Zakir Həsənov İranda – FOTO (YENİLƏNİB)
Aprelin 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər terrorizm və güc tətbiqinin bölgə, ümumiyyətlə, bütün dünya üçün böyük təhlükə yaratdığını bildirərək bu çağırışlara qarşı mübarizədə iki ölkənin səylərinin daha da artırılmasının vacibliyini vurğulayıblar.
Cənab Ə.Şəmxani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinə olduğunu, eləcə də regiondakı problemlərin danışıqlar vasitəsilə həll edilərək sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı olduğunu xüsusi qeyd edib.
14:50
İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti aprelin 16-da Tehranda İranın müdafiə sənayesinin nailiyyətləri sərgisində olub.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bu ölkənin müdafiə sənayesi kompleksinin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova İran Silahlı Qüvvələrinin silahlanmasındakı müxtəlif döyüş vasitələrindən ibarət eksponatlar təqdim edilib.
Sərgi ilə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov “Xatirə kitabı”nı imzalayıb.
12:44
İranda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 16-da Tehranda İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan nümayəndə heyəti Şəhidlər kompleksini ziyarət edərək ehtiram əlaməti olaraq memorial önünə əklil qoyub.
Sonra rəsmi qarşılanma mərasimi keçirilib.
İki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşü zamanı hərbi, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə:> Oxu.Az