Siqaret və spirtli içkilər hansı hallarda kartla alınacaq? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Siqaret və spirtli içkilər hansı hallarda kartla alınacaq?

Siqaret və spirtli içkilər hansı hallarda kartla alınacaq?


Azərbaycan vergilər naziri Fazil Məmmədov AzərTAc-a müsahibə verib.

AzNews.info həmin müsahibəni təqdim edir:

- Cənab nazir, artıq 2015-ci il başa çatmaq üzrədir. Ölkə Prezidentinin Fərmanı ilə 2016-cı ilin iqtisadi inkişaf proqnozları və büdcəsi də artıq təsdiq edilib. Vergi orqanları qarşısında qoyulmuş vəzifələrin icrası ilə bağlı nə deyə bilərsiniz?

- 2015-ci il də əvvəlki illər kimi ölkə iqtisadiyyatının uğurlu inkişafı ilə yadda qalacaq. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etdiyi kimi, həm Avropada, həm də bölgədə iqtisadi, hərbi, siyasi böhran yaşandığı bir şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Doqquz ayda Azərbaycan iqtisadiyyatı bütövlükdə 3,8 faiz, qeyri-neft iqtisadiyyatımız isə 6 faizdən çox artıb. Əhalinin pul gəlirləri 5,8 faiz artıb, inflyasiya kifayət qədər aşağı – 3,7 faiz səviyyəsindədir. Büdcə xərclərinin məlum səbəbdən azalmasına baxmayaraq, sosial infrastrukturun yaradılmasına lazım olan qədər vəsait ayrılması bir daha göstərir ki, dövlətimizin siyasətinin mərkəzində həmişəki kimi, yenə də Azərbaycan vətəndaşı dayanır və bu gələcəkdə də belə olacaq.

Təbiidir ki, neft gəlirlərinin azalması Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarına da müəyyən qədər təsir göstərib. Lakin Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qeyri-neft sektorunun inkişafı ilə bağlı vaxtında gördüyü tədbirlər nəticəsində iqtisadiyyatımızın qeyri-neft sektorunun yüksək sürətlə inkişaf etməsi bu mənfi təsirin aradan qaldırılmasına imkan verib və cari ilin ötən 11 ayı ərzində vergi daxilolmaları üzrə büdcə proqnozlarına artıqlaması ilə əməl olunub.

Vergi orqanlarında ölkə başçısının göstərişlərinə uyğun olaraq həyata keçirilən islahatlar uğurla davam etdirilir. Bu gün Vergilər Nazirliyinin fəaliyyəti əsasən elektronlaşdırılmış, ölkə vətəndaşlarına ən çox sayda elektron xidmətlər göstərən bir dövlət qurumudur.

Mütərəqqi vergi sisteminin formalaşdırılmasında biz beynəlxalq təcrübənin öyrənilməsinə, vergi inzibatçılığı sahəsində dünyada mövcud olan yeni innovativ layihələrin ölkəmizə gətirilməsi və uğurla tətbiq edilməsinə böyük önəm verir, dünyada vergi sahəsində aparıcı və nüfuzlu beynəlxalq təşkilatların hamısı ilə sıx əməkdaşlıq edirik.

Dünya Bankının beynəlxalq iqtisadiyyatın müxtəlif sahələri və biznes mühitinin əlverişliyi üzrə qiymətləndirməsini özündə əks etdirən “Doing business 2016” hesabatı, eləcə də Dünya Bankı ilə PWC şirkətinin tərtib etdiyi “Paying taxes 2016” hesabatı ölkəmizin milli vergi sistemini biznesin aparılması nöqteyi nəzərindən yüksək dəyərləndirir. Azərbaycan bu hesabatlarda “Vergilərin ödənişi” meyarı üzrə dünyanın 189 iqtisadiyyatı arasında 34-cü yerdədir. Vergi inzibatçılığı sahəsində aparılan islahatlar, eləcə də vergi yükünün digər ölkələrlə müqayisədə xeyli az olması səbəbindən Azərbaycanın vergi sistemi vergilərin ödənilməsinin asanlığına görə bir çox inkişaf etmiş ölkələrin göstəricilərini belə qabaqlayır. Dünya Bankı ölkəmizdə biznesə başlama imkanlarını dünya ölkələri sırasında 7-ci yerdə dəyərləndirib. Bunlar çox mühüm göstəricilərdir və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın vergi sisteminin inkişaf səviyyəsinə verilən qiymətdir.

