Bu gün Fransada prezident seçkilərinə start veriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

Bu gün Fransada prezident seçkilərinə start veriləcək

Bu gün Fransada prezident seçkilərinə start veriləcək


Bu gün Fransada prezident seçkilərinin birinci turu keçiriləcək.

AzNews.info APA-ya istinadən xəbər verir ki, seçkilərdə 11 prezidentliyə namizəd mübarizə aparacaq.

Namizədlərdən hər hansı birinin 50 faizdən çox səs alacağı proqnozlaşdırılmır. İlk turda ən çox səs toplayan iki namizəd mayın 7-də prezident seçkilərinin ikinci turunda yarışacaqlar. Sorğuların nəticələrinə əsasən ilk beş sırada qərarlaşan namizədlərdən 4-nün ikinci tura keçmək şansı var. İlk beşliyə radikal Milli Cəbhənin lideri Marine Le Pen, özünü mərkəzçi sayan “En Marche” (Yürüş) Hərakatının lideri Emmanuel Makron, mərkəz sağçı respublikaçıların namizədi Fransua Fiyon, radikal solun namizədi Jan-Lyuk Melanşon və hakimiyyətdəki Sosialist Partiyasının namizədi Benua Amondur.

Hüquqşünas olan 48 yaşlı M. L. Pen son prezident seçkilərində üçüncü sırada yer alıb. Ancaq onun bu seçkilərdə birinci turu keçəcək iki namizəddən biri olacağına heç kəs şübhə etmir. İslam və qaçqınlara qarşı baxışları ilə fərqlənən M. L. Penin vədləri sırasında yeni qanunlar qəbul edilənə nədər Fransaya bütün qanunsuz miqrasiyanın dayandırılması var. Digər vədləri sırasında Avropa İttifaqı ilə yeni müzakirələr aparılması və bununla bağlı referendumun keçirilməsi, qeyri-qanuni yolla ölkəyə gələn miqrantların ölkədən çıxarılması, qanuni miqrantların il ərzində sayının 10 min nəfərlə məhdudlaşdırılması, 15 min yeni polisin işə götürülməsi, 40 min nəfərlik yeni həbsxanaların inşası, radikal islamçıların getdikləri məscidlərin bağlanması, sosial məsələlərdə Fransa vətəndaşlarına üstünlük verilməsi, həftəlik iş saatının 35 saata qaldırılması, pensiya yaşının 60 yaş olması var.

M. L. Penin birinci turu keçməsi şübhə doğurmasa da, İkinci turda qələbə şansı yüksək qiymətləndirilmir. Onun ikinci turda E. Makronla mübarizə aparacağı proqnozlaşdırılır. E. Makron seçiləcəyi halda Fransanın ən gənc prezidenti olacaq. Fransa prezidenti Fransua Ollandın maliyyə məsləhətçisi olmuş E. Makron 2004-cü ildə maliyyə naziri təyin edilib. Prezidentliyə namizədliyini irəli sürməmişdən əvvəl nazir postundan istefa verib. Bir il əvvəl qurduğu Yürüş Hərəkatını nə sağ, nə solçu hərəkat kimi qiymətləndirmir. Seçki vədləri sırasında peşə təlimi, kömürdən yenilənən enerjiyə keçid, infrastrukturun müasirləşdirilməsi layihələrinə 50 milyard dollar xərclənməsi, şirkətlərə vergi güzəştləri, 35 saatlıq həftəlik iş saatının artırılması üçün şirkətlərlə müzakirələr aparılması, işsizlik səviyyəsinin 9,7 faizdən 7 faizə endirilməsi var.

Respublikaçılar Partiyasının sabiq prezident Nikola Sarkozi və sabiq baş nazir Alain Juppenlə müqayisədə üstünlük verərək namizədliyini irəli sürdüyü sabiq baş nazir F. Fiyon seçki kampaniyası dövründə qalmaqalla üzləşib. F. Filon həyat yoldaşı və iki övladına büdcə vəsaitlərindən şəxsi məqsədləri üçün istifadəyə şərait yaratmaqda günahlandırılıb. Haqqında rəsmi araşdırma başlasa da, ilkin dövrdə namizədlikdən imtina edəcəyini bildirən F. Fiyon bu addımı atmayıb, “siyasi bir sui-qəsd”in qurbanı olduğunu bəyan edib. Bu qalmaqala rəğmən ictimai rəy sorğularında F. Fiyon üçüncü sırada qərarlaşıb. F. Fiyonun vədləri sırasında 0,5 milyon insanı dövlət sektorunda işdən çıxarmaq, həftəlik iş saatının müddətinin 35 saat saxlanılması, mülkiyyət vergisinin ləğv edilməsi, İraq və Suriyada döyüşlərdə iştirak edən cihatçıların Fransa vətəndaşlığından çıxarılması, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının ləğv edilməsinə səy göstərilməsi, Suriya prezidenti Bəşər Əsədə İŞİD terror təşkilatını məğlub etmək üçün yardım edilməsi var.

Jan-Lyuk Melanşonun gənclər arasında dəstəyi yüksəkdir. Fransa Kommunist Partiyası tərəfindən də dəstəklənən Sol Partiyanın namizədi keçən il Dirçələn Fransa Hərəkatının qurub. Avropa İttifaqı ilə razılaşmalara təkrar baxılmasını zəruri sayan J.L. Melanşonun seçki vədləri sırasında səsvermə yaşının 16 yaşa endirilməsi, Fransada prezident üsul-idarəsinin dəyişməsi, parlamentin mövqeyinin gücləndirilməsi, ölkədə heç kimin evsiz qalmaması, səhiyyə xərclərinin dövlət büdcəsindən ödənilməsi var.

B. Amon sabiq baş nazir Manuel Vallsı ilkin seçkilərdə məğlub edərək hakimiyyətdəki Sosialist Partiyasının namizədi olub. Sosialist Partiyasının bölünməsi səbəbindən ilk dörd namizəddən şansı az dəyərləndirilən B. Amon robortlar tərəfindən görülən işlərə vergi qoyulması, işçiləri işə götürməyi və işdən çıxarmağı asanlaşdıran qanunun ləğvini, ayda 2185 avrodan daha az qazananların gəlirlərini artırmaqla bağlı planın hazırlanması, işsizlərə ayda 600 avro ödənilməsi, ən aşağı gəlirli təbəqələrə ayda 200 avro yardım edilməsi, 2025-ci ilə qədər elektrik enerjisinin yenilənən enerji qaynaqları vasitəsi ilə istehsal edilməsi vədlərini verib.

Fransada prezident postu uğrunda mübarizə aparan digər 6 namizədin şansı isə zəif dəyərləndirilir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *