Gələn ildən vergiləri necə ödəyəcəyik?
20 oktyabr 2015-ci il tarixdə Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və Azərbaycan Prezidentinin 7 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilib. Vergi Məcəlləsi ilə yanaşı, digər normativ-hüquqi sənədlərdə də vergilərlə bağlı müvafiq əlavə və dəyişikliklər edilib.
Azərbaycan iqtisadiyyatının inkişafının yeni mərhələsinin zəruri tələblərindən irəli gələn bu dəyişikliklər ictimaiyyətin, xüsusilə biznes dairələrinin və vergiödəyicilərin böyük marağına səbəb olub. Bunu nəzərə alaraq, Vergilər Nazirliyinin məsul vəzifəli rəhbərlərinin qanunçuluqda edilmiş dəyişikliklərlə bağlı şərhlərini nəzərinizə çatdırırıq.
Fiziki şəxslərin gəlir vergisi
Məcəllədə fiziki şəxslərin gəlir vergisi ilə bağlı iki istiqamət üzrə dəyişiklik edilmişdir. Bunlardan biri fiziki şəxslərin əsas iş yerində aylıq əməkhaqlarına edilən güzəştlərlə, ikincisi isə fiziki şəxslərin idman mərc oyunlarından əldə etdikləri gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb olunmasıdır.
1. Yeni dəyişikliyə əsasən, əsas iş yerində aylıq gəliri 2500 manatadək və illik gəliri 30.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun
1 və 12 mislinədək olan hissəsinə gəlir vergisi üzrə güzəştin tətbiqi nəzərdə tutulub.
Bu dəyişikliyi şərh edən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov bildirmişdir ki, hər bir muzdlu işçini düşündürən bu sahədə indiyə qədər müəyyən problemlər var idi. Vergi Məcəlləsindəki dəyişikliklərə qədər əsas iş yerində aylıq əməkhaqqı 250 manat olan fiziki şəxslərin ölkə üzrə yaşayış minimumunun 1 misli qədər, yəni 140 manat çıxılmaqla baza məbləği 14 faiz vergiyə cəlb olunurdu. Adekvat olaraq, həmin şəxslərin illik gəliri 3000 manat olduqda yaşayış minimumunun 12 mislinə bərabər hissəsinə güzəşt tətbiq edilir və vəsaitin qalan hissəsindən vergi tutulurdu.
Bu isə əhalinin aztəminatlı hissəsini narahat edirdi. Belə ki, ölkədə davamlı olaraq yaşayış minimumu və əməkhaqlarının artımına baxmayaraq, aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əməkhaqlarının artırılması nəticə olaraq həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olurdu.
Misal üçün, hazırda 240 manat aylıq əməkhaqqından əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun bir misli, yəni 140 manat çıxıldıqda, qalan 100 manatdan 14 faiz dərəcə ilə 14 manat vergi tutulur və işçiyə 226 manat (240-14=226) ödənilir. Əməkhaqqı 10 faiz artırıldıqda isə bu məbləğ 264 manat təşkil edir. Bu halda, aylıq əməkhaqqı 250 manatdan yuxarı olduğundan 140 manat güzəşt tətbiq edilmir və əməkhaqqının tam məbləğindən 14 faiz dərəcə ilə 37 manat vergi tutulur və fiziki şəxsə 227 manat (264-37=227) ödənilir ki, nəticədə muzdlu işçi həmin artımdan bəhrələnmir.
Yəni onun maaşının nominal olaraq 10 faiz artmasına baxmayaq, real gəliri cəmi 1 manat artmış olur.
Ona görə də qeyd olunan halların aradan qaldırılması və əməkhaqlarına tətbiq edilən vergi güzəştinin şamil olunduğu vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə
Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, əsas iş yerində aylıq gəliri 2500 manatadək və illik gəliri 30.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisindən vergi güzəştinin tətbiqi nəzərdə tutulur. Fiziki şəxslərin gəlir vergisi üzrə güzəştlər 500 mindən çox insanı əhatə etməklə, iş yerlərində əməkhaqlarının leqallaşmasına da müsbət təsir göstərəcək. İşəgötürənlər üçün bu, bir stimul kimi, onların bu sahədə şəffaf iş qurmasına səbəb olacaq.
2. İdman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb olunması.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə 101.5 ci maddə əlavə edilmişdir və bu dəyişikliyə əsasən, 2016-cı ilin yanvar ayının 1-dən idman mərc oyunlarından əldə olunan uduşların 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutulur.
