Milli Məclisdə qalmaqal - Spiker Zahid Oruca Səviyyəsiz dedi
Milli Məclin növbədənkənar sessiyasının sonuncu iclasında deputat Zahid Orucla sədr Oqtay Əsədov arasında qalmaqal yaşanıb.
Modern.az-ın xəbərinə görə, deputatlar birbaşa gündəlikdə duran məsələlərin müzakirəsinə keçiblər.
Deputatlar Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini müzakirə ediblər.
Bu haqda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
O qeyd edib ki, təklif edilənlər vacib dəyişikliklərdir.
Deputat Qüdrət Həsənquliyev bu dəyişiklikləri müdafiə etdiyini açıqlayıb.
Zahid Oruc isə deyib ki, Böyük Britaniyada Avropa Birliyindən çıxmaq xətti qalib gəldi:
“Avropa Birliyinin gələcəyi sual altına düşür. Bu iqtisadi bazarlara təsir edəcək. Artıq bu gundən funt strerlinqin qiyməti aşağı düşüb. Eləcədə avro dollar qarşısında zəifləməkdə davam edir. Odur ki, “tax-free” siyasətinə diqqətlə yanaşmaq lazımdır”.
Spiker Oqtay Əsədov deyib ki, “tax free” dünyanın 130 ölkəsində işləyir:
“Azərbaycan bura qoşulmaqla 131-ci ölkə olacaq. Bunun Avropa Birliyinə nə dəxli var axı?”.
Spiker Oqtay Əsədovun bu fikirləri Zahid Orucun etirazına səbəb olub. Deputat yerdən spikerə etiraz edərkən qarşıdurma yaranıb. Spiker Zahid Orucu sakit olmağa dəvət edib:
“Siz danışdınız, mən də sizə qulaq asdım və izahat verirəm. Xahiş edirəm yerindən danışma”.
Zahid Orucun yerdən danışması spikeri yenidən əsəbləşdirib: “Otur yerində. Sakit ol. Səviyyəni gördük. Səviyyəsiz. Sənə söz verməyəcəm”.
Deputat Siyavuş Novruzov tərəfləri sakitliyə dəvət edib. O, spikerin istənilən məsələ ilə bağlı fikrini demək hüququnda olduğunu bildirib: “Etika qaydalarına riayət edək. Azərbaycanda mövcud adət-ənənə, böyük-kiçik məsələsi var. Milli Məclisdəki əvvəlki vəziyyətləri görmüşük. Deyirsiniz ki, həmin dövrə qayıdaq? Fikir bildirdin bitdi. Hər kəs deyə bilməz ki, bu fikir düzdür. Hər kəsin öz fikri var. Bir-birimizə hörmətlə yanaşmalıyıq. Söz verildi, danışırıq, mikrafon söndüsə, deməli söhbət bitdi. Hər kəs yerdən bir söz desə, onda bizim Milli Məclis hansı vəziyyətə qalar? Bu məsələni nəzərə almalıyıq”.
Mənbə:> Modern.az