Latviya Rusiya ilə sərhəddə hasar inşa edib
Latviya ölkəyə qanunsuz girişin qarşısını almaq üçün Rusiya ilə sərhəddə uzunluğu 23 kilometr olan hasar inşa edib.
AzNews.info Report-a istinadən xəbər verir ki, bu barədə Latviyanın Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Yevgeniya Poznyak məlumat verib.
“Hasarın tikintisi üzrə işlər 2015-ci ildə başlanıb və bunun 2019-cu ilədək yekunlaşdırılması planlaşdırılır. Hazırda sərhəd boyu 65 km. uzunluğunda zolaq təchiz edilib, həmçinin 23 km. uzunluğunda hasar quraşdırılıb”, – deyə o əlavə edib.
Poznyak, həmçinin qeyd edib ki, 2017-ci ildə sərhədlərin qaydaya salınması üçün 6,3 mln. avro ayrılıb. Vəsait minimal hündürlüyü 2,7 metr olacaq 60 km-lik hasarın tikintisinə və 150 km. uzunluğunda olan sərhəd zolağının təchizatına gedəcək.
Ümumilikdə 276 km-lik Rusiya-Latviya sərhədində təbii maneənin olmadığı sahələr (193 km) hasarlanacaq.
Mənbə:> Report