Vergilər nazirinin Vergi siyasəti məsələləri üzrə müşaviri Akif Musayev bu dəyişikliyi şərh edərək bildirmişdir ki, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli Qanununun 54-cü maddəsinə əsasən, bədən tərbiyəsi və idman dövlət büdcəsindən ayrılan, bədən tərbiyəsi və idman tədbirlərinin keçirilməsindən əldə olunan, idman lotereyasının, idman mərc oyunlarının keçirilməsindən daxil olan vəsaitlər, fiziki və hüquqi şəxslərin ianələri hesabına və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən maliyyələşdirilir. 2013-cü ilin yanvar ayının 1-dən etibarən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanuna əsasən, idman mərc oyunlarının operatoru tərəfindən oyun iştirakçılarından qəbul edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman mərc oyunlarının satıcısı tərəfindən isə operatorun ona verdiyi komisyon haqdan 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır və dövlət büdcəsinə ödənilirdi.
Qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarından əldə olunan uduşlar isə 1 yanvar 2013-cü il tarixdən etibarən fiziki şəxslərin gəlir vergisindən azad edilmişdi. Qeyd olunan vergi güzəştinin tətbiqi ötən 3 il ərzində ölkədə keçirilən idman mərc oyunlarının inkişafını stimullaşdırmaqla bu sahədən əldə edilən gəlirlərin sürətli artımı ilə nəticələnib ki, bu da həmin sahədən əldə edilən uduşların vergiyə cəlb olunmasını zəruri edir. Ona görə də Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə idman mərc oyunlarından əldə olunan uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsini nəzərdə tutan müddəalar daxil edilib.
Bu məsələ ilə bağlı Vergi Məcəlləsinin 150-ci maddəsinə də müvafiq dəyişikliklər edilib: Vergi Məcəlləsinə əlavə edilmiş150.32 ci maddənin müddəalarına əsasən, idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxslər həmin uduşlardan 10% həcmində gəlir vergisini hesablamağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə, habelə Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar.
Sadələşdirilmiş vergi
Bu vergi növü üzrə dəyişikliklər üç sahəni əhatə edir:
1. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq və yaxud bu hüquqdan imtina etməklə ƏDVnin, mənfəət (gəlir) vergisinin, əmlak vergisinin ödəyicisi olmaq hüququnun verilməsi.
Vergi Məcəlləsinə “bina” anlayışı daxil edilib. Məcəllənin 13.2.54-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, “bina - insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti” hesab olunur. Digər maddələrdə də “mənzil” sözü “bina” sözü ilə, “mənzil tikintisi” anlayışı “bina tikintisi” anlayışı ilə əvəzlənib.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəis müavini Şamil Ərəbov qeyd etmişdir ki, Vergi Məcəlləsinin dəyişiklikdən əvvəl qüvvədə olan müddəalarına əsasən, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər eyni zamanda həm sadələşdirilmiş verginin, həm də ƏDV-nin ödəyiciləri hesab olunurdular. Həmin şəxslər təməl işlərinə başladıqda tikilən binanın layihə üzrə sahəsinin hər kvadratmetri üçün 10 manat məbləğinə Nazirlər Kabinetinin 22 sentyabr 2007-ci il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları tətbiq olunmaqla sadələşdirilmiş vergini hesablayır və müvafiq bəyannaməni vergi orqanlarına təqdim edirdilər. Təməl işlərinə başlanılmış binanın tikilib-tikilməməsindən asılı olmayaraq hesablanmış sadələşdirilmiş vergi bərabər hissələrlə 8 rüb ərzində büdcəyə ödənilirdi.
Bununla yanaşı, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 225 manat məbləğinə ölkənin
şəhər və rayonlarının ərazilərinin zonalar üzrə Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş əmsallar tətbiq olunmaqla ƏDV tutulan minimum dövriyyə müəyyən edilir, həmin sahələrin təqdim edildiyi ayda ƏDV hesablanaraq büdcəyə ödənilirdi.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etdikləri halda, tikinti-quraşdırma işlərinə başlandığı rübdə tikilən binanın sahəsinin hər kvadratmetri üçün 45 manata Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsallarını tətbiq etməklə sadələşdirilmiş vergi hesablanmalı və hesablanmış vergi bərabər hissələrlə 10 rüb ərzində dövlət büdcəsinə ödənilməlidir (yaşayış sahəsi üzrə hesablama: binanın sahəsi kv.m. x 45 manat x zona əmsalı, qeyri-yaşayış sahəsi üzrə hesablama: binanın sahəsi kv.m. x 45 manat x zona əmsalı x 1,5 əmsal). Bu halda, hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə ƏDV-nin və gəlir vergisinin ödənilməsindən azad edilirlər.
Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda, onlar tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunma dəyərindən ƏDV, təqdim etmədən əldə olunan gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərqdən yaranan mənfəətdən mənfəət (gəlir) vergisi və həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisi (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödənilməlidir.