Lakin bunlar bizi qətiyyən qane etmir, çünki dövlət başçısı tərəfindən bizim qarşımızda büdcənin cari xərclərinin əsasən vergi orqanlarının və qismən də gömrük orqanlarının xətti ilə daxilolmalar hesabına formalaşdırılması kimi məsul bir vəzifə qoyulub. Cənab Prezidentin tələbi budur ki, vergi orqanları daha şəffaf və səmərəli işləməli, büdcəyə daha çox vəsait toplamalıdırlar. Bunun üçün bütün imkanlar, ehtiyatlar səfərbər olunmalı, vergi bazası genişləndirilməlidir. Sahibkarlar da ölkə başçısının vurğuladığı kimi, vergiləri verməlidirlər, dövlətin vergisini hər kəs, hər bir sahibkar tam şəkildə ödəməlidir. Bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalı, biznes mühitinin daha da yaxşılaşdırılması üçün tədbirlər görülməlidir. Biz Maliyyə Nazirliyi ilə birlikdə, Nazirlər Kabinetinin və Prezident Administrasiyasının yaxından köməyi ilə qarşımızda duran bu vəzifələrin yerinə yetirilməsi üçün lazım olan bütün tədbirləri həyata keçirməyə çalışırıq.

- Prezident İlham Əliyevin Fərmanı ilə Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanunvericilik sənədləri artıq təsdiq edilib. Məcəlləyə edilmiş əsas dəyişikliklər nədən ibarətdir və bu dəyişikliklər hansı zərurətdən irəli gəlir?

- Məlumdur ki, ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsi və bu inkişafın stimullaşdırılması üçün büdcə-vergi mexanizmlərindən fəal istifadə olunur.

Ölkə başçısının vurğuladığı kimi, indi Azərbaycan iqtisadiyyatı yeni situasiyada inkişaf edir. Vergi orqanları üçün bu situasiyanın xüsusiyyətlərindən biri də odur ki, neft gəlirlərinin azalması ilə büdcəyə vergi daxilolmalarının da azalmasına baxmayaraq, büdcəmizin sosial yönümlüyünün saxlanılması, nisbətən aztəminatlı təbəqələrə, kiçik və orta sahibkarlara göstərilən dövlət dəstəyinin artırılması, ümumi biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər büdcəyə vergi daxilolmalarının artırılmasını tələb edir. Ona görə də vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün Vergilər Nazirliyi tərəfindən ciddi vergi-büdcə təhlilləri aparılıb, müvafiq dövlət qurumları ilə razılaşdırmaqla Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə konkret təkliflər verilib. Bu dəyişikliklər Milli Məclisdə geniş müzakirə olunaraq, 2015-ci ilin dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilib.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət edir. Dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqi də bu gün qarşımızda duran əsas vəzifələrdəndir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər sırasında ilk olaraq, fiziki şəxslərin əmək haqlarına verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsini göstərmək istərdim. Bilirsiniz ki, dövlət başçısının apardığı sosial-iqtisadi siyasətə uyğun olaraq hər il ölkə üzrə yaşayış minimumu və əmək haqları davamlı olaraq artırılır. Vergi qanunvericiliyində buna qədər qüvvədə olan güzəştlərin tətbiqi mexanizmi elə idi ki, aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticə olaraq həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olurdu. Nəticə etibarilə muzdlu işçi həmin artımdan bəhrələnmirdi. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən əsas iş yerində aylıq gəliri 2500 manatadək və illik gəliri 30.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisindən vergi güzəştinin tətbiqi nəzərdə tutulur və nəticə etibarilə bundan sonra işçi əməkhaqqı artımından tam bəhrələnəcəkdir.

