Narkoloji Dispanserdə yanğın: ölənlərin sayının çox olduğu bildirilir, Əli Həsənov hadisə yerində
Əməkdaşımız hadisə yerindən xəbər verir ki, bu gün səhərə yaxın güclü yanğının baş verdiyi Narkoloji Dispanserin yaxınlığına heç kim, o cümlədən jurnalistlər buraxılmır.Polis ətrafda güclü mühafizə tədbirləri görüb, foto və videoçəkilişlər aparmağa icazə verilmir. Daxili İşlər Nazirliyinin və Baş prokurorluğun yüksək vəzifəli şəxslərinin hadisə yerində olduğu bildirilir.
Son məlumata görə yanğında xəsarət alan pasiyentlərdən 3 nəfəri Toksikologiya Mərkəzinə aparılıb. Səhiyyə qaynaqları yanğında ölənlərin sayının çox ola biləcəyini bildirir, lakin hələlik ölənlərin sayına dair rəsmi məlumat verilmir. Hadisə zamanı yanğın baş verən korpusda 30-dan çox pasiyentin olduğu bildirilir.
Əməkdaşımız onu da bildirir ki, bu dəqiqələrdə hadisə yerinə baş nazirin müavini, narkotiklərə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov da gəlib. Rəsmilərdən hələlik hadisə barədə açıqlama verən yoxdur.
Mənbə:> Virtualaz.org