Şahdağda "Xalçaların şahı" - FOTOREPORTAJ
Red Bull Shakh Carpet yarışmasının qalibləri müəyyən edildi!
AzNews.info xəbər verir ki, 18 fevral “Şahdağ” Turizm Mərkəzində artıq üçüncü dəfə Red Bull Shakh Carpet yarışması keçirilib.
Bu yarışma şənliyi və ekstremallığı bir araya gətirir. 18 iştirakçı komandanın qatıldığı bu yarışmanın əsas qaydası ondan ibarətdir ki, müxtəlif kostyumlar geyinən, dağdan enmək üçün istənilən vasitələrlə təchiz olunmuş iştirakçılar enişin sonunda kiçik tramplinin üzərindən hovuza atlanırlar. Əsası odur ki, iştirakçıların xüsusilə müsabiqə üçün düzəltdikləri hərəkət vasitələrinin əsas elementi mütləq XALÇA olmalıdır!
Münsiflər heyətində olan Cəfər Axundzadə, Dilarə Kazımova, Nazim Babayev və Tunzalə Ağayeva “Ən yaxşı tullanma” nominasiyasında Super Liqa komandasını, “Ən kreativ komanda” nominasiyasında isə, Kalambur komandasını qalib təyin etdilər. Tamaşaçılar isə, RedBull.com səhifəsində onlayn səs vermə ilə “Tamaşaçı simpatiyası” nominasiyasında Hit Parad komandasını qalib seçdilər.
“Bu çox gözəl gün idi və biz şadıq ki, Red Bull Shakh Carpet yarışmasında qalib ola bildik. İştirak edən bütün komandalara və bu soyuq, qarlı gündə bizə dəstək olanlara təşəkkür edirik! Hovuz bir az soyuq idi, amma bu inanılmaz hisslərdir!” - Super Liqa komandasının kapitanı, Aqşın Bağırlı bildirdi.
Bir daha qeyd etmək istəyərdik ki, qaliblər həftəsonu “Şahdağ” Turizm Mərkəzinin otelində geceləmə, xizək, snoubord sürmək və ya öyrənmək imkanını, “Sport System” idman mağazasından növbəti qış sezonu ərzində avadanlığın pulsuz icarə imkanını və Formula 1 Azərbaycan Qran Prisinin pərdəarxasına eksklüziv bilet almaq və “Aston Martin Red Bull Racing” F1 komandasının pilotları ilə görüşmək imkanını qazandılar.
Mənbə:> AzNews.info