Putin qoşunların Suriyadan çıxarılmasına əmr verdi: “Bir də baş qaldırsalar onlara elə zərbə endirəcəyik ki...” – YENİLƏNİB
Bu gün Rusiya prezidenti Vladimir Putin Suriyadakı Hmeymin hərbi bazasına gedərək qoşun kontingentinin bu ölkədən çıxarılmasına dair əmrini elan edib. Virtualaz.org RİA Novosti-yə istinadən xəbər verir ki, Putin Rusiya qoşun kontingentinin qarşısındakı çıxışı zamanı deyib: “Müdafiə nazirinə, Baş qərargahın rəisinə əmr verirəm ki, Rusiya qoşun qruplaşmasının çıxarılmasına və daimi dislokasiya yerlərinə çatdırılmasına başlasınlar”.
Putin qeyd edib ki, Rusiya silahlı qüvvələri və Suriya ordusu iki ildən bir qədər artıq müddətdə beynəlxalq terrorçuların “ən döyüş qabiliyyətli qruplaşmasını” darmadağın edib. “Bununla əlaqədar olaraq mənim tərəfimdən qərar qəbul olunub ki, Suriya Ərəb Respublikasında yerləşdirilmiş qoşun kontingenti evə, Rusiyaya qayıtsın”-Putin deyib.
Rusiya prezidenti hərbi bazadakılara təşəkkür bildirib. Onların evə qələbə ilə qayıtdıqlarını bildirib. “Dostlar, vətən sizi gözləyir. Yaxşı yol. Xidmətə görə təşəkkürlər. Əgər terrorçular yenidən baş qaldırmağa cəsarət etsələr biz onlara elə zərbə vuracağıq ki, indiyə qədər görməyiblər”-Putin deyib.
Putini Xmeymin bazasına səfərdə Suriya diktatoru Bəşər Əsəd, Rusiya müdafiə naziri Sergey Şoyqu, Rusiya qoşun qruplaşmasının komandanı Sergey Surovkin müşaiyət ediblər.
Rusiya 2015-ci ilin sentyabrında Suriyada hava əməliyyatlarına başlayıb, Hmeymim aviabazasını yaradıb, daha sonra xüsusi təyinatlılardan və muzdlulardan ibarət quru qoşun kontingenti yeridib.
* * *14:07
Rusiya prezidenti Vladimir Putin Suriyaya səfər edib.
Virtualaz.org bildirir ki, məlumatı TASS yayıb.
Qeyd olunur ki, onu Rusiyanın Hmeymim bazasında Suriyanın prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanı Sergey Surovikin qarşılayıblar.
V.Putin şəxsi heyətlə görüşü zamanı Rusiya qoşun qruplaşmasının Suriyadan çıxarılması barədə əmr verib.
"Müdafiə nazirinə, Baş Qərargah rəisinə Rusiya qoşun qruplaşmalarının çıxarılmasına başlanmasını və daimi dislokasiya məntəqəsinə göndərilməsini əmr edirəm", - deyə Vladimir Putin çıxışında bildirib.
Mənbə:> Virtualaz.org