Türkiyə ilə ABŞ arasında gərginlik qorxulu həddə çatıb
"The Telegraph" qəzeti yazır ki, ABŞ qoşunları ilk dəfə olaraq Türkiyə-Suriya sərhədi boyunca patrul keşiyi çəkməyə başlayıb.Məqalədə deyilir ki, bu, Türkiyə Suriyanın şimalında ABŞ-la müttəfiqlik edən kürd döyüşçülərin mövqelərinə hava zərbələri endirəndən dərhal sonra baş verib.
Türkiyə ötən həftə Suriyadakı Kürd Xalq Müdafiə Birlikləri və ya qısaca YPG-nin mövqelərinə hava zərbələri endirib və bunun nəticəsində ABŞ-a müttəfiq olan çox sayda döyüşçü həlak olub. Qəzet yazır ki, zərbələr nəticəsində 25 döyüşçünün ölməsi Türkiyənin NATO müttəfiqi olan Washington-u qəzəbləndirib.
ABŞ YPG-ni İŞİD-ə qarşı mübarizədə özünün əsas döyüşən müttəfiqi sayır. Məqalədə deyilir ki, hazırda xüsusi qüvvələrdən olan 500 Amerika hərbçisi Suriya Demokratik Qüvvələrinə (SDQ) Suriya torpağında dəstək verir. Ötən həftəsonu Amerikanın zirehli texnikası Suriyada Türkiyə ilə həmsərhəd bölgədə görünüb və Vashington, bu çox qeyri-adi hərəkəti ilə Türkiyəni kürdlər üzərinə gələcək mümkün zərbələrdən çəkindirəcəyinə ümid edir.
ABŞ-ın rəhbərliyi altında koalisiyanın birləşmiş komandanlığı bəyan edib ki, "patrul keşiyində məqsəd ABŞ-ın iki ən etibarlı anti-İŞİD partnyoru arasında zorakılığın eskalasiyasının qarşısını almaqdır".
Bu bəyanata baxmayaraq Türkiyə prezidenti Ərdoğan həftəsonu hava zərbələrinin təkrar olunacağı ilə hədələyib. "Biz gecənin bir aləmində gözlənilmədən gələ bilərik. Biz terrorçu qüvvələrə əvvəlcədən xəbərdarlıq etməyəcəyik və Türkiyə Silahlı Qüvvələri hər an gələ bilər".
"The Telegraph" yazır ki, ABŞ hərbçiləri, Türkiyə hava zərbələrini endirərkən hədəfdən bir neçə kilometr aralı idilər və Ankara ABŞ-a zərbələrə cəmi 52 dəqiqə qalanda xəbərdarlıq etmişdi.
Ərdoğan deyib ki, hərbi karvanlarda YPG nişanları ilə yanaşı Amerika bayraqlarını da görmək Türkiyəni "ciddi şəkildə kədərləndirib".
Türkiyə prezidenti bunu da əlavə edib ki, məsələni mayın 16-da Vaşinqtona səfəri zamanı prezident Donald Trampla söhbətində qaldıracaq. O həmçinin ABŞ hərbiyyəsi ilə YPG arasında koordinasiyaya son qoyulmasına çağırıb. ABŞ-YPG arasında əlaqələndirmə Obama-nın vaxtında başlanıb. Tramp seçki kampaniyası zamanı bu siyasətə yenidən baxacağını vəd etsə də, vəziyyət dəyişməyib.
"Bu dərhal dayandırılmalıdır. Başqa cür olsa, bu, region üçün və bizim üçün narahatlıq yaradacaq. Bu, həm də iki NATO üzvü və strateji partnyor kimi bizim üçün də narahatlıq olacaq"-Ərdoğan deyib.
Türkiyə İŞİD cihadçılarını və kürd döyüşçüləri Suriyanın şimal bölgələrindən çıxarmaq üçün 2016-cı ildə bu ölkəyə hərbi müdaxilə etmişdi. Məqsəd Türkiyə və yarımmuxtar kürd əraziləri arasında bufer zonasının yaradılması idi. Beynəlxaql Böhran Qrupunun (The International Crisis Group- İCG) son hesabatında deyilir ki, Suriya böhranı ABŞ qarşısında YPG dilemması qoyub.
İCG bildirir ki, YPG özünü İslam Dövləti adlandıran təşkilatla mübarizədə "əvəzsiz" qüvvədir. Lakin digər tərəfdən, ABŞ belə bir fakta da göz yuma bilməz ki, o, əslində PKK tərəfindən təlimləndirilmiş silahlı qüvvəyə dəstək verir. Bu həmin PKK-dır ki, ABŞ-ın NATO müttəfiqi olan Türkiyəyə qarşı qiyamı davam etdirir. İCG xəbərdarlıq edir ki, Türkiyənin ABŞ-ın etirazına baxmayaraq hava zərbələrini davam etdirməsi hadisələrin çox təhlükəli inkişafı sayıla bilər.
Mənbə:> Virtualaz.org