Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – FOTO (YENİLƏNİB)
Martın 5-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
14:00
Martın 5-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Oxu.Az xəbər verir ki, “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsinin icraçı direktoru Meysam Nəsiri Əhmədəbadi imzaladılar.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İran İslam Respublikasının Dəmir Yolları Şirkətinin prezidenti Səid Məhəmmədzadə imzaladılar.
13:26
Bu gün məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Oxu.Az xəbər verir ki, H. Ruhani geniş tərkibli görüşdə deyib ki, prezident İlham Əliyevə və onu müşayiət edən nümayəndə heyətini görməyə çox şaddır.
H. Ruhani qeyd edib ki, Azərbaycan prezidenti və nümayəndə heyətinin üzvləri ilə İranda keçirdikləri görüş bir başlanğıc olub: “Ümid edirəm ki, bu başlanğıc bizim əlaqələrimizə daha yaxşı töhfə verəcək. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən illərdə iki ölkə, iki dövlət arasındakı əlaqələr sürətlə inkişaf edərək genişlənib. Bu da göstərir ki, biz gələcəyə ümidlə baxmalıyıq”.
Azərbaycan prezidenti İlham Əliyev ilk növbədə, dəvətə, ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə İran prezidentinə minnətdarlıq edib: “İran-Azərbaycan əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir. Son bir neçə il ərzində bu əlaqələr, deyə bilərəm ki, ən yüksək zirvəyə qalxıb. Bir çox önəmli məsələlər öz həllini tapıb və bu gün İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir. Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və prezidentlər səviyyəsində görüşlərimiz, nazirlərin görüşləri ümumi işimizə böyük töhfədir”.
12.29
İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani arasında geniş tərkibdə görüşü olub.
Oxu.Az-ın məlumatına görə, təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
12.14
İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü keçirilib.
Oxu.Az-ın məlumatına görə, rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü keçirilib.
Mənbə:> Oxu.Az