Sözügedən dəyişiklik ölkədə həyata keçirilən sosial siyasətə uyğun olaraq əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək və əmək haqlarının leqallaşmasını təşviq edəcək. Bu vergi güzəştindən həm dövlət sektorunda, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalana biləcək.

Dəyişikliklərin mühüm bir qismi sadələşdirilmiş vergi ilə bağlıdır. Xüsusilə qeyd etmək istərdim ki, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan 200.000 manatadək artırılıb. Məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200.000 manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcək ki, bu da vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı, həmin vergi ödəyicilərinin vergi yükünün azaldılmasını təmin edəcək.

Digər mühüm məsələ, ticarət və ictimai iaşə sektorunun vergiyə cəlb edilməsindəki dəyişikliklərlə əlaqədardır. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir. Yəni, satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda belə, məhz bu iki sahədə çalışan vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola biləcəklər. Yalnız bu halda, yəni ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda, əldə edilən ümumi hasilatın həcmindən ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tətbiq ediləcək. Satış dövriyyəsi 200.000 manatdan aşağı olan bütün digər sahibkarlıq subyektləri, o cümlədən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri isə yenə də əvvəlki qaydada, yəni Bakı şəhərində vergilərini 4 faiz, digər regionlarda isə 2 faiz dərəcə ilə ödəyəcəklər.

Ticarət dövriyyəsi 200.000 manatdan artıq olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyə də bilərlər. Vergi Məcəlləsi onlara bu seçim hüququnu verir. Bu halda həmin şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınaraq ƏDV, ilin yekunlarına əsasən mənfəət (gəlir) və əmlak vergilərini (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödəməlidirlər.

Fürsətdən istifadə edərək, bir mühüm məsələyə toxunmaq istərdim. Son zamanlar Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı kütləvi informasiya vasitələrində bəzi yanlış şərhlərin verildiyi, ticarət və ictimai iaşə sektorunda vergi yükünün artırılması ilə bağlı müəyyən fikirlərin yer aldığı müşahidə olunur. Mən qətiyyətlə bildirirəm ki, bu tamamilə yanlış məlumatlardır və ola bilsin ki, insanları bilərəkdən çaşdırmaq məqsədi daşıyır. Sözügedən dəyişiklik vergi inzibatçılığını sadələşdirməklə yanaşı, adıçəkilən vergi ödəyicilərinin vergi yükünün əhəmiyyətli şəkildə azaldılması, eyni zamanda ticarət dövriyyələrinin şəffaflaşması və vergitutma bazasının genişlənməsi ilə nəticələnəcək.

- Fazil müəllim, vətəndaşların marağına səbəb olan mühüm dəyişikliklərdən biri də daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi mexanizminin yenilənməsidir. Bu sahədə aparılmış dəyişikliklər nədən ibarətdir?

- Daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi mexanizmi indi daha da sadələşdirilib və bu sahədə də vergi yükü əhəmiyyətli şəkildə azaldılıb.

Vergi Məcəlləsinin dəyişiklikdən əvvəl qüvvədə olan müddəalarına əsasən, mənzillərin və digər daşınmaz əmlakların təqdim edilməsindən sadə dildə desək, satılmasından əldə olunan gəlirlər təqdim edən şəxs tərəfindən vergi orqanlarına müvafiq bəyannamə təqdim olunmaqla vergiyə cəlb edilirdi. Bir çox hallarda təqdim edilən belə daşınmaz əmlakların alınmasına, tikintisinə, təmirinə çəkilən xərcləri təsdiq edən sənədlərin olmaması, bu əməliyyatlardan əldə edilən gəlirlərin vergiyə cəlb edilməsində çətinliklər və narazılıqlar yaradırdı.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə, daşınmaz əmlakın təqdim edilməsi (satılması) üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, 1 bank günü ərzində dövlət büdcəsinə ödənilməsi və aylıq bəyannamənin vergi orqanına təqdim edilməsi nəzərdə tutulur. Nəticədə daşınmaz əmlakın təqdim olunmasından gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi zərurəti aradan qalxır.

Bir vacib məsələni də xüsusi vurğulamaq istəyirəm ki, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində nəzərdə tutulan ailə üzvləri tərəfindən verilməsi, daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması, əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi ödəmə mənbəyində vergidən azad edilir.

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər hər kvadratmetr sahəyə görə 15 manat ödəyəcəklər. Yəni, şəxslər yaşayış və qeyri-yaşayış sahələrini satdıqda və ya bağışladıqda vergi ödəməli olacaqlar.

Vergi yaşayış və qeyri-yaşayış sahəsinin ümumi sahəsindən tutulacaq və bu zaman hesablanmış məbləğə Vergi Məcəlləsində təsbit edilmiş zona əmsalları tətbiq olunacaq.

- Tikinti sektoru ölkə iqtisadiyyatının inkişaf edən mühüm sahələrindən biridir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsi inşaat sektorunda çalışan vergi ödəyicilərinə nə verəcək?

- Vergi Məcəlləsinə edilmiş dəyişikliklər tikinti sektorunun fəaliyyətinin canlandırılmasına və bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin vergi yükünün azaldılmasına hesablanıb. İlk növbədə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq və yaxud bu hüquqdan imtina etməklə ƏDV-nin, mənfəət (gəlir) vergisinin, əmlak vergisinin ödəyicisi olmaq hüququ verilib.

Vergi Məcəlləsinin dəyişiklikdən əvvəl qüvvədə olan müddəalarına əsasən, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər eyni zamanda həm sadələşdirilmiş verginin, həm də ƏDV-nin ödəyiciləri hesab olunurdular. Həmin şəxslər təməl işlərinə başladıqda, tikilən binanın layihə üzrə sahəsinin hər kvadratmetri üçün 10 manat məbləğinə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş zona əmsalları tətbiq edilməklə sadələşdirilmiş vergini hesablayır və müvafiq bəyannaməni vergi orqanlarına təqdim edirdilər. Təməl işlərinə başlanılmış binanın tikilib-tikilməməsindən asılı olmayaraq hesablanmış sadələşdirilmiş vergi bərabər hissələrlə 8 rüb ərzində büdcəyə ödənilirdi.

Bununla yanaşı, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 225 manat məbləğinə yenə də ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə təsdiq edilmiş əmsallar tətbiq edilməklə ƏDV tutulan minimum dövriyyə müəyyən edilərək həmin sahələrin təqdim edildiyi ayda ƏDV hesablanaraq büdcəyə ödənilirdi.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etdikləri halda, tikinti-quraşdırma işlərinə başlandığı rübdə tikilən binanın sahəsinin hər kvadratmetri üçün 45 manata Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsallarını tətbiq etməklə sadələşdirilmiş vergi hesablanmalı və hesablanmış vergi bərabər hissələrlə 10 rüb ərzində dövlət büdcəsinə ödənilməlidir. Bu halda hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə ƏDV-nin və gəlir vergisinin ödənilməsindən azad edilirlər.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda, onlar tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmə dəyərindən ƏDV, təqdim etmədən əldə edilən gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərqdən yaranan mənfəətdən mənfəət (gəlir) vergisi və həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisi (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödənilməlidir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə vergitutma metodu üzrə seçim hüququnun verilməsi onlar tərəfindən sahibkarlıq fəaliyyətində maliyyə resurslarından daha səmərəli istifadə edilməsinə və tikinti sektorunun inkişafına şərait yaradacaq.

- Məcəlləyə edilən dəyişikliklərdən biri də idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsi ilə bağlıdır. Çıxışlarınızın birində Azərbaycanda idman mərc oyunları bazarının illik dövriyyəsinin təqribən 300 milyon manat olduğunu qeyd etmişdiniz. Yeni qaydalar büdcədə artıma səbəb olacaqmı?

- Müasir dünyada dövlətlər büdcələrini formalaşdıran zaman ölkənin potensialının səmərəli istifadə olunmasına çalışırlar. Bu baxımdan leqal mərc oyunları dünya təcrübəsində büdcəyə gəlir gətirən əsas sahələrdən biridir. Azərbaycanda da bütün dünyada olduğu kimi idman mərc oyunları keçirilir. Məlum olduğu kimi, idman mərc oyunlarından əldə edilən uduşlar 2013-cü ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin gəlir vergisindən azad edilib.

Qeyd olunan vergi güzəştinin tətbiqi ötən 3 il ərzində ölkədə keçirilən idman mərc oyunlarının inkişafını stimullaşdırılmasına, oyunların əhatə dairəsinin genişlənməsinə və bu sahədən əldə edilən gəlirlərin artmasına səbəb olub. İdman mərc oyunları dövlət büdcəsi üçün potensial gəlir mənbələrindən biridir və bütün bunlar həmin sahədən əldə edilən uduşların vergiyə cəlb olunmasını zəruri edir. Bu məqsədlə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsini nəzərdə tutan müddəalar daxil edilib. Bu sahədən əldə edilən gəlirlərin vergiyə cəlb olunması qeyri-neft sektorundan büdcə daxilolmalarının artmasına səbəb olacaq.

- Vergi Məcəlləsindəki hansı digər mühüm dəyişiklikləri qeyd edərdiniz?

- Qeyd etdiyim kimi, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan 200.000 manatadək artırılıb. Bundan başqa, ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcmi 60.000 manatdan 100.000 manatadək artırılıb. Bu dəyişikliklər, ƏDV qeydiyyatında olan şəxslərə sadələşdirilmiş vergitutma metodunu tətbiq etmələrinə şərait yaradır və vergi ödəyicilərinin vergi yükünün azaldılmasını təmin edir.

Bundan başqa, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə, prioritet sahələr üzrə idxalda ƏDV-dən azadolmaların siyahısı Vergi Məcəlləsinə daxil edilib. Bu isə o deməkdir ki, həmin siyahıda dəyişiklik yalnız Milli Məclisdə müzakirə olunduqdan və cənab Prezident tərəfindən imzalandıqdan sonra mümkün olacaq.

Hüquqi şəxslərin əmlak vergisi sahəsində bəzi dəyişikliklər var. Son illər ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsində də əldə edilmiş nailiyyətlər sırasında “Azerspace” telekommunikasiya peykinin uğurla orbitə çıxarılmasının xüsusi yeri var. Dünya peyk xidmətləri bazarında yüksək rəqabət mühiti mövcuddur ki, burada “Azərkosmos” ASC kimi yeni bazar iştirakçılarına rəqabətə davamlı fəaliyyət göstərmək üçün müəyyən vaxt tələb olunur. Bu səbəbdən bir çox ölkələrdə kosmik sənaye sahəsində çalışan şirkətlərin rəqabət qabiliyyətini artırmaq üçün onlara vergi və gömrük güzəştləri tətbiq edilir. Bu addımların arasında kosmik əmlakın əmlak vergisindən azad edilməsi ilə bağlı güzəştlər xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, peyklər və digər kosmik obyektlər əmlak vergisindən azad edilib.

Yeniliklərdən biri də mədən vergisi ilə bağlıdır. Vergi Məcəlləsi qüvvəyə mindiyi tarixdən etibarən mədən vergisinin dərəcələrində dəyişikliklər edilməyib. Ölkədə aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində tikinti və sənaye sektorunun inkişafı qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisinin dərəcələrinə yenidən baxılmasını zəruri edirdi. Bu baxımdan qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisinin dərəcələri optimallaşdırılıb. Bu dəyişiklik dövlət və bələdiyyə büdcələrinə daxilolmaların artmasına müsbət təsir göstərəcək. Xüsusilə bələdiyyə büdcələrinə artımlar gözlənilir. Çünki bir sıra qeyri-filiz təyinatlı mədən məhsulları bələdiyyə mülkiyyətinə aid edilib.

