Elman Rüstəmovdan konkret cavab: “Dollarla qaytarılmalıdır!”
AzNews.info Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. O, manatın ucuzlaşmasından sonra Azərbaycan cəmiyyətinin etibarını necə bərpa etmək yollarından da söz açıb. Rüstəmovun sözlərinə görə, Azərbaycan xalqının inamı hər şeyi açıq danışmaqla, şəffaflıqla bərpa ediləcək. Elman Rüstəmov bildirib ki, Azərbaycan dollarlaşma üçün öz valyutasını satmaqdan imtina edə bilməz. O, bugünkü valyutanın yarısının dollarlaşmaya sərf olunduğunu vurğulayıb: “Bu proses hələ ki davam edir. Çox güman ki, aprel-may aylarına qədər davam edəcək”.
Mərkəzi Bankın İdarə Heyətinin sədri E.Rüstəmov deputat Vahid Əhmədovun manatın devalvasiyasının ardından manatla götürülən kreditlərin aqibəti barədə verdiyi sualı da cavablandırıb. “Kim müqavilə ilə hansı valyuta ilə kredit götürübsə, həmin valyuta ilə də geri qaytarmalıdır. Bazar iqtisadiyyatı şəraitində bankların hansı valyuta ilə kredit verməsi onların öz işidir. Onlar öz risklərini elə özləri müəyyənləşdirir. Biz banklara tövsiyə edirik ki, kreditlərin vaxtını uzatsınlar. Bu bankların da marağındadır”.
Elman Rüstəmovun sözlərinə görə, faiz dərəcələri yüksək olan banklar əhali üçün güzəştə getməlidirlər: “Bu proses başlayıb. Yaxın vaxtlarda rübün yekunları əsasında açıqlamalar veriləcək”.
Onun bu açıqlaması Vahid Əhmədovun növbəti sualına səbəb olub: “Niyə görə dollar 78 qəpik olanda dollarla alınan kreditlər indi 1 manat 5 qəpiklə ödənməlidir?”.
Elman Rüstəmov bir daha xatırladıb ki, kredit müqavilədə göstərilən valyuta ilə qaytarılmalıdır. Bununla belə, o bildirib ki, bank müştərinin razılığı olmadan kreditləri dollarla hesablayırsa, bu çox ciddi qanun pozuntusudur: “Belə qanun pozuntuları varsa, siz bunun hamısını bizə göndərin. Bununla bağlı çox ciddi tədbirlər görəcəyik. Amma müqavilə öhdəliyində kreditin manatla və ya dollarla qaytarılması nəzərdə tutulubsa, buna əməl edilməlidir. Kursun isə önəmi yoxdur. Kim krediti hansı valyuta ilə götürübsə, onunla da qaytarmalıdır”.
Elman Rüstəmov onu da əlavə edib ki, ipoteka məbləğlərinin artırılması ilə bağlı hökumətə təkliflər edilib: “Bu həm sosial, həm də kommersiya ipotekalarına aiddir. Biz bununla yanaşı, təklif edirik ki, ucuz tikintilər həyata keçirilsin”.
Mənbə:> Modern.az