Nümunə: Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən Bakı şəhəri üzrə 1-ci zonada (4,0 əmsal) ümumi sahəsi 10.000 kvadratmetr olan bina tikilir. Layihə-smeta sənədlərinə əsasən, tikiləcək binanın ümumi sahəsinin 8000 kvadratmetri yaşayış sahəsi, 2000 kvadratmetri isə qeyri-yaşayış sahəsindən ibarətdir. Şəxsin bina tikintisi fəaliyyəti ilə bağlı ödəməli olduğu sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:
a) Yaşayış sahəsi üzrə: 8000 kv.m. x 45 man. x 4 zona əmsalı =1.440.000 manat;
b) Qeyri-yaşayış sahəsi üzrə: 2000 kv.m. x 45 man. x 4 zona əmsalı x 1.5 əmsal = 540.000 manat;
Cəmi ödənilməli vergi: 1.980.000 manat
Bu halda şəxs tikinti-quraşdırma işlərinin başlandığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə vergi orqanına sadələşdirilmiş verginin bəyannaməsini təqdim edir və hesablanmış vergini bərabər hissələrlə hər rüb üçün 10 faiz həcmində, yəni 198.000 manat məbləğində olmaqla, öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəyir.
Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə vergitutma metodu üzrə seçim hüququnun verilməsi onlar tərəfindən sahibkarlıq fəaliyyətində maliyyə resurslarından səmərəli istifadə edilməsinə və tikinti sektorunun inkişafına şərait yaradacaq, tikinti şirkətlərinin vergi yükü azalacaq. Bundan başqa, hazırda qüvvədə olan qanunvericilik tələb edir ki, sahibkar vergini tikinti başlayan kimi ödəsin. Dəyişikliklərin ən böyük üstünlüklərindən biri budur ki, şirkətlər vergini mənzili satdıqdan sonra ödəyə biləcək ki, bu da bina tikintisini başa çatdırmaq üçün şirkətlərin maliyyə imkanlarını artıracaq. Bundan başqa, sadələşdirilmiş verginin tətbiq olunması mühasibat uçotunu sadələşdirəcək.
2. Daşınmaz əmlakın təqdim olunmasından əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması.
Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev mövzunu şərh edərkən, daşınmaz əmlakın təqdim edilməsindən əldə olunan gəlirlərdən verginin tutulması mexanizminə aydınlıq gətirmişdir. Vergi Məcəlləsinin dəyişiklikdən əvvəl qüvvədə olan müddəalarına əsasən, mənzillərin və digər daşınmaz əmlakların təqdim edilməsindən, sadə dillə desək, satılmasından əldə olunan gəlirlər əmlakı təqdim edən şəxs tərəfindən vergi orqanlarına müvafiq bəyannamə təqdim edilməklə vergiyə cəlb olunurdu. Əksər hallarda satılan bu cür daşınmaz əmlakların alınmasına, tikintisinə, təmirinə çəkilən xərcləri təsdiq edən sənədlər olmurdu. Bu isə alqı-satqı əməliyyatlarından əldə edilən gəlirlərin vergiyə cəlb olunmasında müəyyən çətinliklər yaradırdı. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə daşınmaz əmlakın təqdim olunması üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, 1 bank günü ərzində dövlət büdcəsinə ödənilməsi və aylıq bəyannamənin vergi orqanına təqdim edilməsi nəzərdə tutulur. Nəticədə daşınmaz əmlakın təqdim olunmasından gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi zərurəti aradan qalxmış olur.
Bu zaman nəzərə alınmalıdır ki, notariuslar tərəfindən tutulan bu vergi sadələşdirilmiş verginin xüsusi bir növüdür və bəyannamənin həm forması, həm də hesabat dövrü ümumi sadələşdirilmiş vergi bəyannaməsindən fərqlənir. Bu bəyannamənin forması daha sadədir, təqdim olunma dövrü isə aylıq olacaqdır. Notariuslar tərəfindən təqdim edilməli bəyannamələrin yeni forması artıq Vergilər Nazirliyi tərəfindən təsdiq olunub.
İdarə rəisinin sözlərinə görə, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində nəzərdə tutulan ailə üzvləri (ər-arvadlar, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, vərəsələr, doğma (ögey) bacılar (qardaşlar), bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları (qardaşları), qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda) tərəfindən verilməsi, daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması, əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi ödəmə mənbəyində vergidən azad edilir.
Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər vergini hər kvadratmetr sahəyə görə 15 manata müvafiq əmsallar tətbiq etməklə ödəyəcəklər. Həmin əmsallar Vergi Məcəlləsində təsbit edilib. Vergi yaşayış və qeyri-yaşayış sahəsinin ümumi sahəsinə görə hesablanacaq. Qeyri-yaşayış sahələrinin təqdim olunması zamanı isə vergi məbləği əlavə 1,5 əmsal tətbiq edilməklə hesablanacaq.
