Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu... – FOTO

Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...

...2015-ci ilin fevralında prezident İlham Əliyev ölkənin elektrik enerjisi təsərrüfatında radikal islahatlar həyata keçirəndə ən ucqar bölgələrimizdən olan Gədəbəyin Ermənistanla sərhəd Şınıx bölgəsində sakinlərin yəqin heç ağlına da gəlməzdi ki, cəmi iki il sonra evlərindəki ən vacib əşyalardan birinin-kerosin lampalarının yerini unudacaqlar.

Axı indiki nəsilə qəribə və arxaik görünə biləcək bu əşya həmin bölgənin, eləcə də Azərbaycanın digər ucqar regionlarının əhalisinin zülmət qaranlığında qalmaması üçün yeganə alternativ işıq mənbəyi (tək-tük evlərdəki elektrik generatorlarını nəzərə almasaq) idi. İllər boyu işıqların tez-tez sönməsinə, bəzən günlərlə işıqsız qalmağa adət etmiş sakinlərin payız-qış mövsümünə hazırlığının vacib elementlərindən biri də evlərindəki kerosin lampalarını sazlamaq, zəruri ağ neft ehtiyatı görməkdən ibarət olub.

Lakin indi digər bölgələrdə olduğu kimi bu bölgədə də vəziyyət kökündən dəyişib-sakinlər ağ neft lampalarını harada saxladıqlarını unutmağa başlayıblar...


Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...

Prezident nə demişdi...

Bu yerdə qısa haşiyə çıxaraq xatırladaq ki, 2015-ci ilin fevralında prezident elektrik enerjisinin satışı və paylanılması funksiyasının “Azərenerji” ASC-dən alınmasına dair sərəncam verdi. Sərəncama əsasən həmin vəzifə o vaxta qədər ancaq Bakının elektrik şəbəkəsini idarə edən “Azərişıq” ASC-yə həvalə olundu, beləliklə də bütün ölkə üzrə elektrik enerjisinin paylanılmasını və satışını həyata keçirən vahid operator şirkət yaradıldı.

İlham Əliyev həmin dövr üçün xeyli radikal görünə biləcək bu islahatları niyə həyata keçirmişdi? Çünki ölkənin nəinki ucqar dağlıq regionlarında, eləcə də mərkəzi regionlarında elektrik enerjisi ilə təchizat bərbad durumda idi. Şəbəkə infrastrukturu ötən əsrin 60-cı illərindən bəri demək olar ki, yenilənmirdi. Ciddi təsərrüfatsızlıq hökm sürürdü, istehsal olunan elektrik enerjisinin hər il demək olar ki, 20 faizi itkiyə gedirdi. “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov da bu günlərdə mətbuata müsahibəsində açıqlamışdı ki, həmin qərar veriləndə rayonlarda şəbəkələrin 85 faizi istismara yararsız idi.

Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...


Və prezident Nazirlər Kabinetinin iclasında islahatların hansı zərurətdən irəli gəldiyini əsaslandırarkən bəyan etmişdi ki, bölgələrdə əhalinin elektrik enerjisi ilə təchizatında ciddi problemlər mövcuddur. Paylayıcı xətlər və dayaqlar köhnəlib, problemin aradan qaldırılmasına dair əvvəllər verilən göstərişlər icra edilməyib. Prezident bu vəziyyəti “dözülməz” adlandırdı və “Azərişıq” ASC-nin qarşısında regionlarda elektrik enerjisi təchizatını Bakının səviyyəsinə qaldırmaq barədə vəzifə qoyduğunu bildirdi.

Hətta optimistlər də bundan təəcüblənərdi

Virtualaz.org qeyd edir ki, bu, o dövr üçün hətta optimistləri belə təəcübləndirəcək vəzifə idi. Axı təkcə paytaxtın elektrik şəbəkəsinə cavabdeh olan şirkət regionlarda uzun illərdir yığılıb qalmış bu problemləri necə aradan qaldıracaq? Regionlarda elektriklə təchizatı Bakının səviyyəsinə çatdırmağı, yəni sutkada 24 saat fasiləsiz elektriklə təchizatı necə təmin edəcək? Bunun üçün bütün şəbəkə infrastrukturunu yeniləmək, az qala hər şeyi sıfırdan qurmaq lazım gəlirdi...

Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...


Prezidentin başlatdığı islahatlardan cəmi iki il yarım vaxt keçib, amma o vaxt fantastik görünən həmin vəzifə həyata keçmək üzrədir. Regionlarda elektrik şəbəkəsi infrastrukturunun necə yeniləndiyinə, hər şeyin doğrudan da sıfırdan necə qurulduğuna dair “Azərişıq” ASC vaxtaşırı olaraq KİV-lərə məlumatlar yayır, brifinqlər təşkil edir. Bu səbəbdən həmin iki il yarımda hansı işlərin görüldüyünü sadalamağa ehtiyac yoxdur. Amma dəyişikliklərin, görülən işlərin miqyası, əldə olunan nəticə doğrudan da heyrətamizdir! Və bu yenidəndurma ölkənin ən ucqar bölgələrinə, keçilməz dağlıq ərazilərdə yerləşən ən ucqar kəndlərə də gedib çatıb!

Hərənin öz məqsədi...

Ölkənin regionlarında elektrik şəbəkəsi infrastrukturunun necə yenidən qurulduğuna Qərb bölgəsinin Şəmkir-Gədəbəy rayonlarında bir daha şahid olduq. Bu səfərdə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri, köhnə dostlardan Tanrıverdi Mustafayevlə yol yoldaşıyıq. Amma hərəmizin öz məqsədi var: T.Mustafayev "Azərişıq” ASC-nin rəhbərliyinin göstərişi ilə dağlıq bölgələrdə elektrik şəbəkəsinin qışa hazırlığı, görülən işlərlə bağlı məlumatlar almaq, problemləri öyrənib rəhbərliyə məruzə etmək üçün gedir. Mənim-bu sətirlərin müəllifinin məqsədi isə energetika problemlərindən yazan jurnalist kimi həm bölgədə əhalinin elektriklə təchizatının son illərdə necə dəyişdiyini araşdırmaq, həm fürsətdən istifadə edib dağların unudulmaz payız mənzərələrinə tamaşa etməkdir.

Bəribaşdan yarızarafat-yarıciddi şərt kəsirəm: dostluq və yol yoldaşlığı bir yana, amma siz göstərdiyinizi yox, özüm görüb-eşitdiyimi yazacam! Mətbuat katibi etiraz etmir: “Elə bizim istədiyimiz də bu deyilmi?”

Şəmkirdə vəziyyət haqda

Azərbaycanın ən inkişaf etmiş rayonlarından olan Şəmkirdə elektrik enerjisi təsərrüfatı ağlasığmaz dərəcədə dəyişib. Hər tərəfdə ancaq yenilik, müasirlik görmək olar: Şəmkir şəhərinin mərkəzində “Azərişıq” ASC-nin Şəmkir Elektrik Şəbəkəsinin müasir (hətta ultramüasir) ofis binası, estetik görünüşlü Komplekt Transformator Məntəqələri (açıq hava altındakı köhnə sovet transformatorlarını əvəzləyən qapalı KTM-lər), küçələr boyu cərgələnən yeni dayaqlar, köhnə, açıq naqilləri əvəzləyən daşıyıcı kabellər, müasir avtomat idarəetmə-nəzarət mərkəzi...

Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...


Bu ilin avqust ayında prezident İlham Əliyev Qərb bölgəsinə səfəri zamanı “Azərişıq” ASC-nin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin açılışını edib. Hansı ki, mərkəz yüksək və alçaq gərginlikli şəbəkələrə fasiləsiz nəzarətə, sərfiyyat göstəricilərinin on-line rejimdə monitorinqinə (!), şəbəkələrdə açılma və qoşulmaların on-line qeydiyyatını aparmağa, abonentlərin sayğaclarının göstəricilərini belə on-line rejimdə oxumağa imkan verir. Bu, bir çox qonşu ölkələrdə əlçatmaz görünən, ən qabaqcıl standartlara uyğun sistemdir.

Şəmkir Elektrik Şəbəkəsi 52 mindən çox abonentə (210 min nəfərdən artıq əhali) xidmət edir. Şəbəkədə demək olar ki, bütün köhnə tipli transformatorlar yeni KTM-lərlə əvəz edilib. Şəbəkənin qoyuluş gücü 35 meqavat artırılıb. Şəbəkənin “Azərişıq” ASC-yə verilməsindən bu yana 16 kilometr uzunluğunda 35 kilovoltluq, 126 kilometr uzunluğunda 6-10 kilovoltluq, 130 kilometr uzunluğunda 0,4 kilovoltluq xətlər yenidən qurulub. İstismara yararsız minlərlə sayğac yeniləri ilə əvəzlənib. Bu rəqəmlər rayonda elektrik təchizatı sahəsində vəziyyətin necə olduğu haqda hər şeyi deyir. Vəziyyət doğrudan da çox dəyişib...

