Dövlət xidmətinin rəisi: “Nə pulum var, nə də səlahiyyətim” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Dövlət xidmətinin rəisi: “Nə pulum var, nə də səlahiyyətim”

Dövlət xidmətinin rəisi: “Nə pulum var, nə də səlahiyyətim”


İki aya yaxındır ki, saytımız Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki Mədəni irsin qorunması, inkişafı və bərpası Dövlət Xidmətinin və onun rəisi Zakir Sultanovun fəaliyyətini kəskin tənqid atəşinə tutur.

Bu xidmətin və icra hakimiyyəti orqanlarının göz yumması nəticəsində oliqarxlar Azərbaycanın tarixi irsini az qala yer üzündən silirlər. Alban kilsələrindən tutmuş, Tağıyevin evinə, qədim türbələrdən tutmuş (bunların üzərinə müasir İran kafeli vurulur!!!), orta əsrlər Bakısının köhnə küçələrinə qədər yoxa çıxmqdadır.

Od və küləklər şəhəri əcaib dəmir-beton kütləyə çevrilməkdədir – hər yerdə ancaq şüşə və metaldır.

Ötən həftə redaksiyamıza tarixin yer üzündən bu cür silinməsinin əsas səbəbkarı - Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki Mədəni irsin qorunması, inkişafı və bərpası Dövlət Xidmətinin rəisi Zakir Sultanov müraciət etdi.

Onun bizi aramasının səbəbi H.Z.Tağıyevin şəhərkənarı evinin dağılması barədə dərc etdiyimiz həyəcanlı yazılar idi. Bizi ofisinə dəvət etdi. Bütün suallara səmimi cavab vermək üçün.

Bu idarənin özəl bir iş mərkəzində yerləşməsini görüncə məəttəl qaldıq. Bakının tarixi irsinin qorunmasına məsul qurum məşhur VTB Rusiya bankının binasında yerləşirmiş. Öz-özümüzə sual verdik – deməli, hər şey satılır?

- Nəyə görə Azərbaycanın rəsmən dövlətin mühafizəsi altında olan tarix və mədəniyyət abidələri əksər hallarda hər hansı nəzarətdən məhrumdurlar və tədricən dağılırlar?

- Problem bundadır ki, bir çox tarixi, memarlıq abidələri müxtəlif dövlət idarələrinin, nazirliklərin, icra hakimiyyəti orqanlarının balansındadır. Yeri gəlmişkən, məhz həmin qurumlar bu abidələrin bərpası üçün vəsait ayırmalıdır. Konkret olaraq Hacı Zeynalabdin Tağıyevin bağ evindən danışsaq, bu villanın, şübhəsiz ki, vacib tarixi əhəmiyyəti var.

Nazirlər Kabinetinin 2011-ci il tarixli 132№-li sərəncamına əsasən, Tağıyevin Mərdəkandakı villası Azərbaycanın mühafizə olunan tarixi-memarlıq abidələrinin reyestrinə daxil edilib. Onun hazırda necə acınacaqlı vəziyyətdə olduğu mənə məlumdur. Tağıyevin ailəsi həmin imarətdən çıxarılandan sonra burada əvvəlcə hərbi hospital yerləşdirilmişdi. 1955-ci ildən isə onu Səhiyyə Nazirliyinin sərəncamına verdilər. Burada 2 saylı vərəm dispanserinin, sonradan isə 9 saylı ixtisaslaşdırılmış xəstəxananın inzibati heyəti yerləşirdi. 2009-cu ildə klinikanın rəhbərliyi villanın həyətində tikilmiş yeni binaya köçdü və Tağıyevin evi o vaxtdan boşdur.

Hazırda orada dörd qaçqın ailəsi yaşayır, evin bir hissəsi isə ərazinin 25 sotu ilə birlikdə Tağıyevin varislərinə verilib. Buna baxmayaraq, bu binanın əsas hissəsi Səhiyyə Nazirliyinin Bakı şəhər səhiyyə idarəsinin balansındadır. Qanunvericiliyə görə, abidələrin qorunması üzrə məsuliyyət tarixi əhəmiyyətli binaların balansında olduqları qurumların üzərinə düşür. Bu səbəbdən, Tağıyevin villasının tamlığı üçün məsuliyyəti Səhiyyə Nazirliyi daşıyır. Dövlət xidməti kimi biz yalnız nəzarət funksiyasını yerinə yetiririk.

