Azərbaycan ordusu Naxçıvanda Qızılqaya yüksəkliyini tutub – FOTO
Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsi tərəfindən bu günlərdə iki strateji yüksəkliyin tutulması ilə nəticələnən əməliyyatının bəzi yeni təfərrüatları məlum olub.
Virtualaz.org xəbər verir ki, “Vkontakte” sosial şəbəkəsindəki “Hərbi Xəbərlər” qrupunda yayılan məlumata əsasən düşmənə Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyi ordumuzun bölmələri tərəfindən tutulub. Bu yüksəkliyin ən böyük strateji əhəmiyyəti Yerevan-Gorus-Qafan-Laçın avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.
Günnüt kəndinin ətraf yüksəklikləri 1992-ci il mayın 9-da Ermənistan silahlı bölmələri tərəfindən tutulmuşdu və nəticədə düşmən həmin kəndi atəş altında saxlaya bilirdi. Kənd Azərbaycan və Ermənistan silahlı qüvvələrinin postları arasında neytral zonada qalmışdı. Lakin ordumuzun son əməliyyatından sonra bu kənd atəş altından çıxarılıb.
Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində ordumuzun mövqelərini irəli çəkməsi barədə məlumatlara şərh vermir. Ermənistanda isə hərbi reportyor, “Hetq” online-nəşrinin baş redaktoru Edik Bağdasaryan Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləyərək “böyük ərazini” nəzarətə götürdüyünü bildirmişdi. Sosial şəbəkələrin erməni seqmentində də bu barədə danışılır, Ermənistan Müdafiə Nazirliyi isə şərh vermir.
Mənbə:> Virtualaz.org