İlham Əliyev: Bu, İslam mədəniyyətinə qarşı terrorizmdir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, öz həllini tapmır. Uzun illərdir ki, Azərbaycan erməni işğalından əziyyət çəkir.
Oxu.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının açılışında deyib.
Dövlət başçısı qeyd edib ki, beynəlxalq birlik tərəfindən tanınmış ərazimizin 20 faizi erməni işğalı altındadır.
“Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı ermənilər tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər Xocalı soyqırımı törətmişlər.
Bu gün 10-dan çox ölkə Xocalı faciəsini soyqırımı kimi tanıyır. Ermənistan bütün beynəlxalq hüquq normalarını kobudcasına pozur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır ki, orada erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. İyirmi ildən çoxdur ki, Ermənistan bu qətnamələrə məhəl qoymur.
Digər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası da oxşar qərar və qətnamələr qəbul etmişlər. Yəni, beynəlxalq hüquq tam şəkildə Azərbaycan mövqeyini dəstəkləyir. Eyni zamanda, tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır. “Qarabağ” sözünün özü Azərbaycan mənşəlidir. Ona görə həm tarix, həm beynəlxalq hüquq ölkəmizin mövqeyini dəstəkləyir və bu münaqişə yalnız ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllini tapa bilər”, - Prezident İlham Əliyev bildirib.
Azərbaycan prezidenti həmçinin qeyd edib ki, ATƏT işğal edilmiş ərazilərə iki dəfə missiya göndərilib və missiyaların məruzələri göstərir ki, işğal edilmiş torpaqlarda hər şey - bizim şəhərlərimiz, kəndlərimiz, tarixi, dini abidələrimiz dağıdılıb.
“Ermənilər işğal edilmiş torpaqlarda 10 məscidi dağıdıblar. Bu, vəhşilikdir. Bu, İslam mədəniyyətinə qarşı terrorizmdir. Bir daha qeyd etmək istəyirəm ki, ISESCO bu məsələdə Azərbaycanın haqlı işini daim dəstəkləyir.
Erməni terror təşkilatları 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-dan çox terror aktı törətmişlər. Bu terror aktları nəticəsində 2 mindən çox günahsız insan həlak olmuşdur. Biz dəfələrlə bəyan etmişik ki, terrorizmin nə milləti, nə də dini var. Əfsuslar olsun ki, son vaxtlar bəzi Qərb dairələri, media nümayəndələri İslamı terrorla bağlamaq istəyirlər. Biz bu çirkin əməlləri qətiyyətlə pisləyirik. İslam sülh dinidir, mərhəmət dinidir, dostluq dinidir. Biz İslam dəyərlərini dünyaya təqdim etmək üçün Azərbaycanda fəal iş aparırıq. Azərbaycan o ölkələrdəndir ki, dünyanın ən məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal rol oynamış, öz maliyyə töhfəsini vermişdir”, - İlham Əliyev deyib.
Mənbə:> Oxu.Az