"Kreditlərin ayrılmasına göstəriş Cahangir Hacıyev tərəfindən verilirdi"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən yüz milyonlarla kredit götürüb qaytarmamaqda ittiham olunan sabiq deputat, oliqarx Dünyamin Xəlilov və digər altı nəfərin – “Aqora” MMC-nin direktoru Fərhad Əmiraslanov, “Səbail Mebel” ASC-nin baş direktoru Seyfulla Seyfullayev, “Kondor Qrup” MMC-nin direktoru Mənsur Zeynalov, «Sport Layn» MMC-nin direktoru Rauf Əliyev, Şakir Musayev və Ruslan Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib.
Prosesdə şahid qismində Əsgər Məmmədov ifadə verib.
O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib. İfadəsində Beynəlxalq Bankın departament direktoru, İdarə Heyətinin sədr müavini vəzifəsində işlədiyini,2010-cu ildə öz ərizəsi ilə işdən azad olunduğunu göstərib.
Şahid deyib ki, Beynəlxalq Bankdan ayrılan kreditlər bank rəhbərliyinin göstərişi ilə olub: "Şirkətlərə kreditlərin ayrılmasını ilə bağlı Emin Mustafayev göstəriş verirdi. Beynəlxalq Bankın xaricdəki layihələri barədə sonradan məlumatım olub".
Şahid qismində Beynəlxalq Bankın baş direktoru Fuad İslamov ifadə verib. O, təqsirləndirilən şəxslərdən Dünyamin Xəlilovu və Şakir Musayevi tanıdığını, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib: "Həmin ərəfələrdə mən Beynəlxalq Bankda Kredit Komitəsinin üzvü idim, komitənin qərarlarına qol çəkmişəm. Bankdan kredit alan şirkətlərin sənədlərinə imza atmışam".
Dövlət ittihamçısı Ramin Nağdəliyevin "imza atdığınız sənədlərdə qanunsuzluqlara yol verildiyini bilirdinizmi" sualına şahid həmin vaxt qanunsuzluq olduğunu bilmədiyini deyib: "Rəhbərliyin göstərişi olub. Kredit Komitəsinin sədri Emin Mustafayev sənədləri hazırlayıb göndərirdi, biz də imzalayırdıq. Kredit Komitəsinin sədri bizə deyirdi ki, tapşırıq gəlib və buna imza atılmalıdır. Deyilənə görə, göstərişlər İdarə Heyətinin sədri tərəfindən verilirdi. Verilən hər bir kredit hansısa layihələrə əsaslanırdı. Hər bir kredit sənədlərinin arxasında layihələr vardı. Həmin layihələrə uyğun kreditlər ayrılırdı. Kreditlərin həcmi böyük məbləğdə olarsa, buna Müşahidə Şurası nəzarət etməli idi".
Dövlət ittihamçısı:"Bunlar ciddi sənədlər idi".
Şahid:" Rəhbərliyin göstərişi idi, deyirdilər sədr deyib, biz də imzalayırdıq".
Digər şahid Viktoriya Xəlilova Dünyamin Xəlilova məxsus şirkətlərdən birində baş mühasib vəzifəsində çalışdığını deyib. O, ifadəsində mühasib kimi sənədləri D. Xəlilovun göstərişi ilə hazırladığını bildirib.
Şahid Ruslan Əlixanov da analoji ifadə verib. O, "General Construction" şirkətində baş mühasib işlədiyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib.
Məhkəmə prosesi aprelin 13-də saat 14-də davam etdiriləcək.
İttihama görə, Dünyamin Xəlilov dostu - Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin dəstəyi ilə rəhbərlik etdiyi şirkətlərdəki işçilərinin adına milyonlarla manat kredit götürüb və qaytarmayıb.
DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış istintaqın materiallarına əsasən, Dünyamin Xəlilov Beynəlxalq Bankın pullarını “Səbail Mebel” ASC, “Aqora” MMC, “Kondor Group” MMC və digər şirkətlərin adlarına kredit kimi rəsmiləşdirib, daha sonra həmin pulları Panamada qeydiyyatdan keçmiş “Oceanstream İnc” ofşor şirkəti üzərindən ölkədən çıxarıb.
Təqsirləndirilən D.Xəlilov, Ş.Musayev və S.Seyfullayevin epizodları üzrə 36 nəfər fiziki şəxsə "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit verilib. Hazırda bank həmin kreditin - 3 milyon 359 min 399 manat məbləğində faiz borclarını tələb edir.
Bundan başqa, cinayət işində qeyd edilib ki, D.Xəlilov, M.Zeynalov, F.Əmiraslanov, Ş.Musayev, R.Əsgərov və Rauf Əliyev "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 85 milyon 355 min 786 manat məbləğində ziyan vurub. Həmin təşkilat dəymiş ziyanın ödənilməsi üçün mülki iddia qaldırıb.
Zərərçəkmiş qismində tanınan iki bank və bir dövlət qurumu tərəfindən təqsirləndirilən şəxslərə qarşı ümumilikdə 90 milyon 467 min 544 manat mülki iddia qaldırılıb.
Mənbə:> Virtualaz.org