Dünyanın məhv olmaması üçün Rusiyadan ÜÇMƏRHƏLƏLİ PLAN – Apokalipsis XƏBƏRDARLIĞI
Rusiya Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə probleminin nizama salınmasının mərhələli planını təqdim edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini İqor Morqulov Seulda keçirilən “Valday” diskusiya klubunun sessiyasında deyib.
O bildirib ki, Rusiya ABŞ və KXDR-ı birbaşa hərbi münaqişənin qarşısını almaq üçün dialoqa çağırır. Onun sözlərinə görə, Moskva bunun üçün Pekinin dəstəyi ilə Şimali Koreyanın nüvə probleminin nizama salınmasının mərhələli planını təklif edir.
Plan haqqında təfərrüatı ilə danışan rusiyalı diplomatın sözlərinə görə, onun icrası zamanı Pxenyan və Vaşinqton arasında birbaşa danışıqlar istisna edilmir.
Morqulov qeyd edib ki, bu gün həqiqətən şimali-şərqi Asiyada hadisələrin inkişafının apokalipsis (“Apokalipsis”in bəşər tarixinin finalı, sonu mənasında işlənir. Yəni, dünyanın sonu kimi qəbul edilir –red.) ssenarisi mövcuddur.
“Təəssüflə deməyə məcburuq ki, regionda hadisələrin inkişafının apokalipsis variantı mövcuddur. Çox ümid edirəm ki, regional cəmiyyətdə sağlam düşüncə qalib gələcək və bu mənfi ssenari reallaşmayacaq. Doğrudanmı, kimsə düşünür ki, Koreya yarımadası üzərində “atəş və qəzəb” onilliklərin problemini həll edəcək?” - Morqulov vurğulayıb.
Diplomat hesab edir ki, Rusiya tərəfindən təklif edilmiş hərtərəfli mərhələli planı reallaşdırılarsa, ABŞ və KXDR arasında dialoq mümkündür. Onun sözlərinə görə, ilk addım, sözsüz ki, hərbi gərginliyin azaldılması olmalıdır. Morqulov xatırladıb ki, bəzən onu “ikiqat dondurulma” (söhbət raket və nüvə sınaqları ilə eyni vaxtda ABŞ regional müttəfiqləri ilə keçirdiyi hərbi təlimlərin dayandırılmasından gedir –red.) adlandırırlar.
“Əminəm, Koreya Xalq Demokratik Respublikasının yeni nüvə və raket sınaqlarından imtinası və eyni zamanda Amerika-Cənubi Koreya hərbi təlimlərinin intensivliyinin azaldılması mümkündür. İkinci mərhələ, birbaşa danışıqların işə salınmasıdır. Bu, həm Pxenyan və Vaşinqton arasında, həm də Pxenyan və Seul arasında mümkündür. Tamamilə əminəm ki, bu mümkündür”, - o söyləyib.
Onun sözlərinə görə, ABŞ və KXDR-in mümkün birbaşa danışıqlarının əsas mövzusu sülh içində yaşama prinsiplərinin müzakirəsi ola bilər.
“Yol xəritəsi”nin üçüncü mərhələsi isə regionda kollektiv təhlükəsizlikdir.
O xatırladıb ki, plan bir müddət əvvəl danışıqlar prosesinin bütün partnyor-iştirakçılarına təqdim edilib.
Mənbə:> Publika.az