə Günnüt kəndi ilə birlikdə cəmi 11 min hektara yaxın ərazi ordumuzun nəzarəti altına keçib. Eyni zamanda Azərbaycan ordusu “Qızılqaya” yüksəkliyindən qədim Azərbaycan torpaqları olan Dərələyəz mahalının Arpa kəndini (ermənilər kəndin adını “Areni” olaraq dəyişdirib) və Yerevan-Gorus-Laçın yolunu nəzarətdə saxlaya bilir. Bunlar rəsmi məlumatlardır və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun mətbuat xidməti tərəfindən sayta verilib.
Sayt bildirir ki, ərazinin etibarlı müdafiəsi və təminatı məqsədi ilə ordumuzun tutduğu yeni mövqelərə 50 km yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.
1992-ci ildən bəri Şərurun Mahmudkənd kəndində məskunlaşmış Günnüt kənd sakinləri ötən gün 26 illik fasilədən sonra ilk dəfə doğma kəndlərinə qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Naxçıvan televiziyası sakinlərin Günnüt kəndinə qayıtması barədə reportaj da yayımlayıb.
Mənbə:> Virtualaz.org