Evini satan vətəndaş dövlətə nə qədər vergi ödəyəcək? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Evini satan vətəndaş dövlətə nə qədər vergi ödəyəcək? – RƏSMİ

Evini satan vətəndaş dövlətə nə qədər vergi ödəyəcək?


Azərbaycanda mənzilin və kommersiya obyektinin satışı zamanı ödəniləcək verginin yeni məbləğləri məlum olub.

AzNews.info “Marja”ya istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Vergilər Məcəlləsinə edilən son əlavə və dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə görə, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər məbləğdən asılı olamayaraq sadələşdirilmiş verginin ödəyicisidir.

Burada fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin hədiyyə, maddi yardım və miras, dövlətin torpağı alması qarşısında verdiyi kompensasiya, əmlak ər və arvad arasında verildikdə və ya keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi halları istisnadır.

Vergi binanin yerləşdiyi ərazidən asili olacaq

Yuxarıda qeyd edilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir. Vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat baza vergi məbləği müəyyən olunub.

Ödəniləcək vergi bu məbləğə (15 manata) zonalar üzrə müəyyən olunmuş əmsalın vurulması ilə hesablanacaqdır. Bina Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, sadələşdirilmiş vergi məbləğinə (15 manata) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq 1,2 – 4 intervalında əmsallar tətbiq olunur. Yəni, əmlakın yerləşdiyi zonadan asılı olaraq 15 manat bu əmsallara vurulacaq.

Vergi notariusda ödəniləcək

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius vergini tutaraq dövlət büdcəsinə ödəməyə borcludur.

Bina tikənlər vergini belə ödəyəcək

Həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. Belə şəxslər dedikdə, özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər başa düşülür. Həmin şəxslər tikinti-quraşdırma işlərinə başladığı andan 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına seçdiyi vergitutma metodu (ƏDV yoxsa sadələşdirilmiş) barədə yazılı formada məlumat təqdim etməlidir.

Bu halda şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Bu vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla müəyyən edilmiş baza məbləğə əmsallar tətbiq edilməklə hesablanır.
Əmsallar aşağıdakılardır

İstər şəxsin mülkiyyətində, istərsə də yeni tikilən olsun, bina Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, sadələşdirilmiş vergi məbləğinə (bina tikənlər üçün 45 manat, öz mülkiyyətində əmlakı olanlar üçün 15 manat) Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalardan (Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərini bir ay müddətində müəyyən ediləcək) asılı olaraq, aşağıdakı əmsallar tətbiq olunur:

Zonalar Bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın faktiki yerləşdiyi) ərazi üzrə əmsal

1 4,0

2 3,0

3,4 2,2

5,6 1,8

7,8,9 1,5

10,11,12 1,2

- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,5;

- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,2;

- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 0,5.”.

Tutaq ki, sizin satacağınız əmlak 2-ci zonada yerləşir. Bu zaman mənzilin 1 kvadratmetri üçün 45 manat vergi ödəməli olacaqsınız (3 x 15=45). Əgər mənzili tikinti şirkəti satırsa, bu zaman hər kvadratmetr üçün 135 manat vergi ödənilməlidir (3x45=135 manat).

Mənzillər bahalaşa bilər?

Əmsallara görə deyə bilərik ki, gələn ilin Yanvar ayından Bakıda zonadan asılı olaraq yeni binalarda mənzillərin 1 kvadratmetrinin qiyməti 54- 180 manat civarında bahalşa bilər. Təkrar bazarda isə mənzillərin hər kvadratmetrinin qiyməti 18-60 manat civarında qalxa bilər. Amma qiymətlərdə artım da olmaya bilər. Çünki, tikinti şirkətləri ƏDV və digər vergilər şəkilində ödənişləri indi də edirlər. Sadəcə verginin ödəniş forması dəyişdirilərək təkmilləşdirilir.
Obyektlərin hər kvadratmetrinə görə 22,5 və 67,5 manat ödəniləcək

Binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi baza məbləğə (tikinti şirkətləri üçün 45 manat, əhali üçün 15 manat) 1,5 əmsal tətbiq edilməklə hesablanır. Yəni, əgər qeyri-yaşayış sahəsini binanı tikən şirkət satırsa, bu zaman obyektin hər kvadratmetrinə görə 67,5 manat, əgər kimsə mülkiyyətində olan öz şəxsi obyektini satırsa 22,5 manat sadələşdirilmiş vergi ödəyəcəkdir.

Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir.

Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxs bu Qanunla müəyyən olunan sadələşdirilmiş vergini ödədiyi zaman bu Qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş ƏDV və sadələşdirilmiş vergi nəzərə alınır.

Mənbə: Marja.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *