ABŞ-ın dövlət katibi Ərdoğanla danışıqlara gedir
ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, qeyd edib ki, ABŞ rəsmisinin səfəri martın 30-da baş tutacaq. Vaşinqtonun diplomatik rəsmiləri hələlik bu məlumatla bağlı hər hansı açıqlama verməyiblər.
Türkiyə XİN rəhbəri isə "Habertürk TV"yə müsahibəsində "ABŞ-ın dövlət katibi martın 30-da Türkiyəyə gəlmək istədiyini söylədi və mən də bunun uyğun vaxt olduğunu dedim. Əgər həmin gün baş nazirimiz Ankarada olsa, ABŞ-ın dövlət katibini qəbul edəcək" - deyə bildirib.
Yalnız ABŞ-ın "Al Monitor" saytı da R.Tillersonun Türkiyəyə səfər edəcəyini bildirib. Saytın məlumatına görə, Reks Tillerson Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanla, habelə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşəcək.
Mənbə:> Report