"Qarabağda vəziyyəti ölü nöqtədən tərpətmək lazımdır"
ATƏT-in fəaliyyətdə olan sədri və Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsiylə əlaqədar bəyanat yayıb.
"Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət gərgin qalmağa davam edir. Mən son hadisələr zamanı baş verən insan itkilərinə görə heyfsilənirəm və tərəfləri tam həcmdə atəşkəs rejiminə riayət etməyə çağırıram”, - deyə ATƏT-in saytında yayılan bəyanatda deyilir.
Ştaynmayer qeyd edib ki, bu kontekstdə Ermənistan və Azərbaycan prezidentləri ilə görüş təşkil edən Rusiya, ABŞ, Fransa və ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsünü alqışlayır.
"Biz hadisələrin araşdırılması mexanizminin yaradılmasına dair səyləri fəal dəstəkləyəcəyik və həmçinin mənim şəxsi nümayəndəm, səfir Anjey Kasprşikin komandasının genişləndirilməsi üzərində çalışacağıq. Apreldə hərbi hərəkətlərin eskalasiyası bizim hamımıza bir xatırlatma idi ki, ölü nöqtədən tərpənmək üçün ikiqat daimi səylər lazımdır. Atəşin dayandırılması rejiminin möhkəmləndirilməsi ən mühüm əhəmiyyət məsələsidir", - deyə Ştaynmayer bildirib.
“Dağlıq Qarabağda münaqişə nə qədər daha uzun davam edərsə, nə qədər ki, münaqişə tərəfləri daha intensiv silahlanır, bu, Ermənistan və Azərbaycan arasında yeni müharibə riskini daha da artırır”, - deyə bu barədə dünən Vyanada Minsk qrupu ilə görüşündən əvvəl Almaniyanın xarici işlər naziri Frank - Valter Ştaynmayer bildirmişdi.
Dünən axşam Vyanada ABŞ-ın dövlət katibi və Rusiya, Fransa Xarici İşlər Nazirliyi başçılarının iştirakıyla ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar olub. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan rəhbəri Serj Sarkisyan münaqişənin hərtərəfli nizamlanmasına dair dialoqun bərpası üçün danışıqların növbəti raundu barədə razılığa gəliblər. İyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin edəcəklər.
Mənbə:> ANSPRESS