Üzü dağlara doğru

Şəmkiri tərk edib üzü dağlara doğru yolumuzu davam etdiririk, sərt döngəli “Yasamal aşırımı” ilə Gədəbəy rayonuna qalxırıq. Sürücümüz Murad bu yollara bələd olmadığından daha ehtiyatlı davranır. Yol boyu gördüyümüz gözəl təbiət mənzərələri göz oxşayır: Doğrudan da şəhərdəki payızla bu dağlardakı payız arasında müqayisə olunmaz dərəcədə fərq varmış. Təbiət sanki bu yerlərdə rəssamlıq edir, az qala hər ağacın, hər kolun yarpaqlarının öz rəng çaları var. Ara-sıra buludların arasından boylanan payız günəşinin şüaları altında bu rəng çalarları da dəyişir...

Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...

Təbiət mənzərələri öz yerində, amma bizim nəzərlərimiz yol boyu həm də elektrik şəbəkəsi infrastrukturunda çatışmamazlıq, nöqsan aşkarlamağa yönəlib. Axı indiyə qədər görülmüş işlər haqda danışmaq yetmir. Bu yerlərdə qış sərt keçir və deməli elektrik şəbəkəsi də sərt qışa hazır olmalıdır.

Ölkə üzrə elektrik şəbəkəsinin yenilənməsi işləri çoxdan bu rayona da çatıb. Əlbətdə, Şəmkir qədər olmasa da...

Gədəbəy şəhərinə yaxınlaşan kimi prezidentin bu ilin avqustunda açılışını etdiyi 110/35/10 kilovoltluq yeni “Gədəbəy” elektrik yarımstansiyasının müasir binası, nəhəng transformator qurğuları dərhal gözə dəyir. Bu, həm də son illər rayonda inşa edilən ən müasr infrastruktur obyektlərindən biridir.

Hətta qızıl mədənləri generatorla işləyirmiş...

Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...


Tanrıverdi Mustafayev fürsətdən istifadə edib izahat verir: “Həmin yarımstansiya tikilənə qədər rayona elektrik enerjisi istismar müddətini başa vurmuş birdövrəli 35 kilovoltluq hava xətti ilə təmin olunurdu. Bu isə rayonun tələbatını ödəməyə, yeni tikilən obyektləri elektriklə təchiz etməyə imkan vermirdi. Hətta bəzi obyektlərin, o cümlədən Gədəbəy qızıl mədənlərinin elektrik enerjisi ilə təchizatı generatorlar vasitəsilə həyata keçirilirdi”.

“Azərişıq” ASC-nin mətbuat katibi öz sahəsi üzrə çox hazırcavab görünür, hansı rayondan sual versən dərhal görülmüş işlərə dair rəqəmləri ard-arda sadalamağa hazırdır...

“Bu gördüyümüz yarımstansiyadan əlavə bax orada (əliylə Gədəbəy Elektrik Şəbəkəsinin şəhər mərkəzindəki kiçik təpəciyin üstündə tikilmiş yeni, müasir ofis binasının yaxınlığını nişan verir) 35/10 kilovoltluq digər yarımstansiya da yenidən qurulub. İkidövrəli 110 kilovoltluq Zəyəm-Gədəbəy hava xətti çəkilib. Yəni bir xətdə elektrik hansısa səbəbdən kəsilsə avtomatik olaraq ikinci xətt işə düşəcək, nəticədə elektrik təchizatında fasilə yaranmayacaq. Əvvəllər isə mövcud olan yeganə hava xətti sıradan çıxsa bütün rayon işıqsız qalacaqdı”-T.Mustafayev ekspress-brifinqini davam etdirir.

Həmsöhbətim dəqiqləşdirir ki, 110/35/10 kilovoltluq Gədəbəy yarımstansiyasından 2 ədəd 35 kilovoltluq Saratovka, 1 və 2 saylı 35 kilovoltluq Mədən xəttləri və kəndlərə doğru daha 10 kilovoltluq 3 hava xətti çıxır. Həmin hava xətləri 1800-ə yaxın abonentin elektrik enerjisi təchizatını təmin edir. “Bu yarımstansiya cəmi 20 min 200-dən çox abonenti elektriklə təhiz edir”-T.Mustafayev əlavə edir.

