Müharibə, yoxsa danışıqlar?! – Əliyevlə Sarkisyanın iyun görüşü » AzNews.info -Xəbər portalı

Müharibə, yoxsa danışıqlar?! – Əliyevlə Sarkisyanın iyun görüşü

Müharibə, yoxsa danışıqlar?! – Əliyevlə Sarkisyanın iyun görüşü


Əliyevlə Sərkisyanın iyun görüşü: danışıqlar başlayacaq, yoxsa müharibə?!

Belə risk var ki, Ermənistan prezidenti Serj Sərkisyan iyun görüşündə də münaqişənin mahiyyəti üzrə danışıqlardan yayınsın və diqqəti təmas xəttində insidentlərin araşdırılması mexanizminə yönəltsin

Ötən həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Parisdə ayrı-ayrılıqda görüş keçirəndən sonra elan etdilər ki, hər iki tərəf prezidentlərin Qarabağ münaqişəsinin nizamlanmasına dair hərtərəfli danışıqlara başlamaq üçün iyun ayında görüşmək niyyətini təsdiqləyib. Prezidentlərin iyun ayında yenidən görüşməsinə dair razılaşma Vyanada mayın 16-da həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilmiş, 4 günlük müharibədən sonra tərəflərin ilk dəfə masa arxasına keçdikləri 3+2 formatında görüşdə əldə edilmişdi.

AzNews.info Virtualaz.org-a istinadən xəbər verir ki, Prezidentlər İlham Əliyevlə Serj Sərkisyanın iyun görüşünün yeri və formatı hələ məlum deyil. Bununla belə güclü ehtimallar var ki, görüş Parisdə baş tutacaq. Həmsədrlərin birgə bəyanatla çıxış etməsi ərəfəsində Rusiya və Fransa xarici işlər nazirləri arasında telefon danışığı olub, tərəflər Qarabağ münaqişəsi ətrafındakı situasiyanı müzakirə ediblər.

Ola bilsin ki, bu görüşdə də həmsədr ölkələrin xarici işlər nazirləri iştirak etsin. Çünki tərəflər danışıqlar masası arxasına qayıtmağa hazır olsalar da vəziyyət olduqca gərgindir, kifayət qədər əsəbi atmosfer hökm sürür və belə vəziyyətdə vasitəçi ölkələr danışıqların bərpası üçün yüksək səviyyədə diplomatik təzyiqləri davam etdirməlidir.

Beləliklə, tərəflər uzun fasilədən və 4 günlük döyüşlərdən sonra həmsdrlərin ifadə etdikləri kimi substansiv danışıqlara, yəni münaqişənin mahiyyəti üzrə müzakirələrə hazırdır. Danışıqlar masası üzərində 2005-ci ildən bəri müzakirədə olan sənəd qoyulacaq ki, həmin sənəddə Dağlıq Qarabağın yekun statusunun daha sonra keçiriləcək referendumda müəyyən edilməsi prinsipi əksini tapıb.

Saytın verdiyi məlumata görə, belə risk var ki, Ermənistan prezidenti Serj Sərkisyan iyun görüşündə də münaqişənin mahiyyəti üzrə danışıqlardan yayınsın və diqqəti təmas xəttində insidentlərin araşdırılması mexanizminə yönəltsin. Məlum olduğu kimi Vyana görüşündə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin mandatına dəyişiklik edilmədən onun səhra köməkçilərinin sayının artırılması və atəşkəsin monitorinqinin gücləndirilməsi haqda anlaşma əldə olundu.

Qeyd etmək lazımdır ki, təəcüblü də olsa Vyana görüşündən sonra doğrudan da təmas xəttində gərginlik ciddi şəkildə azaldı, atıcı silahlardan açılan ara-sıra atəşlər nəzərə alınmasa uzun müddətdən bəri ilk dəfə səngərlərə sükut çökdü. Bu, Vyana razılaşmasına əməl olunduğunu göstərir. Ancaq atəşkəsin monitorinqinin gücləndirilməsi mexanizmi hələ ötən həftə tərəflərə təqdim edilib. Bu mexanizmlərə Kasprşikin səhra köməkçilərinin sayının artırılmasının daxil olduğu məlumdur, ancaq o məlum deyil ki, təmas xətti boyu atəşkəsə nəzarət etmək üçün xüsusi avadanlıqların yerləşdirilməsi məsələsi həmin sənəddə əksini tapıbmı. Təmas xətti boyu xüsusi vasitələrin yerləşdirilməsi ABŞ-dakı erməni lobbisinin uzun müddətdir irəli sürdüyü təklif idi.

