Rusiya qırıcıları Əsədin ordusuna zərbə endirdi
Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiya hərbi aviasiyasına məxsus qırıcılar səhvən Bəşər Əsəd ordusunun əsgərlərini bombardıman edib. ANS PRESS-in xəbərinə görə, bu barədə “Al-Masdar News” saytı məlumat yayıb. Məlumatda bildirilir ki, hədəfi İŞİD terrorçuları olan rus qırıcılarından atılan raket Əsəd ordusunba aid piyada qoşun hissəsinə düşüb.
Palmirada baş vermiş hadisə nəticəsində hərbi hissənin komandiri də olmaqla 17 nəfər ölüb, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rusiya hərbi aviasiyası ötən il sentyabrın 30-dan etibarən Suriyada hərbi əməliyyatlar keçirir. Rəsmi Moskva Suriya ərazisindəki hərbi əməliyyatlarının İŞİD terror qruplaşmasına qarşı olduğunu bildirsə də, Qərb və Türkiyə mətbuatı əməliyyatların Bəşər Əsəd hakimiyyətinə müxalif qüvvələrə qarşı yönəldiyini yazır.
Bundan sonra noyabrın 24-də Türkiyənin hava sərhəddini pozan Rusiya hərbi aviasiyasına aid “Su-24” qırıcısı Türkiyə “F-16” təyyarəsi tərəfindən vurulmuşdu. Bundan sonra Türkiyə ilə Rusiya arasında gərginlik başlamışdı. İki ölkə arasındakı gərginlik qarşılıqlı iqtisadi-siyasi sanksiyalara qədər davam etmişdi.
Mənbə:> ANSPRESS