Gədəbəyin kəndlərini keçib üzü Ermənistanla sərhəd Şınıx bölgəsinə doğru irəliləyirik. Ermənistanla sərhəd bu strateji bölgədə düşmənlə üz-üzə yaşayan əhalinin elektrik təchizatının hansı səviyyədə olduğunu araşdırmaq “Azərişıq” ASC nümayəndəsinin ezamiyyət məqsədlərindən biridir.

Yol boyu kəndlərdə elektrik şəbəkəsi infrastrukturunda yeniliklər hər halda nəzərə çarpır, təzə dayaqlar basdırılıb, bəzi kəndlərdə istismar müddətini başa vurmuş naqillər yeni SİP-kabellərlə əvəzlənib. Ara-sıra yeni KTM-lər də gözə dəyir...

Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...


Görüləcək işlər əlbətdə, çoxdur

“Görüləcək işlər əlbətdə, çoxdur, o cümlədən Gədəbəy rayonunda. Amma şükürlər olsun ki, prezidentin müəyyən etdiyi “İşıqlı Azərbaycan” layihəsi çərçivəsində qarşıya qoyulmuş məqsədə doğru inamla irəliləyirik. Asiya İnkişaf Bankı ilə Azərbaycan hökuməti arasında bağlanmış, dörd tranşdan ibarət cəmi 1 milyard dollarlıq kredit müqaviləsinin birinci tranşı çərçivəsində nəzərdə tutulmuş yenidənqurma işləri yekunlaşmaq üzrədir. İkinci tranş da hazırlanır və “Azərişıq” ASC bu tranş çərçivəsində görüləcək işlərin planını tərtib edir. Yəqin ki, növbəti mərhələdə Gədəbəydə daha genişmiqyaslı işlərin şahidi olacağıq”-Tanrıverdi Mustafayev gördüyümüz mənzərəni şərh edir.

Belə məlum olur ki, hazırda Gədəbəy rayonu üzrə 0.4 kilovoltluq şəbəkənin dayaqlarının təxminən üçdə biri, transformatorların isə 20 faizə qədəri yenilənib. O cümlədən Şınıx bölgəsinə gedən yüksək gərginlikli hava xətlərinin dayaqları dəyişdirilib, xətlərin dəyişdirilməsi də planlaşdırılır.

Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...


Erməni işğalından azad edilmiş Başkəndi keçib Şınıx bölgəsinə çatırıq. Bölgənin Zamanlı kəndində yeni KTM-in quraşdırılmasını müşahidə etmək fürsətimiz var. Bölgənin digər kəndləri kimi bu kənddə də elektrik şəbəkəsi, əhalinin elektriklə təminatı uzun illər boyu acınacaqlı vəziyyətdə olub. Ötən əsrin 60-cı illərində basdırılmış ağac dayaqlar, köhnəlmiş hava xətləri xüsusən sərt payız-qış aylarında, küləkdə-çovğunda tez-tez sıradan çıxıb. Sakinlər bəzən həftələrlə işıqsız qalıb.

İndi isə hətta bu ucqar bölgədə də yeniliyin əlamətlərini görmək olar. 0.4 kilovoltluq şəbəkənin yenidən qurulması istiqamətində o cümlədən Zamanlı kəndində işlər gedir. Ötən il dayaqların bir qismi yenilənib, bu ilin payızında isə Zamanlı və qonşu Mor-Mor kəndlərində dayaqların tamamilə dəyişdirilməsi prosesinə başlanılıb. O cümlədən kabelləşmə, köhnə sayğacların əvəzlənməsi aparılır.

Kəndə təzə transformator gəlib!

Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...


“Zamanlı kəndinin bir hissəsini təmin edən, istismar müddətini çoxdan başa vurmuş transformator sıradan çıxmışdı və yenisi ilə əvəzlənməsinə təcili ehtiyac yaranmışdı. Gördüyünüz kimi “Azərişıq” ASC kəndə yeni, müasir KTM göndərib, hazırda əməkdaşlarımız onu quraşdırmaqla məşğuldur. Beləliklə də kəndin bu hissəsində (təxminən 60 evlik ) 0.4 kilovoltluq şəbəkə tamamilə yenidən qurulmuş olacaq”-Gədəbəy Elektrik Şəbəkəsinin rəisi Akif Əsgərov bizi məlumatlandırır.

Hər tərəfi eniş-yoxuş olan bu yerlərdə KTM quraşdırmaq o qədər də asan iş deyilmiş. Qaldırıcı kran necə dayansın ki, yük maşınının üstündən avdanlığı götürüb yerinə qoyanda aşmasın? Axı ərazidə uzağı bir texnikanın dayanması üçün düz yer var. Yük avtomobili KTM üçün tikilmiş meydançaya yaxın dayananda krana yer qalmır, yaxud əksinə.

“Narahat olmayın, bunlar kənd şoferlərdir, bir variant tapacaqlar”-şəbəkə rəisi marağımızı görüb deyir.

Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...


Belə də olur, bir neçə manevrdən sonra kran şoferi əlverişli mövqe seçib avadanlığı yük maşınından düşürür və xüsusi meydançaya yerləşdirir. Elektriklər avadanlığı şəbəkəyə qoşmaqla məşğuldur, ətrafa toplaşan sakinlər isə gördüklərindən, prezident İlham Əliyevin başlatdığı islahatlardan, “Azərişıq” ASC-nin fəaliyyətindən, o cümlədən Gədəbəy Elektrik Şəbəkəsinin işindən çox razılıq edirlər.

Xruşşov erası nəhayət sona çatır

“Bu kənddə işıq dirəkləri basdırılanda, xətlər çəkiləndə Xruşşovun vaxtı idi (1953-1964-cü illərdə SSRİ rəhbəri olmuş Nikita Xruşşov). O vaxtdan bəri hər şey necə varsa elə qalmışdı, illər boyu biz düz-əməlli işıq üzü görməmişik. Bu yerlər sanki Allahın da yadından çıxmışdı. Xüsusən qış gələndə həftələrlə işıqsız qalacağımızı göz önünə alıb əvvəlcədən ağ neft tədarükü görürdük. Amma indi vəziyyət gör necə dəyişib, “Azərişıq” gələndən evdə çırağı (neft lampası) hara qoyduğumuzu unutmuşuq ...”-bunu kəndin yaşlı sakinlərindən biri deyir.

Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...


Gədəbəy Elektrik Şəbəkəsinin rəisi ilə söhbətdən məlum olur ki, şəbəkədə son illər görülən işlər, əvvəllər hökm sürən təsərrüfatsızlığın aradan qaldırılması nəticəsində elektrik enerjisi itkisini xeyli azaltmaq mümkün olub.

“Bu yerlərdə abonentlərin şəbəkəyə qanunsuz qoşulması halları çox nadir hallarda baş verir, yaxud heç baş vermir. Abonentlər bu görülən işlərin, aparılan yenidənqurmanın hansı böyük vəsait, əziyyət hesabına başa gəldiyini görəndə daha da məsuliyyətli olur, elektrikdən qənaətlə istifadənin vacibliyini başa düşür. Biz də öz növbəmizdə müntəzəm olaraq əhali arasında izahat işləri aparırırıq ki, qanunsuz qoşulmalar, sayğaca müdaxilələr olmasın. İtkinin əsas səbəbi köhnəlmiş naqillərdir ki, hazırda onların kabellə əvəzlənməsi prosesi gedir. Naqillər uzun illər boyu korroziyaya məruz qaldığından keçiriclik qabiliyyəti aşağı düşüb, nəticədə itkilər yaranır”-Akif Əsgərov kabelləşmə ilə əlaqədar son günlərini yaşayan, bir neçə yerdən calanmış açıq naqilləri göstərib izahat verir.

Bölgənin digər kəndlərində: “Alçaqlar təkər yandırıb buraxdılar...”

Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...


Kənddə təzə transformator məsələsini bir kənara qoyub bölgənin digər kəndlərindəki vəziyyəti araşdırmağa yollanırıq. Ermənistanla sərhədə, təmas xəttinə ən yaxın kəndlərdən olan Mor-Morda, Arabaçıda, digər kəndlərdə oluruq. Heyrətamizdir, amma Bakıdan “Azərişıq” ASC sözçüsünün gəldiyini eşidən sakinlərdən heç kimin işıqla bağlı ciddi şikayəti yoxdur! Sakinlərin yeganə arzusu şəbəkənin yenidən qurulması işlərinin davamıdır.