Bu təklif nəhayət Dövlət Departamenti tərəfindən rəsmi şəkildə tərəflərə təqdim olunub və erməni tərəfi onu diplomatik nailiyyət hesab edir. Azərbaycan tərəfi isə Vyana görüşündən sonra bildirdi ki, erməni tərəfi atəşkəsin monitorinqinin gücləndirilməsi barədə anlaşmanı yanlış interpretasiya edir. Bu razılaşmada xüsusi vasitələr və Kasprşikin mandatının genişləndirilməsi yer almır. Sadəcə olaraq səhra köməkçilərinin sayının artırılmasını və monitorinqlərin daha tez-tez keçirilməsini özündə əks etdirir.

Erməni tərəfi isə israr edir ki, söhbət Kasprşikin mandatının genişləndirilməsindən və həm də təmas xətti boyu xüsusi vasitələrin yerləşdirilməsindən gedir. Ermənistanda hakimiyyət koalisiyasının ortağı olan Daşnaksütun-un lideri Kiro Manoyan deyir ki, əgər iyun görüşünə qədər həmin razılaşmalar reallaşmasa Sərkisyan bir daha danışıqlara qatılmaya bilər.

Beləliklə, təmas xəttində insidentlərin araşdırılması və monitorinqin gücləndirilməsinə dair razılaşma ətrafında ciddi ziddiyətlər var. Azərbaycan tərəfi indiyədək bu təklifləri status-kvonun uzadılmasına xidmət edən təkliflər kimi qiymətləndirib rədd edirdi. İndi Bakı atəşkəs monitorinqinin gücləndirilməsinə o şərtlə razılıq verib ki, Ermənistan ləngimədən, vaxt itirmədən və prosesi uzatmaq üçün müxtəlif bəhanələr irəli sürmədən münaqişənin nizamlanmasına dair danışıqlara başlasın.

Əgər iyun görüşündə bu baş verməyəcəksə o zaman Azərbaycan tərəfi daha nə qədər gözləməlidir? Yəqin ki, Bakının atəşkəs monitorinqinin gücləndirilməsi təklifləri üzrə daha bir neçə raund görüş keçirib münaqişənin həllinə birbaşa dəxli olmayan işə daha bir neçə ay, yaxud il sərf etmək fikrində deyil. Digər tərəfdən, təmas xəttində gərginliyin azalması danışıqlar üçün münasib iqlim yaratsa da bunun əks tərəfi də var-əgər danışıqlarda ciddi irəliləyiş əldə olunmayacaqsa heç bir atəşkəs monitorinqi gərginliyin yenidən alovlanmasının qarşısını ala bilməyəcək.

Ona görə də iyun görüşündə "substansiv danışıqların” başlayacağı hələ müəmmalı qalır. Belə danışıqlar başlamasa hərbi əməliyyatların yenidən alovlanması riski kəskin artacaq. Xüsusən elə bir vaxtda ki, tərəflər təmas xətti boyu bütün hərbi arsenalını cəmləşdiriblər və qoşunlar atəş mövqeyində əmrə hazır gözləyir. Ermənistanda fürsət axtarırlar ki, aprel döyüşlərində məruz qaldıqları pərtliyin əvəzini çıxsınlar və itirilmiş mövqeləri geri qaytarmaq üçün həmlə etsinlər. Azərbaycanın isə belə cəhdə qarşı sərt əks-həmlə ilə cavab verib işğalçı qüvvələri bir qədər də geri oturmaq üçün hərbi əməliyyatlara başlamaqdan başqa yolu qalmayacaq...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *