Ən ekstremal və şən qış müsabiqəsi qayıdır - RED BULL SHAKH CARPET – VİDEO+FOTO
Müsabiqənin münsiflər heyətində tanınmış simalar yer alır.
Bu il fevralın 18-də "Şahdağ" Turizm Mərkəzində artıq üçüncü dəfə ən ekstremal və şən qış müsabiqəsi hesab edilən "RED BULL SHAKH CARPET" keçiriləcək.
Hərfi mənası "Xalçaların Şahı" olan müsabiqənin ideyası ondan ibarətdir ki, müxtəlif kostyumlar geyinmiş, dağdan enmək üçün istənilən vasitələrlə təchiz olunmuş iştirakçılar enişin sonunda kiçik tramplinin üzərindən hovuza tullanırlar. Lakin iştirakçıların, xüsusilə, müsabiqə üçün düzəltdikləri hərəkət vasitələrinin əsas elementi mütləq xalça olmalıdır.
Qeydiyyatdan keçmək üçün iştirakçılar qabaqcadan komandanın kreativ konsepsiyasını və adını fikirləşməli, xalça ilə sürüşmək üçün vasitəni düzəltməli, həmçinin, müvafiq şən kostyumlar hazırlamalıdırlar:
- Komanda 2-3 iştirakçılardan ibarət olmalıdır;
- Konstruksiyaların qurulmasında xizəkdən, snouborddan, altı buz bağlamış yeşiklərdən və ya qar üzərində hərəkət üçün istənilən digər "hərəkət vasitələrindən" istifadə edilə bilər;
- Hər komandaya çıxış üçün 5 dəqiqə vaxt verilir (performans - tullanma).
Hər tullanma münsiflər heyəti tərəfindən bu meyarlara əsasən qiymətləndiriləcək: fəndin (tullanmanın) icrası, kostyumların və çıxışın yaradıcılığı. Qalib gəlməyin növbəti meyarı isə tamaşaçıların simpatiyasını qazanmaqdır.
Artıq münsiflər də tədbir gününə tam hazır olduqlarını bildiriblər. Qeyd edək ki, builki münsiflər heyətinə üç təkanla tullanma idman növü ilə məşğul olan çempion Nazim Babayev, məşhur müğənni Tunzalə Ağayeva, "Cinema Plus" şirkətinin icraçı direktoru Cəfər Axundzadə, müğənni və aktrisa Dilarə Kazımova və tanınmış kreativ teleprodüser Murad Dadaşev daxildirlər.
Qaliblər həftəsonu "Şahdağ" Turizm Mərkəzində xizək, snoubord sürmək və ya öyrənmək imkanı, həmçinin, Formula 1 Azərbaycan Qran Prisinin pərdə-arxasına eksklüziv bilet almaq və Red Bull Racing komandasının pilotları ilə görüşmək imkanı qazanacaqlar.
Yarışma "Şahdağ" Turizm Mərkəzinin dəstəyi ilə keçirilir.
Qaydalarla yaxından tanış olmaq və qeydiyyatdan keçmək üçün redbul.az/shakhcarpet elektron ünvanına keçid etmək lazımdır.
Mənbə:> Milli.az