Nazirlikdən fermerlərə daha bir güzəşt
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İran və Çindən yüksək keyfiyyətli barama toxumları tədarük edilərək ölkəyə gətirilib və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub.
Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.
Nazirlikdən qeyd edilib ki, stansiyada inkubasiya müddəti başa çatmış toxumlardan alınan qurdlar bəslənilməsi üçün 27 aprel 2016-cı il tarixində müəyyənləşdirilmiş bölgü əsasında Ağcabədi, Ağdaş, Bərdə, İmişli, Kürdəmir, Sabirabad, Ucar, Yevlax və Zərdab rayonlarından olan kümçülərə ödənişsiz olaraq paylanılacaq.
“Kümçüləri maarifləndirmək məqsədilə barama qurdlarının Qax Damazlıq İpəkçilik Stansiyasından təhvil alınması zamanı onlara ipəkqurdunun bəslənməsinə dair DVD disk, buklet və yaddaş vərəqələri veriləcək”, - deyə nazirlikdən bildirilib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli