İlham Əliyev: ATƏT-in İnsan Haqları Bürosu öz mandatını kobud şəkildə pozub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Malta parlamentinin spikeri Anqlu Farucanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Malta parlamentinin spikeri Anqlu Farucanın ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi.
Spiker Anqlu Faruca Malta ilə Azərbaycan arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu və əlaqələrimizin gücləndirilməsinin zəruriliyini vurğuladı. Anqlu Faruca Azərbaycana səfərlərini, həmçinin 4 il bundan əvvəlki ATƏT və Avropa Şurasından olan nümayəndə heyətinin tərkibində Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırladı.
Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif səviyyələrdə çox fəal təmasların olduğunu vurğulayaraq Malta Baş nazirinin ölkəmizə səfərləri zamanı onunla səmərəli müzakirələrin aparıldığını dedi. Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev Azərbaycan və Maltanın həyata keçirdikləri müxtəlif layihələrin önəmini qeyd etdi. Ölkələrimiz arasında çox yaxın və dost münasibətlərin olduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın Malta ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək istəyində olduğunu dedi.
Azərbaycanda keçirilən parlament seçkilərinə toxunan Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərildiyini, lakin həmin qurumun bu məsələni ATƏT Parlament Assambleyasının daimi komitəsində müzakirəyə çıxarmadan və ATƏT-in baş katibini məlumatlandırmadan öz mandatını kobud şəkildə pozaraq parlament seçkilərini müşahidə etməmək barədə qərar qəbul etdikləri bildirdi.
Mənbə:> AzərTAc