Zaxarova Qarabağ münaqişəsinin həllindən danışdı
“Dağlıq Qarabağ münaqişəsinin həllinə Azərbaycan və Ermənistan rəsmilərinin öz baxışları var”.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin əsas götürülməsinin vacibliyini bəyan etməsi ilə bağlı erməni jurnalistin sualına cavabında deyib.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı format mövcuddur. Bu, həqiqətən də köhnə problemdir, hansı ki, burada güzəştin tapılmasına ehtiyac var. Güzəştin axtarılması tərəflərin mövqelərinin - bir-birinə nə qədər zidd olmasına baxmayaraq - yaxınlaşdırılmasıdır. Hazırkı vəziyyət münaqişənin həllini tələb edir. Məhz ona görə də son zamanlar təmaslar intensivləşib. Təmaslar müxtəlif formatlarda keçirilir. Rusiya bu formatın iştirakçısı kimi güzəştin tapılması üçün əlindən gələni edir. Əlbəttə istərdik ki, güzəşt tez tapılsın, nə qədər tez tapılsa, bir o qədər yaxşıdır. Ancaq bu güzəşt iki ölkənin xalqının gələcəyinə və əlbəttə ki, Dağlıq Qarabağda yaşayan insanların gələcəyinə ziyan verməməlidir”, - deyə Rusiya XİN-in sözçüsü bildirib.
Mənbə:> APA