Rusiya qoşunları Türkiyə istiqamətində cəmlənir – FOTO
Hərbi manevrlər davam etdirilir.
Rusiya prezidenti Vladimir Putinin qəfil əmri ilə Cənub hərbi dairəsinin, Xəzər və Qara dəniz donanmalarının, əlahiddə desant diviziyalarının hərbi hazırlığının yoxlanılması rəsmən fevralın 12-də başa çatsa da manevrlərin hələ davam etdiyini, qoşunların Türkiyə istiqamətində cəmləşdirildiyi üzə çıxıb. Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin məlumatlarına istinadla Ukraynanın “Obozrevatel” nəşri yazır.
AzNews.info Virtualaz.org-a istinadən xəbər verir ki, fevralın 12-dən bu günə, 22-nə qədər olan məlumatlara əsasən Rusiya cənub istiqamətində bütün hərbi bazalarında döyüş hazırlığını yoxlayıb.
Bura Ermənistandakı 102-ci hərbi baza və onun aviasiya hissəsi olan Erebuni hava bazası, separatçı Abxaziya və Cənubi Osetiyada dislokasiya olunmuş qüvvələr, habelə Çeçenistan, Dağıstan və Krımdakı qoşunlar,Xəzər və Qara dəniz donamaları daxildir. Rusiya ordusunun bu manevrləri Türkiyə ilə Səudiyyə Ərəbistanının Suriyaya quru müdaxiləsi hazırlıqları barədə xəbərlərin yayıldığı, habelə Ukraynada növbəti siyasi qeyri-stabillik əlamətlərinin özünü göstərdiyi bir vaxtda baş verir.
Həmin bazalardakı piyada bölmələri dağlarda döyüş təlimi keçib, artilleriyaçılar atəşin korrektə edilməsini təmin edən müasir vasitələrdən istifadə etməklə atışlar edib. Bu dövrdə, ötən şənbə günü İrəvan yaxınlığındakı Erebuni hava bazası 4 MiQ-29S qırıcıları və vertolyotlarla gücləndirilib. Abxaziyada S-300 zenit-raket komplekslərindən də istifadə olunmaqla uzaqvuran sistemlərlə təlimlər keçirilib.
Krımda və Xəzər sahilində dəniz piyadaları da poliqonlara yeridilib. Habelə Xəzərdə batmış sualtı qayığın axtarışı üzrə manevrlər keçirilib.
Qəfil manevrlərin başa çatmasının elan edilməsindən üç gün sonra-fevralın 15-də zərbə ordu aviasiyasının təlimləri başlayıb. Çeçenistandakı əlahiddə vertolyot polku döyüş maşınlarının Gürcüstan və Ukrayna ilə sərhəddəki aerodromlara “atılmasını” sınaqdan keçirib. Krımda Mi-28 döyüş vertolyotlarının və Su-25 bombardmançılarının iştirakı ilə yerüstü hədəflərin vurulması təlimləri olub. Pilotlar şərti düşmənin hava hücumundan müdafiə sistemini dəf etmək üçün “radardan aşağıdan”-5 metrə qədər hündürlükdən uçublar. Habelə Qərb hərbi dairəsindən minlərlə desantçı Ukrayna yaxınlığındakı poliqonlara göndərilib.
Manevrlər çərçivəsində Rusiya özünün nüvə qüvvələrini də yoxlayıb. Sibirdəki raket diviziyonları “Topol” qitələrarası ballistik raketləri ilə şərti raket zərbələrini sınaqdan keçiriblər. Eyni vaxtda Cənub və Qərb hərbi dairələrinin radiasiya, kimyəvi və biloji hücumdan müdafiə qoşunları şərti düşmənin kimyəvi silah hücumuna qarşı təlimlər keçiriblər.
Ukraynanın “Defence Express” konsaltinq şirkətindən hərbi ekspert Sergey Zqurtsa deyib ki, Pskovdan tutmuş Ermənistana qədər Rusiya qoşunlarının manevrləri Türkiyəyə qarşı yönəlib. “Söhbət ondan gedir ki, manevrlərin başa çatmasından sonra qoşunlar həmin regionda mövqe tutacaqlar.2008-ci ildə Gürcüstana qarşı müdaxilə ərəfəsində və 2014-cü ildə Donbassa qoşun yeridilməsi ərəfəsində də belə olmuşdu”- ekspert deyib.
Mənbə:> Virtualaz.org