İlham Əliyevdən Lavrova mesaj: “Kim BMT qətnamələrini unudubsa yada sala bilərik...”
"Beynəlxalq hüquq da bizim mövqeyimizi müdafiə edir. Bir çox mötəbər beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul edib. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır.
“Əgər kimsə bunu unudubsa, biz bunu yada sala bilərik. Bax, budur bu qətnamələrin əsas mahiyyəti. Ancaq Ermənistan buna məhəl qoymur və işğalçı ölkəyə heç bir təzyiq göstərilmir. BMT Təhlükəsizlik Şurası ilə yanaşı, digər beynəlxalq təşkilatlar – İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası oxşar qərar və qətnamələr qəbul edib. Onlar da kağız üzərində qalıb. Bu, ədalətsizlikdir, bu, beynəlxalq normaların kobudcasına pozulması deməkdir. Ancaq yenə də işğalçı dövlətə heç bir təzyiq göstərilmir. Bu, ikili standartlar siyasətidir. Əfsuslar olsun ki, bizim ölkəmiz uzun illər ikili standartlarla üzləşir. Bəzi yerlərdə BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir, bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır və onları qəbul edənlər də buna biganə qalırlar. Belə olan halda Azərbaycan öz gücünü artırmalıdır və artırır".
Xatırladaq ki, bu günlərdə Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı jurnalistin Qarabağda hərbi əməliyyatların keçiriləcəyi halda Rusiyanın buna reaksiyasının necə olacağı haqda sualına cavab olaraq əvvəl “atəşkəs haqda BMT qətnamələrini” yada salıb, daha sonra Qarabağda hərbi əməliyyatların keçirilməsinin “Azərbaycanın daxili işi olmadığını” deyib. Erməni tərəfi Lavrovun bu bəyanatını Rusiyanın mövqeyini dəqiqləşdirməsi kimi şərh edib sevinir. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov elə həmin gün Lavrovun bəyanatına cavab olaraq müsahibə verib, BMT Təhlükəsizlik Şurasının qətnaməsinin məzmunu yada salıb. İndi isə belə görünür ki, prezident İlham Əliyev Sergey Lavrova eyhamla bildirir: “Kim BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini unudubsa yada sala bilərik...”
* * *15:36
“Aprel döyüşləri Azərbaycan Ordusunun böyük qələbəsi idi. Bu döyüşlər zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər yaratdığı mif dağıdıldı”.
Virtualaz.org bildirir ki, bu fikirləri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında hərbçilərlə görüşdə deyib.
Ölkə başçısı bəyan edib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır: “Ermənistan işğalın aradan qaldırılması üçün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymur. Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır. Münaqişənin həlli isə çox sadədir. Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəyik, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, tarix və dünya birliyi də bunu belə qəbul edir”.
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan srağagün bildirmişdi ki, nə Azərbaycan, nə də Ermənistan Qarabağın taleyini həll edə bilmir. O həmçinin əlavə etmişdi ki, Ermənistan Dağlıq Qarabağ üçün son statusa nail olmağa çalışır.
Mənbə:> Virtualaz.org