Spiker Zahid Oruca əsəbiləşdi: “Sənin gələcək yerin görünür...”
“Camaat sual edir ki, kreditlər niyə manatla – öz milli valyutamız ilə deyil, dollarla verilir? Bu, qəbuledilməzdir, birbaşa Konstitusiya pozuntusudur”.
Bunu millət vəkili Fəzail Ağamalı parlamentin növbədənkənar iclasında səsləndirib.
Onun sözlərinə görə, dollarla kredit, xüsusilə də istehlak kreditləri dollarla verilə bilməz: “Bunu edənlər həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılmalıdır. Hətta, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni müddəa əlavə edilməlidir”.
Spiker Oqtay Əsədov isə millət vəkilinə cavabında deyib ki, heç kimə məcburən dollarla kredit verilmir: “Heç kim məcbur edilmir ki, dollarla kredit götürsün. Dollarla kredit ona verilir ki, sahibkarlar xarici partnyorları ilə münasibətlərində bundan istifadə edə bilsinlər. Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq”.
***
“Energetika Nazirliyi niyə lazımdır ki? Onun səlahiyyətlərini yerinə yetirən SOCAR var”.
Bu sözləri millət vəkili Zahid Oruc parlamentin bugünkü iclasında məmurların sayının azaldılması məsələsindən danışarkən deyib.
O qeyd edib ki, elə bil ki bu nazirliyi bir adama görə yaratmışıq: “ Natiq müəllim təcrübəli şəxsdir. Neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Amma ayrıca bir nazirliyə ehtiyac yoxdur.
Bundan əlavə, “Azərenerji”ni niyə dövlət saxlayır, axı onun səlahiyyətlərini yerinə yetirəcək olan “Azərişıq” adlı qurum var”.
Millət vəkilinin bu çıxışına spiker Oqtay Əsədov “sənin gələcək yerin görünür...”- replikası ilə cavab verib.
Bəzi millət vəkilləri də bu replikanı alqışla qarşılayıb.
Mənbə:> Qafqazinfo.az