“Dayaqlar hamısı yenilənib, biz özümüz də işləmişik, yer qazıb basdırmışıq. Kabelləşmə də başa çatsa yəqin heç bir problemimiz olmayacaq”-Mor-Mor kəndinin təmas xəttinə yaxın səmtinə toplaşan sakinlər deyir.

Kəndin bu hissəsindən düşmən mövqelərinə qədər çox az məsafə var. “Bir neçə gün əvvəl alçaqlar təkər yandırıb buraxdılar, gördüyünüz o çəmənlikdə quru otlar alışdı, günlərlə yandı, qapqara şuma döndü...”-sakinlərdən biri Ermənistan ordusunun dayandığı yüksəkliyi göstərib qəzəblə bildirir.

Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...


Həmin çəmənliklər bir vaxtlar kənd sakinlərinin dolanışıq, əkin-biçin , yaylaq yerləri idi. İndi isə düşmən yüksəklikdə mövqe tutub, bu yerlərə yaxın düşmək həm də minalara görə təhlükəlidir. Məlum olur ki, bir neçə həftə əvvəl düşmən əsgərləri bu yerlərdə ot tədarük edən sakinin UAZ avtomobilini atəşə tutub. Güllələrdən biri avtomobilin təkərini deşsə də sakin özünü də, avtomobilini də güllə altından çıxara bilib...

Bu yerdə oxuculara bir sirri də açaq ki, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev əslində bu yerlərdən sayıla bilər. Çünki Mor-Mordan, Zamanlıdan onun doğma yurduna-hazırda Ermənistan ərazisində qalan qədim Azərbaycan torpaqlarındakı (Çəmbərək, keçmiş Krasnoselsk) Gölkənd kəndinə cəmi 4-5 km. məsafə qalır. T.Mustafayevin həsrətdə olduğu doğma yurduna uzun illərdən sonra ilk dəfə bu cür yaxınlaşıb ona baş çəkə bilməməkdən hansı hisslər keçirdiyi tamam ayrı mövzudur. Bu hissləri təsvir etmək üçün gərək əsl yazıçı olasan...

Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...


...Kəndləri dolaşdıqca T.Mustafayev köhnə transformatorların, dayaqların fotolarını çəkir. “Rəhbərliyə təqdim edəcəm. Sədrin (“Azərişıq” ASC-nin sədri) tapşırığıdır, harada bu cür təhlükə saçan köhnə transformatorlar varsa təcili dəyişdirilməlidir”, deyir.

Cavabsız sual: bu kəndlərə niyə qaz çəkilmir?

Gecəni keçirib ertəsi gün Bakıya dönmək üçün Zamanlıya geri qayıdırıq. Azacıq inkişaf, elektrik şəbəkəsinin yenidən qurulması yolsuzluq, qazsızlıq şəraitində yaşayan bu kasıb kənddə necə də ümid yaradıb! Sakinlər sevinirlər ki, nəhayət onların da kəndini yada salıblar. Ümid edirlər ki, nəhayət kəndin yanacaq problemini da yada salan olacaq. Cəmi 3-4 km məsafədən keçən daşıyıcı qaz kəmərindən bu kəndə də qaz çəkəcəklər və meşələrin qırılıb-tükənməsini nəhayət dayandıracaqlar...

Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...


Doğrudan da bir halda ki, prezident İlham Əliyevin göstərişi əsasında hələ 2011-cu ildə Şınıx bölgəsinə qədər daşıyıcı qaz kəməri çəkilib, o zaman təbii qazın verilməsini niyə 27 kənddən 3-4-ü ilə məhdudlaşdırıb getdilər? Axı daşıyıcı kəmərin yaxınlıqda olduğu şəraitdə kiçik diametrli borulardan ibarət paylayıcı qaz şəbəkəsini qurub qalan kəndləri, o cümlədən düşmənlə üz-üzə dayanmış Zamanlını, Mor-Moru, Arabaçını və s. qazla təmin etmək elə də böyük vəsait, texniki imkanlar tələb edən iş deyildi? Axı “Azərişıq” ASC də sübut edir ki, bu bölgənin kəndləri iş görmək üçün heç də keçilməz deyilmiş!

Bu suallara cavab almaq müşkülə çevrilib, sakinlərin qazla bağlı Bakıya ünvanladıqları çoxsaylı şikayətləri hələ də eşidən yoxdur...

Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...
Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...
Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...
Azərbaycanın qərbində Xruşşov erasının sonu: sakinlər neft lampasının yerini niyə unutdu...

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *