Azərbaycan borusu ilə Avropaya Rusiya qazı?
Tikintisi planlaşdırılan İGİ “Poseidon” Yunanıstan-İtaliya magistral qaz kəməri konsorsiumunun səhmdarları Azərbaycan qazını Avropaya çatdırmaq üçün tikilməkdə olan TAP kəmərindən istifadə imkanlarını nəzərdən keçirir. Konsorsium nəzərdə tutur ki, bu kəmərlə təkcə Azərbaycan qazı yox, Rusiya qazı da nəql edilə bilər.
Virtualaz.org xəbər verir ki, bu barədə İGİ Poseidon konsorsiumunun rəhbəri E.Rudjeri bu gün noyabrın 9-da Milanda keçirilən “European Autumn Gas Conference”in kuluarlarında deyib. Rudjerinin açıqlamasını neftegaz.ru saytı dərc edib.
Onun sözlərinə görə, hazırda “Qazprom” şirkəti “Türk axını” qaz kəmərinin tikintisini aparır. Bu kəmər iki qoldan ibarət olmalıdır. Birinci qol Türkiyəyə ildə 15 milyard kubmetr Rusiya qazının nəqli üçün nəzərdə tutulub, kəmərin Rusiya hissəsinin çəkilməsi bu günlərdə başa çatıb.
İkinci qol isə Türkiyə ərazisindən Yunanıstanın Kipi məntəqəsinə qədər uzanmalıdır, oradan isə “Poseiodon” kəmərinə qoşulmaqla Rusiya qazını Yunanıstan və İtaliyaya çatdırmalıdır. “Poseidon” kəmərini Rusiya dəstəkləyir. Maraqlıdır ki, Azərbaycan qazının nəqli üçün tikilən TANAP kəməri də məhz həmin məntəqənin yaxınlığında TAP-a birləşdiriləcək. Türkiyə ərazisində isə TANAP “Botaş” şirkətinin nəzarətində olan qazpaylayıcı kəmərlər sisteminə qoşulacaq. “Türk axını” kəməri də təbii ki, bu sistemə qoşulmalıdır.
E.Rudjeri bildirib ki, ola bilsin təchizatçılar Avropaya çatdırmaq üçün “Botaş” sistemindən qaz almaq istəyəcəklər. Nəticədə Rusiya qazının Avropaya çatdırılması üçün TAP magistral kəmərindən istifadə etmək mümkün olacaq.
TAP-da isə kəmərin “Qazprom” tərəfindən mümkün istifadəsinə dair şərh verməkdən imtina ediblər. Təkcə onu bildiriblər ki, şirkət kəmər tikiləndən sonra sərbəst nəql gücünü bazara təklif edəcək. TAP kəməri ilə ildə 10 milyard kubmetr Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur. Bu həcmin 1.5 milyard kubmetri Yunanıstana, 1 milyard kubmetri Bolqarıstana, 8-8.5 milyard kubmetri isə İtaliyaya çatacaq.
TAP kəmərindən istifadəni “Qazprom”-da da istisna etmirlər. Rusiya şirkətində hesab edirlər ki, Azərbaycanın qaz ehtiyatlarını TAP-ı doldurmağa bəs etməyəcək, nəticədə Rusiya qazına ehtiyac yaranacaq.
Bu ilin yanvarında İtaliyanın “Snam” şirkətinin prezidenti F.Ermoli bildirmişdi ki, TAP kəmərinin nəql imkanlarını Rusiya qazının Avropaya nəqli üçün genişləndirmək asandır. Ona görə də Rusiya artıq xərc çəkib “Poseidon” kəmərini çəkməməlidir. Ermolinin sözlərinə görə, TAP istənilən müştərinin, o cümlədən “Qazprom”un qazını nəql edə bilər. Çünki nisbətən minimal investisiya hesabına kəmərin nəql gücünü ildə 20 milyard kubmetrə çatdırmaq mümkündür.
Mənbə:> virtualaz.org