Bu mexanizmi misallarla izah edək. Təsəvvür edək ki, bir nəfər fiziki şəxs mülkiyyətində olan və Bakı şəhəri üzrə 2-ci zonada (3,0 əmsal) yerləşən 100 kvadratmetr sahəsi olan mənzilini və 3-cü zonada (2,2 əmsal) yerləşən 150 kvadratmetr sahəsi olan ticarət obyektini alqı-satqıya təqdim etmişdir. Bu zaman alqı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin məbləği aşağıdakı kimi hesablanır:
Mənzilin satışı üzrə: 100 kv.m. x 15 man. x 3 zona əmsalı = 4500 manat;
Ticarət obyektinin satışı üzrə: 150 kv.m. x 15 man. x 2,2 zona əmsalı x 1.5 əmsal = 7425 manat;
Cəmi ödənilməli vergi: 11.925 manat
Qeyd edək ki, Azərbaycanda daşınmaz əmlakın təqdim olunmasından əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması həm fiziki, həm də hüquqi şəxslərə tətbiq ediləcək.
3. Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda, ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsi.
Ticarət və ictimai iaşə sektorunun vergiyə cəlb olunmasında edilmiş dəyişiklik də vergi ödəyicisinin xeyrinə mütərəqqi yenilik hesab edilir. Bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin vergi tutulan əməliyyatlarının həcmi 200 min manatlıq həddi keçdikdə belə, həmin şəxslər ƏDV-nin tətbiqindən imtina etmək hüququ qazanaraq, sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyətlərini davam etdirə biləcəklər. Lakin bu halda sadələşdirilmiş verginin dərəcəsi Bakıda 4 faiz, digər regionlarda 2 faiz olmaqla deyil, daha yüksək dərəcələrlə - ticarət sahəsində 6 faiz, ictimai iaşədə isə 8 faizlə hesablanacaq. Xatırladırıq ki, bu, yalnız ticarət və ictimai iaşə sahələrində fəaliyyət göstərən vergi ödəyicilərinə aiddir. Digər sahələrdə isə vergitutma mexanizmi əvvəlki kimi - 2 və 4 faiz qalacaq.
Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov bu dəyişikliyin şərhi ilə bağlı bildirmişdir ki, ƏDV-nin tətbiqindən imtina edərək sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyətin davam etdirilməsi mexanizminin tətbiqi vergi inzibatçılığının sadələşməsi ilə yanaşı, həm də bu sahədə fəaliyyət göstərən ödəyicilərin vergi yükünün azaldılmasına və vergi öhdəliklərinə könüllü əməletmə səviyyəsinin yüksəlməsinə xidmət edəcək.
Araşdırmalar göstərir ki, vergi ödəyicilərinin böyük əksəriyyətində ƏDV ödəyicisi olmaq xofu var. Bu isə vergi ödəyicisini uçot məlumatlarında real dövriyyəni göstərməkdən çəkindirir. Heç kimə sirr deyil ki, vergi bilikləri kifayət qədər yüksək olmayan vergi ödəyicilərinin müəyyən kateqoriyası (bunlara, xüsusilə, ticarətçilər, kafe-yeməkxana sahibləri aiddir) ƏDV sistemindən yayınır, sadə hesablama və bəyanetmə mexanizmi ilə səciyyələnən vahid bir vergi növünün - sadələşdirilmiş verginin ödəyicisi olaraq qalmaq istəyirlər.
Fiziki şəxslər üçün gəlir, hüquqi şəxslər üçün isə mənfəət və əmlak vergisinin inzibatçılığı mürəkkəb görünür. Təbii ki, vergi ödəyiciləri bunun ən sadə həlli yolunu əldə olunan vəsaitlərin tam həcmdə nəzarət-kassa aparatlarına vurulmamasında və dövriyyənin gizlədilməsində görürdülər.
Digər tərəfdən, bu dəyişiklik ölkə üzrə nağdsız ödəniş sisteminin inkişafına da təkan vermiş olacaq. Belə ki, POS-terminalların sayının kifayət qədər çox olmasına baxmayaraq, bəzən dövriyyənin qarşısını almaq məqsədilə vergi ödəyicilərinin bir qismi müxtəlif bəhanələrlə alıcıları nağd ödənişə məcbur edir, plastik kartlardan istifadəni əngəlləmək istəyirdilər.
Bütün bu nöqsanlar ticarət və ictimai iaşə sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinə sadələşdirilmiş vergitutma mexanizminin tətbiqi ilə əhəmiyyətli dərəcədə aradan qalxacaq.
