Respublika Narkoloji Dispanserində güclü yanğın: Ölən və xəsarət alanlar var – FOTO
Bakıda güclü yanğın baş verib.
FHN-dən APA-ya verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.
Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Bildirilir ki, yanğın xəstəxananın daimi yataq xəstələrin müalicə aldığı 2-ci şöbəsində baş verib. Pasiyentlərin əksəriyyəti yanan binadan təxliyə olunub. Yanğın güclü olduğuna görə hələlik binaya daxil olmaq imkansızdır. İçəridə xəstələrdən hansınınsa qalıb-qalmadığı binaya daxil olduqdan sonra bilinəcək.
***
Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Respublika Narkoloji Dispanserində yanğın zamanı 30-dan artıq pasiyent binadan çıxarılıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.
Hazırda yanğın zamanı ölənlərin olub-olmaması dəqiqləşdirilir.
***
Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın baş verən binada pasiyentlərin qaldığı ehtimal edilir.
Mənbə:> APA