Bizə belə abidələrin bərpası üçün vəsait ayrılmır. Lakin balans saxlayıcısı obyektin bərpası layihəsini təsdiq edilmək üçün məhz bizə təqdim etməlidir və bundan sonra xidmətimizin nəzarəti altında bərpa işlərini aparmalıdır.

Yeri gəlmişkən, hazırda xidmətimiz respublikanın tarixi abidələrinin inventarlaşdırılmasını həyata keçirir. İş burasındadır ki, bəzi binalar dağılıb və onlar, əslində, artıq yoxdurlar. 2018-ci ilə kimi tarixi abidələrin yeni siyahısı hazırlanmalı və təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunmalıdır.

- Bəs əgər tarixi abidənin balans saxlayıcısı olan təşkilatın onun bərpası ilə bağlı heç bir fikri yoxdursa və bunun üçün sizə müraciət etməyə də hazırlaşmırsa, o zaman nə etməli?

- Bu zaman balans saxlayıcısı məsuliyyət daşıyır.

- Həmin məsuliyyət özünü nədə büruzə verir? Məsələn, Tağıyevin villası dağılmaq ərəfəsindədir.

- Hələlik Tağıyevin Mərdəkandakı evi onu bərpa etməyə imkan verir. Biz bu məsələni Mədəniyyət və Turizm Nazirliyində müzakirə etmişik və nazirin həmin problemdən xəbəri var. Bununla bağlı Bakı şəhər səhiyyə idarəsi ilə də danışmışıq. Bizə bildirildi ki, bina istifadə olunmur və biz onun Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansına verilməsini təklif etdik. ƏMDK isə, öz növbəsində, villanı bərpa işlərini həyata keçirməyə imkanı olan struktura verə bilər.

Hər şey hüquqi normalara bağlıdır. Biz balansımızda olmayan binanı bərpa edə bilmərik. Səhiyyə Nazirliyini bu binanı bərpa etməyə məcbur da edə bilmərik, buna səlahiyyətimiz çatmır, çünki Xidmət mülkiyyətçinin işinə qarışa bilməz. Digər tərəfdən, abidələrin bərpası üçün bizim vəsaitimiz yoxdur.

- Əgər abidənin taleyi sizi narahat etmirsə, Səhiyyə Nazirliyi niyə onun bərpası ilə məşğul olmalıdır? Səhiyyə Nazirliyinin işi insanları müalicə etməkdir, tarixi abidələri bərpa etmək deyil...

- Bütün qurumlara öz binalarını müvafiq vəziyyətdə saxlamaq üçün vəsait ayrılır. Lakin əgər qurumun bərpa üçün vəsaiti yoxdursa, onlar Nazirlər Kabinetinə, yaxud ƏMDK-ya müraciət etməlidirlər ki, bina balanslarından çıxarılsın. Başqa çıxış yolu yoxdur.

- Milli irsin qorunması ilə bağlı hansısa məntiqsiz və küt mexanizm. Belə çıxır ki, adına rəğmən sizin dövlət xidmətinin səlahiyyətləri tarixi abidələrin qorunması üçün yetərli deyil?

- Bu gün bizim dövlət xidmətinin balansında bir dənə də olsa tarixi tikili yoxdur. Bu cür tikililərə görə bütün məsuliyyət, hansı ki, yeri gəlmişkən, həmin tikililər hamısı dövlətin mülkiyyətidir, onları icarəyə götürənlərin üzərinə düşür. Bizim missiyamız ondan ibarətdir ki, obyektin vəziyyəti barədə məlumat alaq, sonra zərurət yaranarsa, icarəçiyə onun bərpası üçün maliyyə ayırmağı təklif edək. Bizim təsdiq etdiyimiz layihə əsasında.



Bununla bərabər, bizim postsovet ölkələri üçün xarakterik olan spesifik problemlər var. Bolşeviklər o vaxtkı zəngin adamların evlərini nəinki dövlət mülkiyyətinə çeviriblər, eləcə də bu mülklərə dair bütün arxiv məlumatlarını siliblər. Nəticədə, bu tikililərin bərpası ilə bağlı problemlərlə qarşılaşırıq. Məsələn, Bərdədəki türbədə olduğu kimi. Həmin türbəyə dair hər hansı arxiv məlumatı tapa bilməmişdik.

- Həmin türbənin bərpası zamanı İran istehsalı olan kafeldən istifadə edilmişdi...

- Ona görə ki, türbəni bərpa etmək üçün tarixi artefaktlar, sənədlər tapmaq mümkün olmamışdı. Bizim mütəxəssislərimiz İrana getməli oldu və orada analoji İran türbələrinə baxdı. Bunun əsasında layihə hazırlandı.

- Bakı abidələrinə qayıdaq. Murtuza Muxtarovun evi, hansı ki, Ədliyyə Nazirliyinin balansındadır, vaxtilə çox yaxşı bərpa edilib. Nəyə görə bir məsələni həll edə bilirik, digəri büroktratik əngəllərlə qarşılaşır?

- Ona görə ki, Murtuza Muxtarovun evi məsələsində Ədliyyə Nazirliyi vəsait ayırdı və bərpa həyata keçirildi. Bəli, istək olsa, istənilən tarixi abidəni bərpa etmək olar. Əvvəllər abidələrin bərpasına dair az işlər görülməyib. Bu işlər mərhələlərlə aparılır. Vaxtaşırı olaraq biz İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə müraciət edirik ki, maliyyə vəsaiti ayrılsın. Pul ayrılanda tarixi abidələr də bərpa olunur.

- Sizin struktur Şəmsi Əsədullayevin Mərdəkandakı malikanəsinin təmiri layihəsini təsdiq edibmi? Əfsanəvi binanı suvayıblar, rəngləyiblər, “avrotəmir” aparıblar. Nəticədə, binanın bərpaya əvvəlkindən daha çox ehtiyacı var...

- Mən həmin binanın yerləşdiyi “Abşeron” sanatoriyasında olmuşam və obyekti balansında saxlayan təşkilatın - Həmkarlar İttifaqının rəhbəri Səttar Mehbalıyevlə danışmışam. Əsədullayevin villasının təmiri layihəsini bizim struktur təsdiq etməyib. Orada villanın əsas girişini betonlayıblar, lövhə asıblar ki, bu Şəmsi Əsədullayevin evidir, 1901-ci ildə tikilib və s. Sanatoriyaya girişi villanın digər tərəfindən açıblar. İstənilən tarixi binanın planlaşdırmasını dəyişdirmək yolverilməzdir. Hazırda biz Həmkarlar İttifaqı ilə tarixi binaya əvvəlki girişi bərpa etmək üçün iş aparırıq.

- Bəs Mərdəkanda, Tağı bəy Səfərəliyevin, neft sənayeçisinin villasında nə baş verir? Məşhur “Yaşıl bağ” olduqca baxımsız vəziyyətdədir...

- Səfərəliyevin villası artıq dağılıb, yoxdur. Villadan kiçik tikili - fligel qalıb ki, onu da yerli əhəmiyyətli tarixi abidələrin reyestrinə daxil etmişik. Bu tikili Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansındadır.

Müəyyən şərtlərdə yerli əhəmiyyətli tarixi tikili qəza vəziyyətinə düşsə, icarəçi onu sökə və yerində yeni bina tikə bilər. Lakin bu, bir sıra dövlət strukturları ilə razılaşdırılandan sonra mümkündür.

- Bəs Azərbaycanda tam dağılıb getməkdə olan alban kilsələri haqda nə deyərdiniz? Axı bu kilsələr bizim ərazimizdə heç vaxt “Böyük Ermənistan”ın olmadığını sübut edən tutarlı dəlillərdir...

- Bu məsələni hər il hökumətin qarşısında qaldırırıq. Məsələ bundadır ki, hazırda heç bir tarixi dini abidə, istər kilsə olsun, istər məscid, hansısa strukturun balansında deyil. İmkan daxilində biz bu obyektləri təmir edirik. Bu yaxınlarda Balaxanıda qədim türbə aşkarlandı. Onun bərpası üçün sponsor tapa bildik - 200-250 min manat vəsaitdən söhbət gedir. Tağıyevin villası kimi iri obyektlərin bərpası üçün isə milyonlarla manat lazımdır...

- Belə çıxır ki, Azərbaycanda səlahiyyətləri və pulu olmayan Dövlət Xidməti yaradıblar?

...Həmsöhbətimiz bu suala əllərini yana açmaqla cavab verir. Yeni il münasibətilə bizi təbrik edib şampan şərabı bağışlayır. Liftlə enirik və bank nəhənginin adını göstərən üç hərfin altında bir-birimizə təklif edirik: “Bu dərddən içək bəlkə, hə?!”



Söhbət etdilər: Eynulla Fətullayev və Ceyhun Nəcəfov

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *