Haqqin.az və Virtualaz.org H.Z.Tağıyevin evinin xilası üzrə kampaniyaya başlayır
Virtualaz.org-a Azərbaycan Mədəniyyət nazirliyindən bildirildiyinə görə, Hacı Zeynalabdin Tağıyevin şəhər kənarındakı evi mühafizə edilən tarixi abidələrin reyestrinə daxil edilib. Lakin maddi vəsait çatışmazlığı üzündən Mədəniyyət və Turizm Nazirliyinin yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət xidməti memarlıq abidəsinin bərpası işlərinə başlaya bilmir.
Xatırladaq ki, H.Z.Tağıyev 1924-cü ildə məhz Mərdəkandakı bu evdə dünyasını dəyişib.
Təəssüflə qeyd etməliyik ki, bu günə qədər də Bakıda milli özünüdərkin, təhsilin, maarifin və mədəniyyətin inkişafında misilsiz xidmətləri olan H.Z.Tağıyevin ev-muzeyi yaradılmayıb. Halbuki, bir neçə il əvvəl Bakıda Nobel qardaşlarının belə bir muzeyi açılıb. Lakin Nobellərdən fərqli olaraq, Tağıyev pullarını ölkəsinin inkişafına sərf edib, hətta sovet hakimiyyəti qurulduqdan sonra belə Azərbaycanı tərk etməyib və çoxmilyonluq sərvətini xalqına bəxş edib.
Bu gün haqqin.az və virtualaz.org saytlarının redaksiyası H.Z.Tağıyevin şəhər kənarında yerləşən evinin bərpası və onun ev-muzeyinin yaradılması üzrə ictimai kampaniyaya başlanması barədə qərar verib. Bununla əlaqədar olaraq, redaksiyamız ölkə rəhbərliyinin, H.Əliyev Fondunun, müvafiq nazirlik və idarələrin ünvanına yazılı müraciətlər hazırlayır. Bundan əlavə, redaksiyamız bir neçə məşhur iş adamın bu dahi azərbaycanlının evinin bərpası işində iştirak etməyə razılığını alıb.
Biz H.Z.Tağıyevin evinin bərpası üzrə işlərin gedişi barədə oxucuları mütəmadi məlumatlandıracağıq.
Mənbə:> Virtualaz.org