ABŞ Türkiyə ilə razılaşdı: 30 minlik ordu yeridilir – FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Amerikalı həmkarı Obama arasında Suriyada quru əməliyyatlarının keçirilməsi barədə razılıq əldə olunub.
Publika.az xəbər verir ki, bu bardə “Voll Strit Jurnal” qəzeti məlumat yayıb. Məlumata görə, Paris hücumlarından sonra Avropada yenidən bu cür hadisələrin yaşanmaması üçün Türkiyəyə təzyiqlər artıb. Qərb ölkələri İŞİD üzvlərinin Avropaya sızmasının qarşısını almaq üçün Türkiyədən Cerablus-Çobanbey bölgəsinə nəzarəti artırmağı tələb ediblər. Bu məsələ G20 samittində Ərdoğan və Obama arasında da müzakirə olunaraq əraziyə 30 minlik ordunun yeridilməsi haqqında təklif irəli sürülüb. Təklifi müsbət qarşılayan Türkiyə Prezidenti Ərdoğan bölgənin İŞİD-dən təmizlənməsi üçün əməliyyatlarda türkman və ərəb birliklərinin də iştirakını, havadan isə koalisiya təyyarələrinin dəstək verməsini istəyib.
Eyni zamanda, Ərdoğan PKK-nın Suriya qolu olan YPG-nin Fıratın qərbinə keçməməsi üçün bu əməliyyatlarda iştirak etməməsini tələb edib.
Qəzet Qərb kəşfiyyatına istinadən yazır ki, Paris hücumunu həyata keçirən qrupdan bir neçə adamın məhz bu bölgədən Türkiyəyə, oradan da Avropaya keçdiyi təsdiqlənib.
“Biz zatən Kilis ilə Cerablus (Kobani) arasından IŞİD-in təmizlənməsində israrlıyıq. Bunun üçün kimsənin tələbinə ehtiyacımız yoxdur. Ancaq etibarlı bir bölgə yaradıldıqdan sonra sərhədlər bağlanacaq”, - Türkiyə rəsmiləri bəyan edib.
“Voll Street Jurnal”ın yazdığına görə, Türkiyə hökuməti ABŞ-ın verdiyi sözü tutacağı təqdirdə sərhədi bağlamağa razılaşıb.
Mənbə:> Publika.az