-Aksiz markası ilə markalanmalı olan malların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı qəbul edilmiş qərarlar geniş rezonans doğurub. Bu dəyişikliklər hansı zərurətdən irəli gəlib? Bu barədə bir qədər məlumat verməyinizi istərdik...

- Ölkə ərazisində aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi hər bir ölkədə dövlətin xüsusi nəzarətində olur və həmin malların alqı-satqısı zamanı hesablaşmaların nağdsız qaydada aparılması zamanın tələbidir. Bununla əlaqədar, belə malların dövriyyəsinin tənzimlənməsi qaydalarının müəyyən edilməsi və həmin qaydaların tələblərini pozan şəxslərin İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşımaları barədə müddəalar Vergi Məcəlləsinə daxil edilib.

İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, dəyəri 50 manata kimi olan aksizli malların nağd qaydada satılması inzibati xəta kimi müəyyən edilib. Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, dəyəri 50 manatdan 1000 manatadək olan aksizli malların nağd qaydada satışı, habelə külli miqdarda (1000 manatdan yuxarı) satışı, belə malların satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alınması cinayət məsuliyyəti yaradır. Qeyd edək ki, tütün məmulatlarının topdan satışı da bu qanunun əhatə dairəsinə düşür.

Dəyişikliklərə əsasən, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan malları saxta aksiz markaları ilə markalama, (fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla) saxta aksiz markaları ilə markalanmış malları əldə etmə, saxlama və ya satma cinayət əməli kimi müəyyən edilib.

Qeyd edim ki, ölkədə aksizli malların plastik kartlarla satışı üçün ölkə ərazisində yerləşən ticarət obyektlərində lazımi potensial mövcuddur. Vergi ödəyicilərinə məxsus təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, onlardan istifadə olunmasının nəzarətdə saxlanılması, əhali ilə hesablaşmalar sahəsində qanunvericiliyə əməl olunması işləri daim diqqətdə saxlanılır. Ölkə ərazisində hazırda 84 min pos-terminal quraşdırılıb ki, bunun da 62 faizi Bakı şəhərinin payına düşür. Son illər ərzində Azərbaycanda elektron ödəniş sistemlərinin yaradılması istiqamətində aparılan islahatlar nəticəsində beynəlxalq standartlara cavab verən ödəniş sistemi infrastrukturu yaradılıb. Hazırda əhalinin bütün təbəqələri plastik kartlardan istifadə edir. Ölkədə 6 milyona yaxın şəxsin plastik kartı var ki, bu da bizə alkoqollu içkilərin nağdsız qaydada satışını həyata keçirməyə tam imkan verir. Aksizli malların nağdsız qaydada satışı bütövlükdə bu sahədə uçotun şəffaflaşdırılmasına və nağdsız ödənişlərin stimullaşdırılmasına da müsbət təsir göstərməlidir.

- Vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının artırılması da nəzərdə tutulur. Bu barədə nə deyə bilərdiniz?

- Nağd pul əməliyyatlarının aparılması qaydalarının pozulmasına görə maliyyə sanksiyaları bütün sahibkarlıq subyektləri üçün artırılmayıb. Qeyd etdiyimiz kimi, dövriyyəsi 200.000 manatdan artıq olan və ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edə bilərlər. Bu halda, onlar ƏDV ödəyicisi kimi qeydiyyata alınmırlar və beləliklə də, hüquqi şəxslər ƏDV, mənfəət və əmlak vergisi, fiziki şəxslər isə ƏDV və gəlir vergisinin ödənilməsindən azad edilirlər.

Dövlətin bu məsələdə sahibkarlara güzəştə getməsinin əsas məqsədi ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövriyyələri 200.000 manatı aşdığı təqdirdə belə, əldə etdikləri gəlirlər üzrə vergi uçotunun sadələşdirilmiş qaydada aparılmasına və dövriyyələrin şəffaflaşdırılmasına nail olmaqdan ibarətdir.

Bu halda nağd pul əməliyyatlarının aparılması qaydalarının pozulmasına görə sərt maliyyə sanksiyaları yalnız satış dövriyyəsi 200.000 manatdan artıq olan və sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edən şəxslərə şamil ediləcək.

Yeni qaydalara görə, təqvim ili ərzində vergi hüquqpozmalarına birinci dəfə yol verən belə şəxslərə 2000 manat, ikinci dəfə 4000 manat, üç və daha çox hallarda yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Ticarət və ictimai iaşə sektorlarında çalışan və dövriyyəsi 200.000 manatadək olan sadələşdirilmiş vergi ödəyiciləri və dövriyyəsi 200.000 manatdan artıq olan, lakin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməyən şəxslərə, vergi hüquqpozmalarına yol verdikləri təqdirdə, yenə əvvəlki kimi 400, 800 və 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

Maliyyə sanksiyalarının artırılması vergi ödəyicilərinin məsuliyyətinin artırılması istiqamətində atılmış addımdır. Burada məqsəd sahibkarı cərimələmək yox, vergidən yayınmanın qarşısını almaq, dövriyyəni artırmaq və uçot sistemini daha da təkmilləşdirmək, vergilərin dövlət büdcəsinə tam həcmdə ödənilməsini təmin etməkdən ibarətdir.

-Qanunvericiliyə edilmiş dəyişikliklərlə vergi borcları olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi orqanlarına səlahiyyətlər verilib. Bunun səbəbi nədir?

- Vergi borclarının alınması mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə bu il qəbul edilmiş dəyişikliklərdə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi üsulu kimi vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilib.

Miqrasiya Məcəlləsində edilən dəyişikliklərə əsasən, istər Azərbaycan Respublikasının vətəndaşının, istərsə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vergi borcu olduğu halda, vergi orqanlarının müraciətlərinə əsasən məhkəmə qərarı ilə onların ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılır.

Bununla yanaşı, qeyd olunan məsələ ilə əlaqədar məhkəmələrdə vergi orqanlarının müraciətlərinə baxılması qaydasını və mexanizmini tənzimləmək məqsədi ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində də müvafiq dəyişikliklər edilib.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa hazırda əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Bu Qanuna edilmiş dəyişikliyə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məhkəmə qərarları əsasında verilmiş icra sənədləri ilə yanaşı, həm də vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri əsasında da həyata keçirilə bilər.

Onu da nəzərə almaq lazımdır ki, yeni qaydalara görə əvvəl olduğu kimi yalnız fiziki şəxslərin deyil, eləcə də hüquqi şəxslərin icra orqanının rəhbərinin də ölkədən getmək hüququ məhdudlaşdırıla bilər. Hazırda vergi borcuna görə 160-a yaxın fiziki şəxsin ölkədən getmə hüququna məhdudiyyət qoyulub və gələcəkdə intizamsız vergi ödəyicilərinə qarşı belə tədbirlərin daha geniş tətbiq ediləcəyi istisna deyil.

Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur və hamı öz borcunu yerinə yetirərsə, bu kimi tədbirlərə də ehtiyac qalmayacaq.

Qanunla müəyyən olunmuş vergilərin dövlət büdcəsinə vaxtında və tam həcmdə daxil olmasına məsul olan vergi orqanları bundan sonra da vergi intizamının möhkəmləndirilməsi, vergidən yayınma hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcək, ölkəmizdə əlverişli biznes mühitinin formalaşması, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı Prezident İlham Əliyevin verdiyi göstərişlərin həyata keçirilməsini təmin edəcəklər.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *