“Azərişıq” Nardarana işıq verilməsinin şərtini açıqlayıb
Nardaran qəsəbəsində abonentlərin elektrik enerjisi təchizatının dayandırılması istifadə olunmuş enerjinin haqlarının ödənilməməsi ilə əlaqədardır.
AzNews.info xəbər verir ki, bu barədə “APA-Economics”ə ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T. Mustafayevin sözlərinə görə, noyabr ayının 20-də “Azərişıq” ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərə xəbərdarlıq edilib ki, 23 noyabr 2015-ci il tarixdə, saat 12:00-dan etibarən elektrik enerjisinin verilişi dayandırılacaq.
“Hazırda qəsəbədə yenidən SMS tipli sayğacların quraşdırılmasına başlanılıb, hər bir abonentlə fərdi qaydada xüsusi müqavilə bağlanaraq sayğaclara yüklədikləri vəsait əsasında elektrik enerjisi ilə təchiz ediləcəklər. Bütün yuxarıda qeyd olunan tədbirlərin icrasına nəzarət təmin etmək üçün xüsusi qərargah yaradılıb. Abonentlər elektrik enerjisi təchizatı ilə bağlı qərargaha müraciət edə bilərlər”, - deyə qurum rəsmisi bildirib.
T. Mustafayev qeyd edib ki, yeni şərtlərə əməl edən Naradaran sakinləri elektrik enerjisi ilə təchiz olunacaqlar.
Mənbə:> APA-Economics