Tut tingləri və barama toxumları fermerlərə pulsuz veriləcək -Prezident sərəncamı
Prezident İlham Əliyev ipəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması, tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli sərəncamına əsasən nazirliyə ayrılmış vəsait hesabına 1,05 milyon manat, o cümlədən tut (çəkil) tinglərinin alınmasına 775 min manat, barama toxumlarının alınmasına 275 min manat sərf etsin.
Kənd Təsərrüfatı Nazirliyi tədarük olunan tut (çəkil) tinglərinin və barama toxumlarının, şəhər və rayonlarda tələbat nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını təmin edəcək; bu sərəncama uyğun olaraq, tut (çəkil) tingləri və barama toxumlarının əvəzi ödənilmədən paylanıldığı məhsul istehsalçıları, habelə şəhər və rayonlarda bu ting və toxumlara tələbat barədə məlumatı Azərbaycan Prezidentinə təqdim edəcək.
Mənbə:> virtualaz.org