İlham Əliyev görüşlər keçirdi
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvilini qəbul edib.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili ilk rəsmi səfərini məhz Azərbaycana etməsindən məmnunluğunu bildirdi.
İkitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən Giorgi Kvirikaşvili əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı.
Dövlətimizin başçısı Gürcüstanın xarici işlər naziri vəzifəsində Giorgi Kvirikaşvilinin ilk xarici səfərini Azərbaycana etməsini ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirdi.
Azərbaycan-Gürcüstan əməkdaşlığının siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə fəal şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayan Prezident İlham Əliyev bu əməkdaşlığın bizi birləşdirən irimiqyaslı nəqliyyat, energetika və iqtisadi layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətini qeyd etdi.
Görüşdə birgə regional layihələrin, o cümlədən “Cənub” qaz dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin beynəlxalq əhəmiyyətindən danışıldı, bu layihələrin icrası ilə bağlı koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Daha sonra Prezident İlham Əliyev Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib.
Azərbaycan Respublikası ilə Kosta-Rika Respublikası arasında çox yaxşı siyasi əlaqələrin mövcud olduğunu deyən Prezident İlham Əliyev nazir Manuel Qonzales Sanzın ölkəmizə səfərini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi.
İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın ikitərəfli münasibətləri genişləndirməkdə maraqlı olduğunu vurğuladı, əlaqələrimizin gələcəkdə müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, enerji, sərmayə qoyuluşu, ticarət, mədəniyyət və digər sahələrdə genişləndirilməsinin vacibliyini qeyd etdi.
Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz indiyədək Azərbaycana Kosta-Rikadan ən yüksək səviyyəli dövlət nümayəndəsi kimi səfər etməsindən məmnunluğunu bildirdi.
O, Bakıda gördüyü sürətli inkişaf proseslərinin, paytaxtımızda həyata keçirilən abadlıq və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını dedi.
Nazir öz növbəsində ölkəsinin Azərbaycan ilə əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi.
Mənbə:> Oxu.Az