Bunun müqabilində sözügedən vergi ödəyicilərinə sadələşdirilmiş verginin dərəcəsi əvvəlkinə nisbətən daha yüksək dərəcə ilə hesablanacaq. Belə yanaşma isə daha ədalətlidir. Belə ki, bir tərəfdən, vergi tutulan dövriyyəsi 200 min manatdan artıq olan vergi ödəyicisinin iqtisadi potensialı dövriyyəsi bu məbləğdən aşağı olan vergi ödəyicisi ilə müqayisədə daha yüksəkdir və onların eyni dərəcə ilə vergiyə cəlb olunması ədalətli olmazdı. Digər tərəfdən, yaddan çıxarmaq lazım deyil ki, sadələşdirilmiş vergitutma rejimini seçən şəxslər ƏDV, gəlir, mənfəət və əmlak vergisinin ödənişindən azad edilir ki, bu da vergi ödəyicilərinə böyük güzəşt deməkdir və beləliklə, dövriyyəsi böyük olan ticarət və ictimai iaşə obyektlərinə bir qədər yüksək - müvafiq olaraq 6 və 8 faiz vergi dərəcəsinin tətbiqi tamamilə məntiqlidir.
Əlavə edək ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə “ticarət” və “ictimai iaşə” anlayışlarının açıqlanması da əksini tapıb. Məcəllənin 13.2.55-ci maddəsində “ticarət fəaliyyəti” anlayışı açıqlanıb: ticarət fəaliyyəti dedikdə, istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti başa düşülür. 13.2.56-cı maddəyə əsasən isə “ictimai iaşə fəaliyyəti” - fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir.
Maliyyə sanksiyaları
Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin rəisi Samirə Musayeva bu məsələni şərh edərək bildirmişdir ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklər daha çox sosial, vergi inzibatçılığının sadələşdirilməsi, daha geniş təbəqədə vergi ödəyicilərinin vergi yükünün azaldılmasına xidmət edir. Ona görə də bu fonda sanksiyaların artırılması zəruri addım kimi qəbul edilməlidir. Məcəlləyə edilən son dəyişikliklərdə sanksiyaların artırılması yalnız bir halda müşahidə olunur. Bildiyimiz kimi, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin dövriyyəsi 200.000 manatdan yuxarı olduqda belə, onlar vergi orqanına müraciət edərək sadələşdirilmiş vergitutma rejimini tətbiqetmə hüququnu özlərində saxlaya bilərlər.
Bu isə o deməkdir ki, qanun həmin vergi ödəyicilərinə seçim imkanı verməklə, onlara dövriyyəsini daha da şəffaflaşdırmasına və vergi öhdəliklərini icra etmələrinə münbit bir şərait yaratmışdır.
Belə ki, 200.000 manatdan yuxarı dövriyyəsi olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər sadələşdirilmiş vergitutma rejimini tətbiq etsələr, onlar ƏDV və gəlir vergisindən azad olunacaqlar. Hüquqi şəxslərsə hətta dövriyyə 200.000 manatdan artıq olduğu halda da bu rejimi seçmiş olsalar, mənfəət, ƏDV və əmlak vergisindən azad ediləcəklər.
Qanunun bu qədər geniş azadolma imkanları verdiyi halda ticarət və ictmai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövriyyədən yayınmaq üçün nağd hesablaşma qaydalarının pozulması, yəni alqı-satqı və xidmət əməliyyatlarının nəzarət-kassa aparatına vurulmaması və ya malların ciddi uçot blankı olmadan nağd qaydada təqdim edilməsində sanksiyalar sərtləşdirilir.
Bu, yalnız dövriyyəsi 200.000 manatdan artıq olan və sadələşdirilmiş vergitutma rejimini seçən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə şamil ediləcək ki, onlara nağd hesablaşma qaydalarının pozulmasına görə il ərzində birinci dəfə 2000 manat, ikinci dəfə 4000 manat, növbəti dəfələrdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaqdır. Lakin həmin vergi ödəyiciləri dövriyyəsi 200.000 manatdan artıq olduqda və normal qaydada əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata durmaq rejimini seçdikdə, müvafiq olaraq 400, 800 və 1200 manat maliyyə sanksiyası tətbiq ediləcək.
Ticarət və ictimai iaşədə, eləcə də digər sahələrdə fəaliyyət göstərən və illik dövriyyəsi 200.000 manatdan az olan vergi ödəyicilərinə tətbiq olunan sanksiyaların məbləğləri də yenə əvvəlki kimi, müvafiq olaraq, 400, 800 və 1200 manat təşkil edəcəkdir.
Əlavə dəyər vergisi
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də ƏDV-nin məqsədləri üçün ərizəvermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcminin 120 min manatdan 200 min manatadək, ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcminin isə 60 min manatdan 100 min manatadək artırılması ilə bağlıdır.
Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarənin rəisinin 1-ci müavini Elçin Bəylərov bildirmişdir ki, Vergi Məcəlləsinə edilmiş bu dəyişiklik ölkə iqtisadiyyatının davamlı inkişafının təmin olunması və stimullaşdırılması üçün yeni vergi mexanizmlərindən istifadə etməyə imkan yaradacaq. Bu dəyişikliklər vergitutma bazasının genişləndirilməsi və mövcud vergi potensialından daha səmərəli istifadə olunması məqsədi daşıyır.
Vergi Məcəlləsinin dəyişiklikdən əvvəl qüvvədə olan 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120 min manatdan artıq olan vergi ödəyiciləri ƏDV-nin məqsədləri üçün qeydiyyata alınırdılar və vergiləri 18 faiz dərəcə ilə ödəməli idilər. Hazırkı dəyişikliklərə əsasən isə sahibkarlıq fəaliyyəti göstərən və ƏDV-nin məqsədləri üçün ərizəvermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 200 min manatadək artırılıb.
Başqa sözlə desək, ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200 min manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində Bakı şəhərində vergilərini 4 faiz, digər regionlarda isə 2 faiz dərəcə ilə fəaliyyətlərini davam etdirməyə imkan yaradacaq. Bu isə vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı, həmin vergi ödəyicilərinin vergi yükünün əhəmiyyətli dərəcədə azaldılmasını təmin edəcək.
Daha bir mühüm məqam da budur ki, dəyişikliklərə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir. Ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarların satış dövriyyəsi 200 min manatı keçdiyi halda belə, onlar öz istəklərindən asılı olaraq, əvvəlki kimi sadələşdirilmiş verginin ödəyicisi ola biləcəklər. Bu halda, əldə edilən ümumi pul hasilatının həcminə ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tətbiq ediləcək.
Vergi Məcəlləsinə edilmiş bu dəyişiklik ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən və dövriyyəsi 200 min manatdan artıq olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edib-etməməklə bağlı alternativ seçim hüququ da verir. Yəni həmin şəxslər ya yuxarıda qeyd olunan şərtlərlə sadələşdirilmiş vergi ödəyicisi ola bilər, ya da ümumi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınaraq ƏDV, ilin yekunlarına əsasən mənfəət (gəlir) və hüquqi şəxslər isə həm də əmlak vergilərini dövlət büdcəsinə ödəyə bilərlər.
Vergi Məcəlləsinin 158.2-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, ƏDV qeydiyyatının ləğvi üçün vergitutma əməliyyatlarının həcminin əvvəlki tam 12 təqvim ayı ərzində 60.000 manatdan 100.000 manata qədər artırılması ƏDV qeydiyyatında olan şəxslərə ƏDV qeydiyyatının bu meyar üzrə ləğv edilməsinə və sadələşdirilmiş vergitutma metodunun tətbiq olunmasına şərait yaradacaq. Əvvəlki qaydaya görə, məsələn, vergi ödəyicisinin 2014-cü il sentyabr ayından 2015-ci il avqust ayı daxil olmaqla ardıcıl 12 təqvim ayında ƏDV üzrə vergi tutulan əməliyyatlarının həcmi 60.000 manatdan az olduğu halda, həmin vergi ödəyicisi vergi orqanına ərizə verməklə ƏDV qeydiyyatından çıxa bilirdi. Həmin şəxsin ƏDV tutulan dövriyyəsi 60.000 manatdan çox olduqda, yəni, misal üçün: 75.000 manat olardısa ƏDV qeydiyyatından çıxmaq hüququ olmurdu. Müvafiq dəyişiklikdən sonra vergi ödəyicisinin 2015-ci ilin yanvar-dekabr aylarında ƏDV tutulan əməliyyatlarının həcmi 100.000 manatdan aşağı olduqda, misal üçün: 90.000 manat təşkil etdikdə belə, ƏDV qeydiyyatından çıxmasına və vergini sadələşdirilmiş qaydada ödəməsinə şərait yaranmış olur.
Vergi Məcəlləsinin dəyişiklikdən əvvəl qüvvədə olan 164.2-ci maddəsinə əsasən, Nazirlər Kabineti konkret sahənin inkişafını təmin etməklə konkret dövr üçün nəzərdə tutulan, istehsal ehtiyaclarını yerli xammal hesabına ödəmək mümkün olmadıqda, istehsal təyinatlı xammal və müasir texnologiyanı təmin edən avadanlıqların idxalını ƏDV-dən azad edə bilərdi. Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2005-ci il tarixli 11 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahıları təsdiq edilmişdi.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə prioritet sahələr üzrə idxalda ƏDV-dən azadolmaların siyahısı Vergi Məcəlləsinə daxil edilmişdir.
Hüquqi şəxslərin əmlak vergisi
Son illər ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlər sırasında “Azerspace” telekommunikasiya peykinin uğurla orbitə çıxarılmasının xüsusi yeri vardır. Dünya peyk xidmətləri bazarında yüksək rəqabət mühiti mövcuddur ki, burada “Azərkosmos” ASC kimi yeni bazar iştirakçılarına rəqabətədavamlı fəaliyyət göstərmək üçün müəyyən vaxt tələb olunur. Bu səbəbdən, bir çox ölkələrdə kosmik sənaye sahəsində çalışan şirkətlərin rəqabət qabiliyyətini artırmaq üçün onlara vergi və gömrük güzəştləri tətbiq edilir. Bu addımların sırasında kosmik əmlakın əmlak vergisindən azad olunması ilə bağlı güzəştlər xüsusi əhəmiyyət kəsb edir.
Bununla əlaqədar olaraq, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, peyklər və digər kosmik obyektlər əmlak vergisindən azad edilmişdir.
Mədən vergisi
Vergi Məcəlləsi qüvvəyə mindiyi tarixdən indiyədək mədən vergisinin dərəcələrində dəyişikliklər edilməmişdi. Ölkədə aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində tikinti və sənaye sektorunun inkişafı qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisinin dərəcələrinə yenidən baxılmasını zəruri edir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisi dərəcələrinin optimallaşdırılması dövlət və bələdiyyə büdcələrinin daxilolmalarına müsbət təsir göstərəcəkdir.
Vergi borcları olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması
Vergi Məcəlləsinə edilmiş sonuncu dəyişikliklər sırasında hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması üsulu kimi vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi orqanlarına səlahiyyətlərin verilməsi vergi borclarının alınması mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə atılmış mühüm addımlardandır.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Zeynalabdin Məmmədzadə dəyişikliyi şərh edərək bildirib ki, yeni qaydalara əsasən, bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilib. Bununla yanaşı, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində edilən dəyişikliklərə əsasən, istər
Azərbaycan Respublikası vətəndaşının, istərsə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vergi borcu olduğu halda, vergi orqanlarının müraciətlərinə əsasən, məhkəmə qərarı ilə onların ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılır.
Qeyd olunan məsələ ilə əlaqədar məhkəmələrdə vergi orqanlarının müraciətlərinə baxılması qaydasını və mexanizmini tənzimləmək məqsədilə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində də müvafiq dəyişikliklər edilib. Dəyişikliyə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında vergi orqanı tərəfindən məhkəməyə təqdim olunmuş ərizəyə məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin olunması barədə qətnamə qəbul edir. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəmə tərəfindən təmin olunaraq müvafiq qətnamə qəbul edildikdən sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda, vergi orqanı müvafiq ərizə ilə məhkəməyə müraciət edir və məhkəmə tərəfindən iki iş günü ərzində həmin məhdudlaşdırmanın götürülməsi barədə qətnamə qəbul olunur.
«İcra haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.
Bu Qanuna edilmiş dəyişikliyə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məhkəmə qərarları əsasında verilmiş icra sənədləri ilə yanaşı, həm də vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri əsasında da həyata keçirilə bilər.
Son dəyişikliklərə əsasən, yalnız fiziki şəxslərin deyil, həmçinin hüquqi şəxslərin icra orqanının rəhbərinin də ölkədən getmək hüququ məhdudlaşdırıla bilər. Bu isə onunla əlaqədardır ki, əvvəllər yalnız fiziki şəxslərin ölkədən getmək hüququ məhdudlaşdırılır, əksər hallarda onlardan dəfələrlə çox vergi borcu olan hüquqi şəxslərin (müəssisələrin, şirkətlərin və s.) rəhbərləri isə büdcədən yayındırdıqları vəsaitləri ölkədən kənarda rahat şəkildə xərcləyir, istədiklərini edə bilirdilər. Məcəlləyə edilmiş dəyişikliyə əsasən, bu ədalətsizliyin də qarşısı alınıb.
Hazırda vergi borcuna görə 160-a yaxın fiziki şəxsin ölkədən getmək hüququna məhdudiyyət qoyulub və gələcəkdə intizamsız vergi ödəyicilərinə qarşı belə tədbirlərin daha geniş tətbiq ediləcəyi istisna deyil.
Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi
Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə keçirilən görüşdə bununla bağlı ətraflı açıqlama verən vergilər nazirinin 1-ci müavini Natiq Əmirov bildirib ki, spirtli içkilərin ölkə ərazisində dövriyyəsinin tənzimlənməsində yeni qaydaların tətbiq edilməsində əsas məqsəd büdcəyə əlavə vergilərin cəlb olunmasından daha çox nağdsız ödənişlərin stimullaşdırılması, əməliyyatların şəffaflığının təmin edilməsidir. Aksiz markası ilə markalanmalı olan mallar yalnız müəyyən şərtlərə əməl olunduğu təqdirdə, müvafiq lisenziyası olan şəxslər tərəfindən alınıb-satıla bilər.
Bu zaman vergi ödəyicisində həmin malların satışını təsdiq edən ciddi uçot blankları, qaimə-fakturalar olmalı və satış yalnız nağdsız qaydada həyata keçirilməlidir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sözügedən qaydaların tətbiq olunmasına və onlara əməl edilməsinə, müvafiq icra orqanlarının qoyduğu tələblərin yerinə yetirilməsinə nəzarət vergi orqanlarının səlahiyyətinə aid edilmişdir. Vergi əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanun pozuntuları aşkar edilərsə, vergi ödəyicilərinə münasibətdə istər İnzibati Xətalar, istərsə də Cinayət məcəllələrində müəyyən olunan cəzalar tətbiq ediləcəkdir.
Aksiz markaları ilə markalanmalı olan malların, tütün məmulatlarının satışı istisna olmaqla, az miqdarda, yəni 50 manatadək nağd satışı və yaxud satış məqsədilə nağd qaydada alınması inzibati tənbeh tədbirinin görülməsi üçün əsasdır. Bu halda, vergi ödəyicisinə inzibati sanksiyalar tətbiq olunur və 100 manat miqdarında cərimə edilir. Aksiz markaları ilə markalanmalı olan malların, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, xeyli miqdarda və külli miqdarda satılması və ya satış məqsədilə alınması artıq cinayət məsuliyyəti yaradır. Xeyli miqdarda - yəni 50 manatdan 1000 manata qədər olduqda, belə hallara yol verən şəxslər 1000 manatdan 2000 manata qədər cərimə olunacaqlar və ya bir ilədək müddətdə islah işləri və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılacaqlar. Aksiz markası ilə markalanmalı olan malların nağd qaydada alış-verişi külli miqdarda həyata keçirilərsə, bu zaman daha ciddi cəzalar - 2 ilədək islah və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaqdır.
Bununla paralel olaraq, Cinayət Məcəlləsində bütövlükdə aksizli malların alğı-satqısı ilə bağlı ciddi dəyişikliklər edilib.
Əvvəllər sözügüdən məcəllədə saxta aksiz markalarının hazırlanması, əldə edilməsi, saxlanması və satılması cinayət əməli hesab olunsa da, artıq həmin maddə daha da təkmilləşdirilərək, əlavə müddəalarla genişləndirilmişdir.
Dəyişikliyə əsasən, aksiz malları ilə markalanmalı olan mallara saxta aksiz markalarının yapışdırılması, saxta aksizli malların satılması, saxlanması, satış məqsədilə alınması cinayət məsuliyyətinə səbəb olur. Bu əməllərə yol vermiş şəxslər 1000 manatdan 2000 manatadək cərimə, 2 ilədək islah işləri və ya 3 ilə qədər müddətdə azadlıqdan məhrumedilmə ilə cəzalandırılacaqlar.
Burada çox həssas bir məqam var - qanunvericiliyə edilmiş dəyişikliklərin tələblərinə nəzər salsaq görərik ki, Cinayət Məcəlləsinə bir qeyd əlavə olunub: əgər vergi orqanları tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı vergi ödəyicisində saxta aksiz markası yapışdırılmış malların saxlandığı və yaxud satıldığı aşkar olunarsa, lakin vergi ödəyicisi vergi orqanlarına həmin malları kimdən aldığını göstərən ciddi hesabat blanklarını, qaimə-fakturaları təqdim edərsə, o, cinayət məsuliyyətinə cəlb olunmayacaq. Çünki təqdim olunan ciddi hesabat blankları əsasında vergi və aidiyyəti istintaq orqanları həmin malların mənbəyini aşkar edərək, qanunu pozanları cinayət məsuliyyətinə cəlb edə biləcəklər. Bu isə qanunvericilikdə məhz əməli törətmiş şəxsin müəyyən edilməsində, gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasında çox mühüm məqamdır.
Spirtli içkilərin plastik kartlarla satışı üçün Azərbaycanda lazım olan hər bir şərait mövcuddur. Ölkədə 6 milyona yaxın plastik kart, 84 mindən çox POS-terminal var. Alkoqollu içkilərin satışı ilə məşğul olan, lakin POS-terminal quraşdırılmamış ticarət obyektlərinin siyahısı Vergilər Nazirliyindədir və 2016-cı ilin yanvar ayının 1-dək həmin obyektləri təmin etmək üçün ölkədə kifayət qədər POS-terminal ehtiyatı var. Onu da xatırlatmaq yerinə düşər ki, POS-terminalların quraşdırılması pulsuz həyata keçirilir.
İctimai iaşə müəssisələrində, kafe və restoranlarda isə ödənişlərin nağd qaydada aparılması mümkündür, çünki alkoqollu içkilər burada menyuya daxil edilir və qablaşdırılmış şəkildə (şüşələrdə) satılmır.
Mənbə:> Trend